Bayram günlərinin təəssüratlarından çətinliklə ayrılıb, yeni yazım haqda düşünürdüm ki, futbol proqramlarının birində Ramin Musayevin qonaq olacağı haqda anonsa rast gəldim. Eləmədim tənbəllik, şirin yuxuma haram qatıb, ekran önündən çəkilmədim. Çox hörmətli PFL prezidenti başladı danışmağa, nə başladı?! Məlum oldu ki, Azərbaycanda futbol ildırım surətindən də iki dəfə üstün sürətlə inkişaf edir, amma biz idman jurnalistləri bu tərəqqini görmək istəmirik. Hələ bu harasıdı, biz milli futbolumuzun AFFA və PFL-in, şəxsən Elxan Məmmədovla Ramin Musayevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində gül açıb, meyvə verməsinə, yəni inkişaf etməsinə maneçilik törədirik. Yaxşı ki, mən Ramin müəllimin möhtəşəm çıxışına qulaq asmazdan az əvvəl idman saytlarında Anar Niyazovun birinci dəstədə çıxış edən klublardan birinin çalışdırıcısı haqda vulqar ifadələrlə dolu müsahibəsini də oxumuşdum. Bir vaxtlar Babək Quliyevlə birlikdə hakimlikdən uzaqlaşdırılan, sonradan Xəqani Məmmədovun qılıncının altından keçərək, bağışlanan Niyazov kəlməbaşı guya, opponentini təhqir etmək məqsədiylə onu çoban adlandırıb. Mövzudan yayındığımı düşünməyin. Ramin müəllimin televiziya proqramındakı sözlərinə qulaq asa-asa qərara gəldim ki, elə rəhbərin belə də futbol hakimləri olar. Sadəcə, Anar Niyazovu bundan sonra bir az diqqətli olub, sözlərinə fikir verməyə çağırıram. Azərbaycanda nəinki Niyazovdan, elə ona fit verib meydana çıxaran Xəqani Məmmədovdan da qat-qat səviyyəli, vicdanlı çobanlar var. Kimsənin işinə-gücünə sataşmaqla, bir-birinizi aşağıladığımızı düşünməyin. Onsuz da azərkeşlər sizin kim olduğunuzu yaxşı bilir. Yoldaş Niyazov, unutma ki, çobanların yaxşı uzun çomağı da olur,bir gün sizi tutub, həmin çomaqla yaxşıca əzişdirə də bilərlər. Keçək hörmətli Ramin Musayevin dediklərinə. Əvvəlcə, Tovuz və Gəncə stadionlarının ot örtüyünü süniləşdirmək arzusundan bir addım geri atdığına görə Ramin müəllimi təbrik edirəm. Eşitdiyimə görə artıq PFL prezidenti rəhbərlik etdiyi qurumun saytında məlum toplantı barədə gedə xəbəri oxuyub, bizim ünvanımıza dediklərindən peşman olub. Bu səbəbdən ilk məqamın üzərində çox da dayanmaq istəmirəm. Amma cənab Musayevin Azərbaycan çempionatını Rusiyadakından güclü saymasının üzərindən sükutla keçmək mümkün deyil. Canımız-gözümüz Ramin bəy, bizim premyer-liqanı hər il Çempionlar Liqasının qrup mərhələsinə iki komanda göndərən Rusiya çempionatıyla necə müqayisə etmək olar? Bu il “Neftçi” Avroliqanın qrupuna vəsiqə qazandı, ölkə prezidenti belə öz yeni il təbrikində həmin məqama toxundu. Unutmayın ki, “Zenit” və CSKA yaxın keçmişdə həmin turnirin qalibi olub. Müqayisəyə davam etməyə həvəsiniz olsa, sizə xatırladım ki, bizim “Neftçi” Kazan təmsilçisi “Rubin”ə hər iki qarşılaşmada quru hesabla, özü də bütün komponentlərdə geri qalaraq uduzdu. Bütün bu faktlar biz jurnalistlərin uydurması deyil, reallıq gözümüzün qabağındadı. Həyatımda ilk dəfəydi ki, stadionlarda oynanan futbolun azərkeşləri cəlb etməməsinə televiziya yayının keyfiyyətsiz olduğu səbəb göstərilsin. Prinsip etibariyla, Ramin müəllimin dediklərini qular ardına vura bilərdim. Bir şərtlə ki, cənab Musayev “bizdə reytinq qazanmaq istəyən jurnalistlərin üç mövzusu var: mən, hakimlik və “İnter”-“Simurq” qardaşlığı” iddiasında bulunmasaydı. Şəxsən özüm də tez-tez bu mövzulardan ikisinə toxunmalı oluram. Çünki, hazırki hakimliyin səviyyəsiylə Azərbaycanda şəffaf çempionatın keçirilməsinin mümkünsüzlüyünə əminəm. “Bankir qardaşlığının”da milli futbolumuza yaxşı heç nə vəd etmədiyi məlum məsələdi. İnsafən PFL prezidentini çoxdandı yazılarımın hədəfi seçmirdim. Sonuncu açıqlamalarıyla Ramin müəllim özü məni bu yazını yazmağa vadar etdi. Məgər, biz jurnalistlər günahkarıq ki, Fariz Yusifov cərimə meydançasının daxilində baş verən əllə oyuna görə penalti təyin etmir?! Yoxsa, Yusifova biz imkan vermədik ki, Lənkəranda rəqibinə arxadan təpik atan Flavinioya qırmızı vərəqə göstərsin?! Həmin məntiqlə Elçin Məmmədova da biz tapşırıq vermişik ki, “get, AZAL-la oyunda “Rəvan”ı “yıx-sürü!”, Anar Salmanovun da Ramosun əllə topa toxunmasına göz yumması bizim istəyimizlə olub. Mən çox təəssüf edirəm ki, PFL kimi ciddi bir təşkilatın rəhbəri bu cür açıqlamarla özü haqqında mənfi rəy formalaşdırır. Həmin teleproqramda Ramin müəllimə opponentlik edə bilsəydim, ondan mütləq “Kəpəz”in “ev oyunları”nı Bakıda keçirmək perespektivinə münasibət öyrənərdim. Adında “peşəkar” sözü olan qurum necə razı olacaq ki, “Kəpəz” mövsümün əvvəlində sifariş ərizəsində göstərmədiyi stadionda rəqiblərini qəbul edəcək? Əgər, mövsümün ortasında komandalara belə güzəştlər ediləcəkdisə, onda niyə komandalardan əvvəlcədən hansısa stadionların sifariş olunması tələb olunur? Hər kəs bilirdi ki, ilboyu əsaslı təmir olunmayan Gəncə şəhər stadionu yağışlı havalardan sonra belə acınacaqlı vəziyyətə düşəcək. Axı, niyə klub rəhbərliyindən vaxtında stadionun ot örtüyünün qaydaya salınmasını tələb etmirdiz?! Əmin olun ki, bu cür mənasız güzəştlərlə, ikili standartlarla ölkə futbolunu oyuncağa çevirmisiz. Hansı üzlə aşağı dəstə komandalarının lisenziya ala bilməməsindən bəhs edirsiz? Normal stadionu olmayan, legioner futbolçusunu yeni ildə ölkəsini göndərə bilməyən “Turan”la “Kəpəz”ə həmin lisenziyanı kim verib? Belə cavabsız sualların sayını artıra da bilərəm. Yaxşı ki, proqramın sonunda özünüz də qeyd etdiniz ki, “nə olursa, olsun, adam gərək sözün düzünü danışsın!” Deyin bilək, həmin çağırış daha çox kimə aiddir?
Amal Abuşov