… SONUNCUDAN ƏVVƏLKİ – Əbülfət MƏDƏTOĞLU yazır

2303

Bu fəsli yaşayıram(mı?!)

… Elə bil ki, heç bu dünyada deyiləm… Elə bil ki, baş verənlərin mənə iynə ucu boyda da olsa dəxli yoxdu… Elə bil ki, hər şey yuxudu, özü də şəlalə qoxulu, muğam ahəngli yuxu… Elə bil ki, bu yuxu həm də yüyrükdü, içində yellənirəm… içində özüm-özümü musiqiyə uyğun gəlməyən səsimlə həzin laylay çalıram… Elə bil ki, mən bir ilğımam, görürsən, amma toxuna bilmirsən… Və…

Bəli, mən bu “elə belə”ni sözgəlişi, yazıma giriş üçün yazmıram. Bunu ona görə yazıram ki, son bir həftədə yazı masamın üstündə, gözümün üstündə olan bir kitabı tələsmədən, söz-söz, yaşaya-yaşaya, duya-duya öncə gözümün yaddaşına köçürdüm, sonra ağlımın, düşüncəmin. Doğrusunu deyim ki, bu kitabda oxuduqlarımın demək olar ki, hamısını dövrü mətbuatda izləmişdim. Amma indiki qədər mənə təsiri olmamışdı. Görünür, hardasa son bir neçə ayda yaşadığımız tapıntılar, özümüzdə qalmağımız hamı kimi məndə də müəyyən dəyişikliklər yaradıb. Yəni silkələyib içimi də, ruhuma da, düşüncəmi də. Ona görə də artıq oxuduğum bu kitaba bugünkü məntiqimlə, bügünkü yaşam bucağım altında baxmağa və onu içimdən, xüsusilə ruhumun süzgəcindən keçirməyə çalışmışam. Və birmənalı şəkildə demək istəyirəm ki, bu kitabın məndə yaratdığı assosiasiya, bu kitabın yaddaşımda yaratdığı əks-səda məni çox uzaqlara apardı, özü də lap çox uzaqlara. Mən belə bir uzaqlığın səfərinə Kamal Abdullanın “Mənim Füzulim” kitabını oxuyanda çıxmışdım. O kitab məni Füzuli ayağına aparmışdı. Bu kitab isə məni bir az da o yana, Qorqud ayağına apardı. Mən əlimi ürəyimin üstünə qoyub birmənalı şəkildə Allah qarşısında deyə bilərəm ki, yazdığım fikir yazmaq üçün yox, xoş gəlmək üçün yox, sadəcə, kitabdan aldığım, duyduğum, alıb, duyub yaşadığım gerçəkliyin özünüifadə etmək üçündür. Ona görə də barəsində havalı bir şəkildə düşündüyüm bu kitabın ön sözünün müəllifi akademik İsa Həbibbəylidən min dəfə üzr istəyirəm. Çünki mən kitabı öncə son fəsildən bir neçə vərəq oxuyandan sonra onun əvvəlinə qayıtdım. Və “Ön söz”ü oxumadım, istəmədim təsirə düşüm, harasa yönəlim. Sadəcə, istədim ki, “Sonuncu FƏSİL” kitabını heç bir təsir, heç bir ovqat aurasında yox, məhz müəllifin öz fikirlərinin, duyğularının, düşüncələrinin, çəkdiyi mənzərənin, yonduğu sözlərin, yaratdığı heykəlin fonunda toxuyum. Və belə də etdim. Oxuduqca da əlimdəki vərəqdə səhifələrlə bağlı işarələr sıraladım. Çünki mən təptəzə, necə deyərlər, çiçəyi burnunda görünən sözləri dərhal həzm edə bilmirdim, onu təkrar oxumağa ehtiyac duyurdum. Və beləcə, bir də onda gördüm ki, az qala elə kitabın səhifələri sayda işarələr düzülüb qarşımdakı vərəqə. İndi bu yazını bilgisayara diqtə edəndə bilmirəm, neçənci dəfədi ki, o işarələrə diqqət yetirirəm və sanki özüm-özümə deyirəm:

– “Vidalaşanda deyilən sözlər uzun ömürlü olur, unudlmur”…

Bəli, yadıma düşür vidalaşdıqlarım – könüllü və könülsüz. Məndən asılı olan və olmayan səbəbdən ayrıldıqlarım… Onların səsi, son sözü indi də qulaqlarımda səslənir. Elə bil ki, indicə deyildi o sözlər və mən elə indicə eşidirəm o səsi, o sözü. Ardınca yenə həmin mənzərə, yenə həmin baxışlar, həmin əsəb, həmin gərginlik və yenə bütün bunları özündə ifadə edən fikir:

– “Ən yaxın və ən isti münasibətlərdə belə qızışıb çox dərinə getmə, bunun geriyə qayıtmağı da olacaq bir gün”…

Hə, doğrudan da belədi. Əsib-coşur, bəzən bütün körpüləri yandırırıq, bütün budaqları kəsirik və geri qayıdanda özümüz kəsdiyimiz kəndiri axtarıb calaq vermək istəyirik… Amma həyat calaq götürmür axı?! Belə bir məqama heç yerdə rast gəlməmişəm, görməmişəm ki, calaqlanan həyat olsun və o nəyisə ehtiva edə bilsin. Elə bu yerdəcə əlimlə ürəyimi sıxıram. Bəlkə də ürəyimin nə boyda ağrıdığını üz-gözümdən duya bilərsiniz. Amma o ağrının dərəcəsini, ölçüsünü, çəkisini təxmin etmək qabiliyyəti Allahdan başqa kimsəyə məxsus deyil. Amma onu ifadə edən var:

– “Ürəyin ağrısını dil bilər”…

Bəli, gördünüzmü, nə gözəl ifadə olunub. Sadə, sadə olduğu qədər də hamının bilib, amma ifadə edə bilməyəcəyi tamam yeni bir fikir, yeni bir çalar. Şəxsən mən indi əlimlə sıxdığım ürəyimin ağrısının nə boyda olduğunu ət parçası sayılan dilimlə sənə və hamıya çatdıra bilərəm. Çünki indi deyəcəyim fikri də, indi ifadə olunacaq gerçəkliyi də mənə dil deyir. Amma anamın dili:

– “Anam deyərdi ki, kəsiyin çörəyini kəsməzlər, bala…”

Kim necə düşünür düşünsün, özü bilsin, bir də Allahı. Amma mən bu 60 yaşımda o qədər kəsik çörəyini kəsənlər gördüm ki… o qədər bu durumun, bu insafsızlığın, hətta bu allahsızlığın acısını çəkdim ki… Elə indi də həmin ovqatın bir sancağı ürəyimin üstündədi. Yaşadır o ağrıları mənə. Lakin mən az-çox sözə meylli olan birisi həmin hissi anam dediyi kimi ifadə edə bilməmişəm. Doğrudan da anam bir dərya imiş. Özü də bütün anaların özəllikləri olmasına baxmayaraq, onların övlada baxışı, yanımı, oxşaması həmişə üst-üstə düşür. Bu bir Allah vergisidi analar üçün. Təəssüf ki, “ana” dediyimiz təbiətdə belə deyil. Görünür, elə bunun özündə də nəsə bir sirr var. O sirri tapıb ifadə etmək və yaxud da o sirrin bir telini, bir tükünü, bir işartısını, cizgisini sözə çevirmək imkanı bu kitabın müəllifinə lütf olunub. Ona həvalə olunub ki, yazsın:

– “Otlar bir rəngdədi, çiçəklər min rəngdə”…

Razılaşırsınızmı mənimlə?! Bu fikir mənə görə böyük rəssamlarımız Səttar Bəhlulzadənin, Mikayıl Abdullayevin, Tahir Salahovun… çəkdikləri təbiət mənzərəsinin özüdür. Baxırsan, bir-birindən fərqli, bir-birindən gözəl çiçəklər… baxırsan, ya yaşıl, ya da saralmış otlar… Fikir verdinizmi, bax, bu mənzərənin bir sözə gətirilib ifadə edilməsinə. Əslində bu bir bitmiş fikridi, bu bir bütöv cümlədi və bu həm də bir cümləlik hekayədi. Oxuyub düşünmək, qatlara enmək və hər qatın təkcə rəngini yox, həm də səsini, nəfəsini duymaq lazımdı. Bu pıçıltıları eşidındə artıq otların bir rəngdə, çiçəklərin min rəngdə olmasının fərqinə varıram. Təbii ki, burda söhbət həqiqi insadan, adamdan gedir. Təkcə danışa bilən, gülə bilən, daş daşıyıb qum ələməyi bacaran, söz yazıb mahnı oxumağı peşə edənlərdən getmir söhbət. Söhbət böyük mənada adamdan gedir. Bax, o böyük adam öz duruşuyla, yerişiylə, baxışıyla kimliyini də büruzə verir, içini də göstərir, yerini də. Amma:

– “Sırtıq adam üçün məsafə yoxdur”…

Bəli, bu ən böyük həqiqətdir… Bu ən gerçək olandı… Və sırtıq adamın sırtıqlıq cizgiləri saysız-hesabsızdır. O cizgilərdən biri də həmin o sırtıq adamın hər yerdə olmasında, hər yerdə dayanmasındadı. O, məndən, səndən, bizdən milyon ağac uzaqda da dayana bilir, bizi çiyni ilə itələyib bir ayağı üstündə yerimizə şərik olmağı da bacarır. Bax, bu mənzərənin, bu yaşam tərzinin ifadəsini mən bu kitabda tapdım. Yəni “Sonuncu FƏSİL”də oxudum. Həmin anda diqqətimi başqa bir nüans da çəkdi. O nüansın belə tez qabarmasının səbəbi havaların isti keçməsi idi. İndi hamı hərdən əziyyət çəkir. Əlində dəsmal tövşüyə-tövşüyə harasa tələsir. Və anlayışlı adamlar elə bu kitabda deyildiyi kimi:

– “Bədən təri utancdı, alın təri qazanc”…

Necə də gözəl deyilib, necə də dəqiq ifadə olunub. Bir məclisdə hamının kənar durmağa çalışdığı adamı gətirin gözünüz önünə. Onun tər qoxusu adamları uzaqlaşdırır. Bu, hansı səbəbdən olur-olsun, sıxır bədən təri abırlı adamı. Birtəhər işini həll edib, tədbiri yola verib uzaqlaşmaq istəyir. Təbii ki, utandığına görə. Amma yer şumlayan, xış çəkən, daş yonan, qum ələyən, dəyirmanın dəmliyini ağır kisələrdən boşaltdığı mirvari kimi göz oxşayan buğda dənləri ilə dolduran… Elə yazı masası arxasında bu kitabı araya-ərsəyə gətirən alın tərindən utanmır. Çünki o, zəhmət çəkir, o tər onun qazancıdı, özü də halal qazancı. Və ən maraqlısı da odur ki, həmin qazanc hamıya aiddir, ordan hamıya pay düşür. Və bunu da içində cücərdib, göyərdib sözə, fikrə çevirib oxucuya fərqli bir şəkildə çatdırmaq lütfünü də Allah kitabın müəllifinə həvalə edibdi.

Təsvir etdiyim bu yaşamın içərisində rahatlanmaq və hər şeyi unutmaq istədiyim anda sanki kimsə əlini çiynimə qoyur, mənə toxunur, dönüb baxıram. Baxdığım istiqamətdə böyük hərflərlə yazılıb:

– “Vərdiş – ən böyük tiryəkdir”…

Bu fikir silkələyir məni. Rahatlığımı, özümə bir cənnət guşəsi qurmaq istəyimi bir andaca alır əlimdən. Elə bil içərisində olduğum həmin o özəl dünyanın aludəçisi, adətkərdəsi olmaqdan məni çəkindirir. Yadıma salır ki, öyrəncəli, vərdişli olma! Yoxsa… Yoxsa, bir gün bu xəyallar, bu adət etdiklərin əlçatmaz olar və onda tiryək xəstələrinin yaşadığı ağrı-acının yaratdığı sarsıntıları, sızıltıları özündən uzaqlaşdıra bilməzsən. Mən ağlımdan gəlib keçən bu fikrin xofu içərisində həyata bir açıq gözlə, ayıq başla diqqət yetirirəm. Gördüm ki, burdakı məntiq birmənalıdır. Çünki həmin məntiqi elə o məntiqlərdən doğan başqa bir məntiq də təsdiqləyir. Həmin təsdiqini tapan məntiq isə belədi:

– “Gəlin onsuz da nəslinə qan qarışdıracaq, təki nəsli və ailəni qarşıdırmasın ”…

Öz-özümə bir az qəliz görünən bu cümləni təkrar edirəm. Və hər təkrarda da fikrin tutumu məni həqiqətən divara dirəyir. Əli ilə sinəmdən sıxıb bu gerçəyi dupduru su kimi qəbul etməyə, görməyə, anlamağa kökləyir. Mən sinəmdən sıxan o əlin hökmünə, gücünə təslim oluram. Çünki bu cümlənin bütün məntiqi düşündürücü həqiqətdir. Siz özünüz də gözünüzün önünə gənc ailəni, ata evindən yeni ünvana köçən qızı gətirin. Onun yeni həyatını düşünün və bu yeni ünvanda təzə adam olan gəlinin nələr edə bildiyini və biləcəyini xatırlayın. Onda çılpaq məntiq, çılpaq həqiqəti bir cümlənin içərisində cilalanmış bir sənət əsəri kimi, əl işi kimi qoyacaq masanızın üstünə və mənim kimi siz də razılaşacaqsınız fikrin sahibiylə. Və yenicə nəfəs dərmək istədiyiniz anda kitabların vərəqləri arasında şehli bir fikir də özünü göstərir:

– “Belini əyən talehin yüküdür”…

Buna necə inanmayasan? Bunu necə qəbul etməyəsən? Mən bəlkə də çox qapılmışam özümə. Və qapıldığım dünyanın içində ancaq ruhunu oxşayan, könlümə yatan nələrisə axtarıram. Və yaxud da oxuduğum bu kitabın ovqatı, aurası, onun əhatə dairəsi, bilmirəm daha nələri məni bu duruma salıbdı. Amma hər nədisə, gerçəyin özüdü. Və mən çəliyə söykənib ağır-ağır gedən yaşlı adamları da seyr etmişəm. 30-35 yaşında içindən bükülən adam da görmüşəm. Birini yaşadığı illər əyib, birini yaşadığı tale!.. Bu qoşalıq bir müstəvidə hər adam üçün görünmür. Onu görmək duyğu, fəhm istəyir. Elə kitabın müəllifi də bu yığcam fikri fəhmlə deyibdi…

Hə, mən yazımın bir məqamında bu kitabın məni dədəm Qorqudun ayağına aparıdığın yazdım. İndi də həmin fikrə qayıdıram. Bu kitabdakı aforizmlər həqiqətən Dədə sözü günündədi. Və mən o gücə içimdən gələn təşəkkürlə sanki mənim üçün dediyi sözün, fikrin əlini sıxıram:

– “Alın yazısı – alının çölündə deyil ki, hər yoldan ötən oxuya bilsin”…

Doğrudan da Dədə sözüdü! Mənim alın yazımı heç kim oxuya bilməz və oxuya da bilməyəcək!

P.S. Barəsində fikirlərimi dilə gətirməyə, kağıza köçürməyə çalışdığı “Sonuncu FƏSİL” kitabının müəllifi yazıçı-publisist İmamverdi İsmayılovdu. Kitabın ilk səhifəsində belə bir aftoqraf var: “Əziz qardaşım, istedadlı qələm dostum Əbülfət müəllimə xoş arzularla müəllifdən”. Bunu, yəni aftoqrafı ona görə diqqətlə təqdim edirəm ki, oxuduğum kitab mənə ömrümün sonuncu fəslindən bir addım əvvəli yaşatdı. Və mən sonuncu fəslə qalmış bir addımda anladım, qardaşım İmamverdi müəllim mənə öz düşüncələriylə sonuncu fəslə qədər yaşadıqlarımı təzə biçimdə, təzə təqdimatda və çiçəyi burnunda olan fikirlərlə təqdim etdi. Var olun, qardaşım!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər