Sovet rejimini ifşa edən yasaq fotolar – SSRİ xiffəti çəkənlərin “menyusu”na

5371

Sovetlər İttifaqı 29 ildir, rəsmən dağılsa da, hələ də onun nostaljisi ilə yaşayanlar var. Əfsus ki, Azərbaycanda da belələri az deyil. Hətta onların arasında SSRİ-ni görməmiş nəslin nümayəndələrinə də rast gəlmək mümkündür. Halbuki SSRİ qapalı, totalitar bir dövlət idi. “Qırmızı imperiya” “xalqlar həbsxanası”ndan başqa bir şey deyildi.

Musavat.com Minval.az-a istinadla bu mövzuda foto-ittiham stilində ibrətamiz bir yazının tərcüməsini təqdim edir.

Müəllif bloger Maksim Miroviçdir. Məqalə, təbii ki, ən əvvəl SSRİ xiffəti çəkənlərin “menyusu”nadır. Baxın və bir daha düşünün…

***

“Mən SSRİ-nin fanatlarına heyran qalmaqdan bezmirəm. Onlar həmin ölkədəki gözəl həyatdan bəhs edir, öz məqalələrini sovet vizual təşviqatından götürülən şəkillərlə bəzəyirlər. Özü də əksər hallarda bunlar, hətta fotoşəkillər də deyil, təbliğ afişalarında olan rəsm əsərləridir. Budur, burada xoşbəxt sovet vətəndaşları bir mağazaya gəlir, orada onlara dərhal seçim üçün on pulsuz avtomobil təklif olunur. O birində isə guya üzü Kremlə baxan on otaqlı mənzilə köçmək üçün onları dilə tuturlar. Həyat deyil e, moruqdur – yalnız ağzını açıb göydən düşən konfetləri tutmaq qalır.

Ancaq SSRİ-də gerçək həyat bu xəyallardan uzaq idi. Onu görmək üçün isə təsvirlərə, rəsm əsərlərinə deyil, o dövrün fotoşəkillərinə baxmaq lazımdır.

Bu gün sizə boş vaxtlarında məişət fotoşəkilləri çəkməklə məşğul olmuş və foto arxivlərinin bir hissəsini vaxtilə “sosialist gerçəkliyini ləkələyən” ittihamına görə məhv etməyə məcbur qalmış peşəkar sovet fotoqraflarının şəkillərini göstərəcəyəm. Onlar Vladimir Sokolayev, Vladimir Vorobyov və Aleksandr Trofimovdur. Onlar “TRİVA” (“ÜÇLÜ”) yaradıcı qrupu yaratmışdılar, Kuznetsk Metallurgiya Zavodunda fotoqraf kimi çalışırdılar və üstəgəl, ətrafda baş verənlərin hamısını çəkirdilər. Fotoqrafların işinin əsas prinsipi bu idi – retuşdan və səhnələşdirilmiş çəkilişlərdən tamamilə imtina etmək.

Beləliklə, bugünkü status-yazımda əsl SSRİ-də həyatı göstərən, lakin qadağan olunmuş sənədli fotoları təqdim edirəm:

1. 1982-ci ildə Novokuznetskdə çəkilən, “TRIVA” nın ən məşhur fotoşəkillərindən biri “Boş şüşə qab qəbulediciləri” adlanır.

Bu fotoya baxanda nədənsə kədərli bir aforizmi xatırladım – “SSRİ-də hər şey yaxşı idi, yalnız bircə şeyə heyfslənirsən ki, boş butulkaları etiketsiz qəbul edirdilər”.

2. Bu şəkil isə 1984-cü ildə çəkilib.

“Orcenikidze rayonunda təzə ev alanlar” adlanır. Gördüyünüz kimi, reallıq bəzəkli plakatlardan fərqlidir, hansı bəzəkli plakatda ki, hansısa xoşbəxt ailənin günəşli bir gündə, ətrafında mükəmməl bir qazonu olan evin blokuna daxil olması təsvir olunur.

3. Günorta fasiləsində qadın izolyasiyaçılardan ibarət qrup (məftilləri və s. izolyasiya edən fəhlə – red.), 1978.

SSRİ dönəminə qayıtmaq istəyində olan və “dünyanın ən yaxşı dondurması və yengəc çubuqları”nın arzusunda olan bütün SSRİ pərəstişkarlarını ayıltmaq üçün əla fotodur. SSRİ-də həyat əsla dondurma və şirniyyatdan ibarət deyildi, təhlükəsizliyi barədə heç kimin düşünmədiyi insanın gündəlik ağır əməyindən ibarət idi. Qadın işçilərin bədən fiquralarına diqqət yetirin – onlar çox yeməkdən yox, zərərli maddələrlə daimi işləməkdən belə hala düşüblər.

4. “Raspadskaya mədənindən növbənin çıxması”.

Bu fotoda nə gördüyünüzü bilmirəm. Mən isə əsla sovet təbliğat filmlərindəki həmişə şən və üst-başı təmiz işçilərə bənzəməyən, yorğun-arğın insanları görürəm. Yaxşı, artıq geriyə – “SSRİ-yə qayıtmaq”, şaxtaya düşmək istəmirsiniz?

5. Bu şəkli isə fotoqraflar “Qaz balonu üstündə siqaret fasiləsi” adlandırıblar (əslində, oksigen balonudur, amma mahiyyət dəyişmir).

Necə deyərlər, şərhsiz.

6.İndi isə nəqliyyatın durumuna baxaq.

Foto “Kurako küçəsindəki Mərkəzi Bazar” adlanır və 1983-cü ildə çəkilib. Çirkli və büsbütün əzilmiş avtobuslara diqqət yetirin.

7. Bu isə xarab olmuş şəxsi avtomobildir, 1981-ci ilin şəkli.

O illərdə normal avtomobil xidmətləri yox idi və maşını olan hər kəs faktiki həm avtomexanik olmalı idi, həm avtoçilingər, həm də elektrikçi.

8. “Böyük bacı. Novokuznetsk hava limanı” – 1979-cu ilin fotoşəkli.

Qız küçədə əşyalar və qucağında kiçik qardaşı ilə oturmaq zorunda qalıb.

9. Əsl sovet ticarətini əks etdirən bir neçə fotoşəkil.

Əsas fotoşəkildə mağaza işçiləri, belə görünür ki, hansısa inək cəmdəyini (yerdə) doğrayırlar. Bu kadr isə “qoyun sümüklərininin satışı” adlanır. Siz indi belə bir şey alardınızmı? SSRİ-də isə gördüyünüz kimi, antisanitar şəraitdə satılan belə tullantı üçün hətta növbə var idi.

10. 1984-cü ilə aid çox qorxunc bir şəkil. “Şorba dəsti” adlanır.

Qoca nənə şorba üçün hansısa yararsız içalatı doğramaqdan ötrü üstündə “Pravda” qəzeti olan odun parçasından istifadə eləməli olur.

11. Bu isə hansısa qıt (defisit) qovunlarla küçə ticarətidir.

12. İnsanlar növbədə. Şərhsiz.

13. “TRIVA”nın “xoşbəxt sovet uşaqlığı” na həsr olunmuş heyrətamiz şəkilləri də var.

1985-ci ildə çəkilmiş bu foto “Pioner düşərgəsində valideyn günü” adlanır. İnsanlar qapılar arxasında saxlanır. Nə deyirsən, ora qayıtmaq istərdin? Məncə, foto hansısa həbsxana abu-havasına daha çox bənzəyir.

14. Daha bir düşərgə. Foto “Cəza” adlanır.

Sovet düşərgələrində, uşaq bağçalarında və s. kiçik bir qayda pozuntusuna görə uşağın uzun müddət eyni yerdə – ya küncdə, ya qapı arxasında, ya da əksinə, otağın mərkəzində çılpaq dayanmağa məcbur edilməsi kimi cəza növü geniş yayılmışdı. Övladınızı “müdirənin” bu cür təhqir edəcəyi düşərgəyə göndərərdinizmi?

15. Hansısa tikinti batalyonunun həyəcanlı həyatını daha çox xatırladan “məktəb təcrübəsi”.

Yüngül geyimli məktəblilər kürəkləri ilə nəhəng bir gölməçənin çirkabını yığırlar. Əminəm ki, onların hamısının ayaqları yaşdır və ertəsi gün onlardan 1/3-inin hərarəti qalxacaq. Əlbəttə ki, buna görə heç kim günahlandırılmayacaq.

16. Bu foto isə əvvəlkilərin hamısının cəmindən daha pis sayıla bilər.

Şəkil 1983-cü ildə çəkilib və “Uşaq Ortopediyası Şöbəsi. Həkimlə görüş gözləntisi” adlanır. Sual da budur ki, niyə raket hazırlayan “böyük ölkə”də uşaq xəstəxanaları bu gündədir? Cavabı sizin öhdənizə buraxıram.

17. Həyat səhnəsinin sürrealist fotosu.

“Sov. İKP-nın XXVI qurultayının qərarlarını həyata keçirək!”, “Sülh proqramını bəyənir və dəstəkləyirik!”

18. İndi işçilərin istirahəti ilə bağlı daha bir neçə fotoşəkil göstərəcəyəm.Amma əvvəlcə buna baxın.

Qoca kişi atılmış çürük kələm dağında eşələnir. Arxa planda Leninin nəhəng freskası görünür.

19. “Lenin meydanındakı yarmarka”. Şəkil 1983-cü ildə Novokuznetskdə çəkilib.

Göründüyü kimi, burada “iztirab çəkənlər” ucuz və tünd şərab üçün düzülüblər – kimlər ki, onu yəqin elə buradaca içəcəklər. Bunu butulkaların başına keçirilmiş birdəfəlik stəkanlardan da bilmək olar.

20. Bu isə artıq “qızışdırıcı içki” istehlakı prosesidir.

Şəklin arxa fonunda, çox güman ki, hansısa yerli Mədəniyyət Evidir.

21. Belə “alkoqol satışının” dəhşətli nəticələri.

Ümumən SSRİ-də sərxoşlara dözümlü münasibət: cavan bir oğlan parkda yolda uzanıb, skamyada yüz qramlıq stəkan və içkidən sonra “iyləmək” üçün çörək görünür. Arxa planda heç nə olmamış kimi uşaqlar oynayır.

22. İkinci əl (bukinist) kitab mağazasında “oxumağa” gələn başqa bir yoldaş.

23. Və daha biri. Bu mənzərədəki hər şey qorxuncdur.

Özünü itirənə kimi içən və asfaltda uzanan bir gənc, ətrafındakı laqeyd kütlə və hissiyyatsız gəncin ayaq tərəfində oturub “dünyanın ən ləzzətli dondurması”nı yeyən cütlük – ər-arvad.

24. Sonra bu insanlara “Qərbin Dalles planı əsasında SSRİ-ni necə içirib sərxoş eləməsi” və kapitalist dövlətlərindən fərqli olaraq bizdə “bütün hakimiyyətin xalqa məxsus olması” barədə nağıllar danışacaqlar.

Fotoqraf Vladimir Sokolayev müsahibələrinin birində “SSRİ-yə qayıtmaq istərdimi” sualına cavabında deyib:

“Xeyr, istəmirəm. Mən artıq orada olmuşam. Niyə iki dəfə eyni dırmıq üzərinə çıxım ki? Bəlkə, kiməsə bir dəfə kifayət etmir, amma mənə artıqlaması ilə bəs edib. Əgər bu şəkillər insanları oraya qayıtmağın lazım olmadığına inandırmırsa, Allah xatirinə, qoy həmin dırmıq üzərinə yenə çıxsınlar. Axır təcrübə qazanacaqlar”.

Bəs siz necə, belə bir SSRİ-yə qayıtmaq istərdinizmi? Və orada nə edərdiniz?”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər