Azərbaycanda da yayılmağa başlayan koronavirusdan qorunmaq üçün müxtəlif önləyici tədbirlər həyata keçirilir.
Bəzən fərdlər təsdiqlənməmiş qaydalardan istifadə edərək guya bu virusa yoluxmalarının qarşısını alırlar.
Hətta bü tipli məsələlərin mediada və sosial şəbəkələrdə işıqlandırılmasına baxmayaraq, insanlar bəzən öz bildikləri, ənənəvi “türkəçarə”lərdən istifadə etməyə çalışırlar.
Xüsusilə, kişilər düşünür ki, spirtli içkilər qəbul etməklə virusu özlərindən yan keçirə bilərlər.
Bu barədə Modern.az-a danışan tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazova spirtli içkilərin koronovirusdan qorunmaq üçün heç bir faydası olmadığını bildirib.
Həkim vurğulayıb ki, virus təhlükəsi olsa da, olmasa da mövsüm dəyişikliyi ilə əlaqədar orqanizmin müqavimətini artırmaq üçün bol-bol vitamin, təbii qida qəbul edilməlidir:
“Bu dövrdə xüsusilə meyvə-tərəvəzləri bol-bol istifadə etmək lazımdır. Çünki yayılan xəstəliklərə qarşı orqanizmin müqavimət gücü olmalıdır. İmmuniteti zəif olan insanlar bütün infeksiyalara daha tez yoluxurlar.
Spirtli içkilər orqanizm üçün hər bir halda zərərlidir. Bəzən insanlar həkimdən sırf spirtli içkidən istifadəyə icazə verib-vermədiyini soruşurlar. “Həkim dedi ki, 50 qram olar” arxayınlığı ilə spirtli içki qəbul edirlər.
Amma insanlar başa düşməlidirlər ki, spirtli içkilər heç bir halda orqanizmi müdafiə etmir. Xüsusilə, bu cür dəhşətli virusla mübarizə üçün spirtli içkilərin heç bir daxili dezinfeksiya xüsusiyyəti yoxdur. Əgər hər hansı bir işə yarasa idi, bütün dünya mütəxəssisləri spirtli içkidən istifadəni tövsiyə edərdi”.
Koronavirus infeksiyasının Azərbaycanda Novruz bayramı ərəfəsinə yayılmağa başladığını diqqətə çatdıran Ş. Namazova bayram süfrələrindən uzaq qalmağı tövsiyyə edib:
“Novruzda Azərbaycan xalqının bayram süfrəsində ən çox istifadə etdiyi qidalar şəkərbura, paxlava, qoğal və s. şirniyyatlardır.
Bu dəfə isə şirniyyatların, yağlı, zülallı yeməklərin qəbulunu azaltmaq lazımdır. Yaxşı olar ki, kələm, brokoli, balqabaq, göyərti və s. təbii qidalardan yeməklər hazırlayıb, süfrələrimizi bəzəyək.
Meyvə və tərəvəzdən bol istifadə yararlıdır. Unutmayın ki, orqanizmə lazım olan bütün mikroelementlər spirtli içkilərin tərkibində deyil, bitkilərdədir”.