Stamenkoviç, sən idmançı deyilsən!

961

Bizim bəxtimiz legioner futbolçu sarıdan heç gətirmir. Özü də əcnəbi qapıçılar bu mənada xüsusiylə “fərqlənirlər”. “İnter”li Georgi Lomaya canlı yayınlanan oyunda biədəb yerini nümayiş eləmişdi. “Neftçi”nin serb qapıçısı Saşa Stamenkoviç isə gözəl bayramımızı korladı. Əcnəbi futbolçulara düşmən münasibət bəsləməyin tərəfdarı deyiləm. Özüm düz 50 ay qürbətdə yaşamışam və bilirəm ki, peşəsindən, harda olmasından asılı olamayaraq hər kəsə öz vətənindən kənarda çətin olur. Amma onu da yaxşı bilirəm ki, hansısa xarici ölkədə qonaq olan şəxsin yaşadığı yerin qayda-qanunlarına, adət-ənənələrinə hörtmətlə yanaşmaq borcudur. Saşanın mənəviyyatdan kasad adam olması elə Belqraddakı “Partizan”-“Neftçi” qarşılaşmasında görünmüşdü. Ölkə kubokunun finalında yaşananlar isə onun Azərbaycan dəyərlərini də vecinə almamasını isbatladı. Deyirlər, Çempionlar Liqasının 8 il bundan əvvəlki finalında “Liverpul”un polşalı qapıçısı Dudek də rəqib futbolçuları qıcıqlandırmaq üçün müxtəlif əl-qol hərəkətləri edirmiş. Eləmədim tənbəllik, internetdə həmin oyunun görüntülürə baxdım. Dudekin hərəkətlərinin Stamenkoviçin tərbiyyəsizliyi ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Adam “çərçivədə” dayanır, müxtəlif  hərəkətlərlə penalti zərbəsi vurmağa hazırlaşan “Milan”lıları çaşdırmağa çalışır, Stamenkoviçin topu Sialmasa tərəf tullamasına bənzər heç bir hərəkətə yol vermir. Toşakın Saşanı təxribata çəkmək üçün ona tərəf getməsiylə bağlı deyilənlərlə də razı deyiləm. Məlum məsələdir ki, “Xəzər Lənkəran”ın futbolçu və məşqçi heyəti medallarını almaq üçün fəxri kürsünün qurulduğu istiqamətə doğru getməliydilər. Elə Toşakın qapıçıyla məlum dialoqu da həmin kürsünün yaxınlığında baş tutdu. Heç kim proqnozlaşdıra bilməzdi ki, hansısa kiçik dialoqdan sonra hadisələr bu cür kəskin şəkil alacaq, Güloğlan Cabarov və “Neftçi”nin mühafizə xidmətinin əməkdaşları yumruq-təpiklərini işə salacaqlar. Cəmisi bir-neçə saniyə əvvəl meydanın mərkəzində “Neftçi”nin futbolçuları məğlubiyyətin üzüntüsünü yaşayan rəqiblərinin əlini sıxır, onlara təskinlik verirdilər. Hətta çılğınlığı ilə ad çıxaran Elnur Allahverdiyev belə xeyli sakit görünürdü. Uelsli çalışdırıcının hansısa gərginlikdə maraqlı olmadığını həm də ona görə əminliklə iddi edirəm ki, oyunun 56-cı dəqiqəsində Berttuçiylə gərginlik yaşayan Elnura Toşaq kəskin etirazını bildirdi, əliylə ehtiyyat oyunçular skamyasını işarə edərək, onu oyundan çıxaracağıyla hədələdi. Belə bir davranış sərgiləyən çalışdırıcının mükafatlandırma mərasiminə hazırlıq görüldüyü dəqiqələrdə, özü də ölkəmizdə ilk dəfə geniş publika qarşısında çıxdığı oyunda hansısa təxribata meyl edəcək qədər qarafikirli olduğu inandırıcı deyil. Əksinə, Stamenkoviçin hərəkətlərində dava-dalaş qoxusu həmişə hiss olunur, Güloğlan Cabbarovun isə belə davalarda təcrübəsi hər kəsə bəllidi. Söhbət heç də “adın çıxınca canın çıxsın” prinsiplərindən getmir. Olayların videoicmallarından tam aydın görünür ki, sözlü çəkişməni fiziki güc tətbiqinə çevirənlər məhz “Neftçi”nin mühafizəçiləri və Cabbarov olub. Daxili İşlər Nazirliyinin bu boyda biabırçılığın fonunda xırda xuliqanlıq əməllərindən bəhs edən açıqlamasına çox təəccübləndim. Əslində bu qalmaqalda xüsusi təhqiqat aparmağa ehtiyac da yoxdur. Döyən də bəllidir, döyülən də. Qalır kənar müdaxilələri dəf edib, hadisəyə düzgün hüquqi qiymət vermək. Hadisə baş verən anlarda polisin davranışları isə bu baxımdan vəziyyətin kifayət qədər mürəkkəb olduğunun göstəricisidir. Yaxşı yadımdadır, hələ iki il bundan əvvəl elə Respublika Stadionunda yaşanan oxşar hadisələr zamanı stadionda komandaların təhlükəsizlik xidmətlərinin buraxılmamısının vacibliyini önə çəkmişdim. Təəssüf ki, PFL indiyə qədər yaşananlardan dərs çıxarıb, bu vacib detala diqqət yetirmir. Bilmirsən stadionda təhlükəsizliyə əsgərlər cavabdehdir, yoxsa polislər. Əgər, bu iki qurum birlikdə sabitliyə cavabdehdilərsə, ona klubların cangüdənləri meydançada kimi kimdən qoruyur? PFL final oyununa o qədər diqqətlə və möhtəşəm hazırlaşmışdı ki, həmin olaylara qədər hər şey qüsursuz görünürdü. Açılış mərasimində milli rəqsləri ifa edənlərin milli bayrağımızın rənglərinə uyğun libasda olmaları, dövlət himnimizin əcnəbi futbolçular tərəfindən səsləndirilməsi bizi çox fərəhləndirmişdi. Hər şey bayramın möhtəşəmliyinə əlavə çalar qatacaq səviyyədə idi. Doğru deyiblər ki, eyibsiz gözəl olmur. Görünür, PFL-in də həmin axşamkı qüsuru kimlərinsə namərdcəsinə bu bayramı korlaya biləcəyinə hazırlıqlı olmamasıydı. Həmin anlarda fəxri kürsünün ətrafında hər iki klubun futbolçularından və məşqçilərindən başqa kənar adam olmasaydı belə rəzalət yaşanmazdı. Arxasında kimlərinsə “güclü əlinin” dəstəyini hiss etməyən Stamenkoviç atası yaşda olan Toşakın iradlarına qarşı aqressivlik nümayiş etdirməyə cəsarət də etməzdi. Baş verənlərdən ikiqat təəssüf hissi keçirdim. Axı, qəzetimizin bayram günü işıq üzü görən sayında final iştirakçısı olan klublara xitabən “lütfən, bayramımızı korlamayın” deyə müraciət etmişdim. Olmadı, penalti seriyasına qədər yaşadıqlarımız Stamenkoviçin növbəti təlxəkliyi sayəsinə burnumuzdan gəldi. Günahkarların layiqli cəzasını almasında futbol qurumu özü də maraqlı olmalıdır. İndiki vəziyyətdə PFL toyunda sərxoşların şuluq saldığı ev sahibi durumundadır. Mahir Şükürovla Elnur Allahverdiyevin davranışlarının isə Foqts tərəfindən “qiymətləndiriləcəyinə” inanıram. Sonda bayramımıza zəhər qatan Stamenkoviçə deyirəm: “sən idmançı deyilsən!”

 

Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər