Şoumen jurnalistlər

1170

n1791305071_1486Bəzən yaşlı adamlardan soruşanda ki, filan hadisə nə vaxt oldu, deyirlər ağaclar çiçək açanda, yaxud kəndi sel basanda. Yəni bu milli xronoloji metodlardan biridir. İndi bu üsuldan istifadə edərək deyim ki, diaspora naziri Nazim İbrahimov hələ Ukraynada səfir olan illərdə qəzetlərdən birində hansısa telekanal rəhbərinin xanım əməkdaşlara romantik təkliflərindən o qədər yazıldı ki, axırda səhv etmirəmsə qəzetlə telekanal məhkəmədə üz-üzə gələsi oldular. Nəsə axırı xeyir oldu. Ümumi dil tapa bildilər və o mövzuya bir daha qayıdan olmadı, qəzet də yönünü dəyişdi. İndi bu günlərdə qəzetdə maraqlı bir yazı oxudum. Sən demə, ANS-in “Günə baxan” verilişinin aparıcısı Turan İbrahimov artıq şoumen deyil, jurnalist imiş. Bəli, bəli. Düz oxudunuz. Məlum yazıda bizdən sitat gətirilməsə də biz həmin yazıdan sitat gətirəcəyik, çünki çox maraqlıdır. Deməli belə: “Bu günlərdə qəzetlərdən birində televiziya verilişləri haqqında məqalə oxudum. Sitat gətirmək fikrim yoxdur. Amma yazı yalnız bir ovqat üzərində qurulmuşdu: hər şey pisdi!!! Vəssalam. Ola bilər ki, nələrsə pisdir. Amma bu, hələ hər şey deyil.” Düzdür. Bu hələ hər şey deyil!

Əvvəla onu qeyd edim ki, mən yazılarımı hansısa qəzet üçün yazmıram, teleproqramların tənqidinə həsr olunmuş “Dəqiq,vicdanlı və qərəzsiz” adlı yazımı isə yeni fəaliyyətə başlayan qəzetlərdən biri elə ilk nömrəsində yəqin mövzuya böyük maraq olduğunu hiss etdiyi üçün bütöv bir səhifədə yerləşdirmişdi və bundan yalnız başqaları oxuyub mənə bildirəndən sonra xəbər tutmuşdum. Qonorar cəhənnəm, heç olmasa yazını səhifəyə qoyandan sonra gərək xəbər verəydilər. Həmin yazımda yaxşı verilişlər haqqında da yazılmışdı, məsələn “Ağıl dəryası” və onun aparıcısı haqqında. Yəni biz hər şey pisdir yox, bir çox şeylər pisdir və düzəldilsə tamaşaçıya “kanalı dəyişməyin”, “diqqətiniz bizdə olsun”, “bizi qaçırmayın” deməyə ehtiyac olmayacaq deyirik. İndi isə keçək Turanın jurnalistliyinə. Bəli, əgər “vozvrat”ı satışından çox olan kağız parçası qəzet adlanırsa, kifayət qədər tamaşaçı auditoriyası olan Turan niyə jurnalist olmasın ki? Turan jurnalistdir, həm də yaxşısından. Hətta düşünürəm ki, onu gələcəkdə Mətbuat Şurasının İdarə Heyətinə üzv seçib, sonra sədrliyə də gətirmək olar. Niyə də yox? Hə bu məşhur sual lap yerinə düşdü: “Niyə də yox?” “Xəzər” tv-nin aparıcısı Səxavət Nur bu sualı lap dillər əzbəri edib və müəlliflik hüququ da ona məxsusdur, ona görə də sualı verib müəllifin adını çəkməmək, istinad etməmək qanunla qadağandır. Hə, başına döndüyüm Səxavət elə ki, ATV-nin görücü Zirəddin sayəsində reytinq cədvəlində sürətlə irəlilədiyini görüb təcrübədən yararlanmaq qərarına gəlib. Amma özünəməxsus şəkildə. Bu barədə görün dəyərli oxucu mənə nə yazır:”Bir verilişə baxırdım, elə əsəbləşmişəm ki, bunu sizinlə bölüşüm dedim, bəlkə bir az sakitləşdim. “Xəzər”də Səxavətin apardığı “Niyə də yox” verilişindən danışıram. Təsəvvür edirsiz insanları bu qədər ələ salmaq nə deməkdir? Kim verib bunlara bu ixtiyarı? Bir həftədir anons verir ki,bəs filan baxıcı belə dedi, belə gəldi-belə getdi. Düzü mən verilişə baxmaq həvəsində deyildim. Təsadufən evdəkilər bu proqramı izlədilər. Və orda olan qara-qara söhbətlərdən mənfi enerji ilə yükləndiyimi görüb yan otağa keçdim. Amma evimiz o qədər də böyük olmadığından televizorun səsi gəlirdi. Evdəkilər də maraqla oturub bu “verilişi” və ordaki məsələnin sonunu gözləyirdilər. Mən də məcburən bu səsi dinləməli oldum. Və bu qədər ağır, mənfi enerji ilə yüklənmiş dinləmələrdən sonra cin-şeytandan danışanın sonda aktrisa çıxmagı məni lap cin atına mindirdi.Bir tamaşaçı olaraq bu dərəcədə aldadıldıgımı və bütün ətrafımın, olduğu kimi desəm, ələ salındıgını görüb necə əsəbiləşməyəsən? Vallah mənim o Səxavətə ciddi insan kimi hörmətim var idi. Amma reytinq xatirinə 9 milyon camaatı ələ salmaq vallah biabirçılıqdır. Guya bu özünü xoş məramlı bilib, hansısa falçını reklam eləməyib, aktrisa çagırmagı üstün tutub.Çünki baxıcılar fırıldaqçılardı.Bəs camaatı reytinq xatirinə belə aldatmağın adı nədir? Ondansa əsl baxıcı çağırardı. Təsəvvür edin. Bir saat yarım verilişi dinləyib mənfi enerji ilə yüklənirsən, sonda da üstəlik aldadıldığını görüb ondan betər əsəb keçirirsən. Belə özbaşınalıq olar? Inanırsız həyət qonşularım da məni görüb “Görürsən necə ələ saldılar axşamın bu vaxtı bizi” deyə eyni əsəbi yaşadıqlarını göstərdilər.”

Düzü mən sevimli oxucumla tam razı deyiləm. Axı Səxavət BBC və ya CNN-də, həm də dünya şöhrətli aparıcı deyil ki, onu 9 milyon izləsin. Azərbaycan telekanallarının ən baxımlı dövrü 1993-cü ilin iyun-iyul ayları olub. Çünki həmin dövrdə Azərbaycan Ali Sovetinin iclasları birbaşa translaysiya olunurdu və həqiqətən də o vaxt balacadan tutmuş böyüyə kimi hamı işini atıb televizor qarşısında vəzifə sahiblərinin uşaq kimi danlanmasına tamaşa edirdi. Televiziyaların indiki durumu ilə o vaxtkı vəziyyət arasında yerlə göy qədər fərq var. İndi tam əksəriyyət əsasən xəbərləri və Prezidentin çıxışlarını, fərman və sərəncamlarını Dövlət Televiziyasında dinləyəndən sonra xarici telekanalları seyr edir, çanaq antenni almağa imkanı olmayan kənd camaatı isə qeybət verilişlərinə baxmaqdansa elə öz aralarında bir-birinin qeybətini edib, sözünü danışmağı üstün tuturlar. Bir də hər gün mal-qaranın altına, toyuq-cücənin ayaqlarına, əkdikləri xiyara, balqabağa fikir verirlər ki, nəsə bir yenilik olan kimi dərhal Bakıya hansısa xəbərsiz qalan telekanala zəng vurub desinlər ki, bəs bizim inək üçayaqlı buzov doğub, yumurtanın üstündə nəsə yazı var, 2 metrlik xiyar bitib və s. O telekanalın xəbər moderatoru da bu xəbəri elə təqdim eləsin ki, sanki azərbaycanlı kosmonavt Marsa uçub. Bütün bunlar jurnalistikadır. İndi jurnalist təkcə Turan deyil ki. ATV-də Zaur Baxşəliyev, Azər Axşam, Dilarə Əliyeva, Elçin Əlibəyli, Oqtay Əliyev, “Xəzər”də Zaur Kamal, Səxavət Nur, “Burç Fm”-də Çiçək, ANS-də Gülnarə Məmmədova, Qorxmaz Əlili, Çingiz Əhmədov, Elgiz Əkbər, Rövşanə Bektaşi, 102 Fm-də Elnarə, Tofiq Həsənsoy, Spacedə Xədicə Mövlazadə, “Lider”də Rəhim Rəhimli, Murad Arif tanınmış jurnalistlərdir. Murad Arif həm də görkəmli bəstəkardır və onun musiqiləri dünya ulduzları tərəfindən sevilərək oxunur. Məsələn bu günlərdə Britney Spears deyib ki, “Ay qız oyan” çox gözəl mahnıdır, amma bilmirəm bəstəkar onu oxumağıma icazə verərmi, deyilənə görə Azərbaycanda hansısa mahnını oxumamışdan qabaq onun bəsətəkarından, sözlərinin müəllifindən və həmin mahnını ilk dəfə oxuyan müğənnidən də halallıq, icazə-filan almaq lazımdır, amma qorxuram məndə o səs imkanları yoxdur deyə icazə verməyələr, arzum gözümdə qala.” Yəni ki, bizdə belə mahnılar, bəstəkarlar, müğənnilər , jurnalistlər yetərincədir, sadəcə qədrini bilmirik. Təəssüf ki, Murad Dadaşov kimi jurnalist hazırda “Lider”də fəaliyyət göstərmir. Onun “Maşın” realiti şousu araşdırma jurnalistikasının ən gözəl nümunələrindən idi. Amma darıxmaq lazım deyil, xalq arasında deyilənə görə, yaxın zamanlarda biz yenidən həmin jurnalist araşdırmaları ilə tanış ola biləcəyik. Jurnalist kimi televiziyada Rəqsanənin, Röyanın, Xuraman Şuşalının, Natəvan Həbibinin, adını çəkmədiyim bir çox başqalarının da yeri görünməkdədir. Gəlin ümid edək ki, gələn mövsümdə onları da araşdırmaçı jurnalist qismində ekranda görüb efirdə dinləyə biləcəyik.

Amma hər şey bir yana qalsın, bizim bu araşdırmaçı jurnalist Turanın təqdim etdiyi “Günə baxan” verilişi nədənsə ANS tv-nin saytında belə təqdim olunur: “Günə baxan” musiqili-əyləncəli tok-şou”. Biri mənə izah eləsin, bu tok-şou nəmənədir və şou aparıcısına nə deyilir?..

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər