SSRİ, doğrudanmı, geri qayıdır? – ANALİZ

783

Rusiya Azərbaycanın şimal bölgəsində seporatizmin yaranmasında maraqlıdır

 

Razılaşaq ki, bugünün özündə ölkəmizdə SSRİ sevgisi, nostalgiyası ilə yaşayanlar, sovet rejiminin xiffətini çəkənlər yox deyil. Ancaq təbii ki, avtoretar rejimin Azərbaycanı, onun təbii sərvətlərini gələcəyi düşünmədən talan etdiyi, azərbaycanlılara qarşı repressiv tədbirləri, Azərbaycana aid olan torpaqların Ermənistana birləşdirilməsinə yönəlik strategiyası SSRİ-nin əsl mahiyyətini açır. İndi keçmiş sovet ölkələrinin yerləşdiyi bölgədə yeni siyasi meyillər, maraqlar və ambisiyalar hiss olunur. Bəs Rusiyanın ifasında diqqəti çəkən yeni gedişlər Azərbaycan üçün nə qədər təhlükə törədir? Bu sualın üstündə işləməzdən əvvəl gəlin, Kremlin yeni xəttini, Azərbaycanla bağlı yeni meyilləri nəzərdən keçirək:

a) «Narıncı inqilab» illəri çoxdan tarixə qovuşub – indi yeni siyasi eradır: Ukrayna Yankoviçlə, Gürcüstan İvanaşvili ilə içində Moskvanı hiss edir. Eləcə də Qırğızıstanda Rusiyameyilli iqtidar var. Yoxsa, hardandır Kremldə o səxavət ki, Qırğızıstan ordusunun modernizasiyası üçün milyardlarla dollar ayırsın?!

b) Rusiya Asiya və Afrikada itirdiyi mövqelərini keçmiş postsovet məkanlarında qazandıqları ilə sığortalamaq istəyir. Onsuz da şimal qonşumuz MDB məkanında mövqelərinin zəifləməsini heç cür həzm edə bilmirdi.

c) Medvedevin prezidentliyi dönəmində Rusiya-Azərbaycan münasibətləri həqiqətən də yeni inkişaf mərhələsinə daxil olmuşdu. Siyasi və iqtisadi əlaqələr baxımından münasibətlər, türklər demiş, normal düzənə girmişdi. Kreml Dağlıq Qarabağ münaqişəsinin həllinə də daha artıq diqqət ayırmağa başlamışdı. Təsadüfi deyildir ki, Medvedevin dönəmində Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiya prezidentinin təşəbbüsü ilə 11 görüşü baş tutmuş, tərəflər bir neçə dəfə sülhə yaxınlaşdıqlarını söyləmişdilər.

Son bir ildə – Putinin prezidentliyi dövründə isə belə bir görüşün keçirilməməsi də, hər halda, nəsə deməkdir.

d) V.Putinin yeni prezidentliyi dönəmində iki ölkə arasında dövlət başçıları səviyyəsində rəsmi səfər olmayıb.

e) «Rusiya və Azərbaycanda yaşayan ləzgi, avar xalqlarının problemləri və onların həlli yolları» adlı beynəlxalq konfrans açıq-aydın ölkəmizə qarşı aparılan separatizm siyasətidir və bu siyasətin konkret hədəfləri də olmamış deyil. Konfransda Azərbaycanda yaşayan etnik qrupların assimilyasiyaya məruz qaldığı iddia edilir və ən əsası bu tədbirdə Rusiya höküməti, diplomatları iştirak edir.

f) Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinin ölkəmizin şimal-şərq bölgəsinə son səfəri və burada etnik qrupların nüfuzlu şəxsləri ilə bir neçə saatlıq qapalı toplatnı keçirməsi də yəqin ki, təsadüfi deyil.

g) Rusiya Gürcüstanı «qutudakı ilan» ampluasında görür. Azərbaycanın bu ölkə ilə isti münasibəti, qonşu ölkənin iqtisadiyyatına qoyduğu investisiyalar Kremlin «mazqi»ləri ilə çoxdan oynayır.

h) «Milyarderlər İttifaqı» barədə. Rusiyada yaşayan tanınmış iş adamlarından ibarət olan bu ittifaqın mahiyyəti də hələ ki, tam aydın deyil. Azərbaycan hakimiyyətindən bərk incimiş rüstəm İbrahimbəyovun təşəbbüsü olaraq ortaya çıxmış İttifaqın Azərbaycana qarşı yönəlməyəcəyinə ümid çox deyil.

x) Və nəhayət, ən ciddi məqam: enerji məsələsi. Bu faktor Rusiya-Azərbaycan münasibətlərinə xüsusilə emosianalıq qatır. Məsələ burasındadır ki, Kreml ölkəmizin Avropanın enerji təchizatındakı önəmini həzm edə bilmir, bu məsələdə Avropanı məhz özündən asılı duruma salmaq, özünə alternativ görmək istəmir.

 

***

Bəzi təhlilçilər hesab edir ki, Rusiya SSRİ-nin hansısa formada bərqərar olmasına can atır. Əlbəttə, bu, SSRİ olmaya da bilər, ancaq mahiyyətcə yeni birlik köhnəyə oxşamalı, Kreml MDB dövlətlərini öz təsir dairəsində saxlamalıdır. Bu yaxınlarda V.Putinin təklif etdiyi Avrasiya Birliyi təxminən SSRİ-nin təqlidinə bənzəyir. Rusiya vətəndaşları arasında ötən il aparılan sorğuda respondentlərin 48%-nin SSRİ-nin yenidən bərqərar olmasını arzu etməsi də başqa bir maraqlı faktdar. Bir sözlə, Moskva SSRİ-ni bərpa etmək üçün səylərini artırır.

Lider TV-nin Analitik Qrupunun eksperti, AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov hesab edir ki, son zamanlar Rusiyanın geosiyasət meydanında Azərbaycana qarşı xeyli sərt oynaması və təhlükəli fəndlərə əl atması faktdır: “Diplomatiya öz yerində, amma bunu danmağın mənası yoxdur, faktı qəbul edib səbəblərinin və çözümlərin üzərində düşünmək lazımdır. Səbəblərə isə həm taktiki, həm də strateji prizmalardan yanaşmalıyıq”.

Analitikin qənaətincə strateji səbəblər daha çoxdur. Birincisi, Azərbaycan elə bir mərhələyə gəlib çatıb ki, indi təkcə Qarabağ problemi bizim ölkənin güclənməyinə mane ola bilmir: “Rusiyanın balansı qorumaq üçün Ermənistanı silahlandırması artıq effektsiz metoda çevrilməyə başlayır: Azərbaycan bu cür güclənməkdə davam edərsə, lap Ermənistan başdan-başa cəbbəxanaya döndərilsə belə, xeyri olmayacaq. Çünki konfliktləri silah ambarları udmur, dövlətin real gücü və siyasi-iqtisadi çəkisi udur. Bu baxımdan isə artıq Azərbaycanla Ermənistan arasında fərq o qədərdir ki, Ermənistanı silahlandırmaqla tarazlıq yaratmaq mümkün deyil. Nəticədə Kreml Azərbaycana təsir etmək etmək üçün əlində olan çox güclü bir “rıçaq”ı – Qarabağ münaqişəsini itirə bilər. Söhbət ondan gedir ki, Azərbaycan hətta tezliklə Qarabağı qaytarmasa belə, bu, bizə təsir göstərmək üçün istifadə edilən vasitələrin siyahısından çıxacaq. Demək, nə etmək lazımdır? Yeni təsir vasitələri yaratmaq.

Bəs bu vasitələr nə ola bilər? Azərbaycanda müxalifət qərbyönümlü olduğundan, daxildə “beşinci” kalon formalaşdırmaq mümkünsüzdür. Əlac qalır daxildə milli azlıqlarla, xaricdə isə diasporla işləməyə. Kreml də elə bunu edir. Özünə xas olan kobud və aqressiv formada.

Bəs niyə məhz indi? Çünki yaxın gələcəkdə Moskvaya Azərbaycana təsir göstərmək üçün vasitələr lazım olacaq. Bunu labüdləşdirəcək səbəblər və planlar çoxdur. Bəli, Putinin Avrasiya İttifaqını böyütmək və gücləndirmək planı var, bəli, Rusiyaya heç cür sərf etməyən transmilli layihələr var ki, bütün bunlara görə Azərbaycanı ram etmək Moskvaya lazımdır. Və bir də təkrarlayım, ənənəvi “kozır” – Qarabağ konflikti təsir gücünü itirməyi başladığı üçün, Rusiya yeni kartlara əl atmağa başlayıb. Yəqin ki, rəsmi Bakının yaxın aylar ərzində bu oyunu qəbul etməkdən və ehtiyatla mümkün cavab gedişləri etməkdan savayı yolu qalmayacaq”.

 

Sumqayıt Dövlət Universitetinin Ümumi Tarix kafedrasının müdiri, professor Şirxan Səlimov isə məsələni tarixi aspektləri ilə analiz edərək deyir ki, I Pyotrun hakimiyyəti dövründə Rusiyanın Cənubi Qafqaz siyasəti, xüsusilə də Azərbaycan ərazilərinin işğalı dövlətin ən ciddi maraqlarından birinə çevrildi: “Şimal müharibəsini bitirdikdən dərhal sonra Rusiya Azərbaycanın Xəzəryanı vilayətlərini ələ keçirmək məqsədilə hərbi əməliyyata başladı. Hətta müəyyən müddətə də olsa öz məqsədlərinə nail ola bildilər. Lakin Rusiya Xəzəryanı vilayətlərdə uzun müddət qala bilmədi. I Pyotrun ölümü ilə bu məsələ Rusiyanın xarici siyasətində arxa plana keçdi. II Yekaterinanın hakimiyyət başına gəlməsi ilə Rusiyanın Cənubi Qafqaz siyasəti yenidən fəallaşdı. XIX əsrin I yarısından etibarən bu siyasət Azərbaycan torpaqlarının ardıcıl işğalları ilə davam etdirildi.

1828-ci ildə Türkmənçay sülh müqaviləsi ilə Azərbaycanın tarixi torpaqları Rusiya və İran arasında bölüşdürüldü. Çar Rusiyasının devrilməsinə baxmayaraq bolşeviklər hakimiyyət başına gəldikdən sonra Sovet rejimi bu işğalı daha incə vasitələrlə davam etdirdilər. Lakin XX ərin 80-ci illərinin ortalarından başlayaraq Sovet rejimi çökməyə və onun müstəmləkəsində olan respublikalarda isə milli azadlıq hərəkatı yüksəlməyə başladı ki, bu da Azərbaycan daxil olmaqla dövlət müstəqilliyinə gətirib çıxartdı”.

Tarixçi professor qeyd edir ki, bütün bunlarla yanaşı Rusiyanın Cənubi Qafqaz maraqları bu gün də mövcuddur və müstəqillik əldə etdikdən bu günə qədər Rusiya müəyyən vasitələrlə Azərbaycan müstəqilliyinə maneələr yaratmağa cəhd etməsinə baxmayaraq məqsədinə nail ola bilməmişdir: “Xüsusilə də son zamanlar Azərbaycan ərazisində yaşayan etniklərdən istifadə edilməsinə cəhdlər göstərilir. Ancaq hesab edirəm ki, bugünkü beynəlxalq vəziyyət tamamilə fərqlidir və Rusiyanın Cənubi Qafqaz üzərində təsir dairəsinin bərpa edilməsi mümkün deyildir”.

 

Göründüyü kimi, hər iki ekspert o qənaətdədir ki, Rusiyanın manevrlərində forpostlarının sayını artırmaq, eləcə də Azərbaycanı təsir dairəsinə salmaq meyilləri hiss olunur. Ancaq ümid edək ki, rəsmi Bakı bu günə qədər olduğu kimi vəziyyəti yenə də öz xeyrinə balanslaşdıra və nəzarətdə saxlaya biləcək.

Vüsal Məmmədov, “168 saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər