“Standard” can hayında, Sumqayıt futbol istəyir

975

IMG_0906-300x225Məlum olduğu kimi, Unibank Premyer Liqasının başa çatmasına çox qısa bir zaman kəsiyi qalmaqdadır. Beləliklə, qeyri-adiliklər, sürpriz nəticələr, gözlənilməz olaylar və həyacan dolu daha bir mövsümü geridə buraxmaq ərəfəsindəyik. Başqa sözlə, Premyer Liqanın cari mövsümünün “əlaçılarının” və elitanı tərk edəcək son klubun müəyyənləşməsinə cəmi 2 tur qalmaqdadır.

Mövsümün gedişində komandalar o qədər də enişli-yoxuşlu qrafiq cızmasa da, Premyer Liqanın nəbzini tutmaq da asan olmadı. Söz yox ki, bunda çempionatın ilkin mərhələsini lider kimi tamamlayan və “qızıl” xallara görə də final mərhələsinə lider kimi başlayan “İnter”in, eləcə də “Bakı” və “Qarabağ”ın qeyri-sabit oyun sərgiləməsi, həmçinin ikinci “altılıq”da yer alan komandaların elitada qalmaq uğrunda qızğın mübarizə aparmasının təsiri danılmazdır.

Təbii ki, Unibank Premyer Liqasında çempionluq və Avroliqaya vəsiqə qazanmaq uğrunda mübarizə aparan komandaların göstərdiyi oyun qədər elitada yerini qorumağa çalışan klubların da mübarizəsi maraq doğurur. Nəzərə alsaq ki, şəhərimizin Premyer Liqadakı yeganə təmsilçisi “Standard” məhz ikinci “altılıq”da mübarizə aparır, belədə əsasən, ikinci “altılığ”a, xüsusən də şəhərimizin komandasının çıxışına diqqət yetirməyə dəyər.

Ölkənin futbol arenasında sonuncu dəfə “Gənclərbirliyi” ilə təmsil olunan Sumqayıtın uzun çəkən futbolsuz günləri nəhayət, Bakının “Standard” klubunun cari mövsümdən etibarən şəhərimizin təmsilçisinə çevrilməsi ilə başa çatdı. Təbii ki, Sumqayıtlı iş adamı İlqar Nuruyevin 2003-cü ildə yaratdığı “Gənclərbirliyi” komandası tarixin yaddaşına köçdükdən sonra Sumqayıta yenidən böyük futbolun qayıtması yerli futbol azarkeşlərinin ürəyincə oldu. Baxmayaraq ki, komandanın cari mövsümdəki çıxışını qənətbəxş saymaq olmaz. Komandanın premyer liqadakı çıxışı barədə danışmazdan öncə Sumqayıt təmsilçisində mövsüm ərzində baş vermiş məşqçi dəyişikliklərinə nəzər salaq.

Komanda rəhbərliyi Kaxaber Tsxadadzenin postunu tərk etdikdən sonra komandanın “sükanı arxası”na rusiyalı Andrey Çernşevi gətirdi. Lakin məşqçi ilə klub rəsmiləri arasında fikir ayrılığı yarandığından tərəflərin yolları da ayrıldı. Daha sonra komandanın baş məşqçi postu litvalı Valdes İvanauskasa tapşırıldı. Gəl ki, o, da komnada da çox qalmadı. Belə ki, litvalı məşqçinin rəhbərlik etdiyi komandanın uğursuzluğa düçar olması onunla da əməkdaşlığın vaxtından əvvəl dayandırılmasına şərait yaratdı. Mövsüm ərzində məşqçiləri “əlcək” kimi dəyişən klub bu dəfə yerli məşqçiyə etimad göstərdi və komandaya klubun hazırkı çalışdırıcısı Böyükağa Hacıyev dəvət olundu.

Komandanın Unibank Premyer Liqasındakı çıxışına gəlincə, çempionatın ilkin mərhələsində cəmi 11 xal toplayan “Standard” yalnız “Karvan”ı qabaqlaya bildi. Təbii ki, ilkin mərhələnin nəticələrinə əsasən sondan 2-ci olan şəhərimizin komandası ikinci “altılıq”da yer aldı. Əsas rəqiblərlə görüşlərdən qazanılan “qızıl” xalların sayına görə də yalnız Yevlax təmsilçisini üstələyə bilən “Standard” final mərhələsinə 9 xalla başladı.

Final mərhələsinin ilk turunda paytaxtda səfər edən “Standard” səfərdə “Olimpik-Şüvəlan”ı yenməyi bacardı. “Altılılq” mərhələsinin 2-ci turundasa doğma publika önündə “Turan”ı qəbul edən Sumqayıt klubunun uğurlu seriyanı davam etdirəcəyi gözləniləsə də oyun komandanın 2:3-lük yenilgisi ilə başa çatdı.

Premyer Liqanın 25-ci, “altılıq” mərhələsinin isə 3-cü turunda gənclik şəhərinin komandası “Muğan”ın qonağı oldu. Təbii ki, Salyan təmsilçisi Premyer Liqada qalmaq uğrunda “Standard”ın əsas rəqiblərindən olduğundan və komandaları bir-birindən cəmi 2 xal ayırdığından matçın əhəmiyyəti böyük idi. Təəssüf ki, oyun komandamızın məğlubiyyəti ilə (1:0) nəticələndi və 2 komanda arasında xal fərqi 5-ə yüksəlmiş oldu.

Premyer Liqanın növbəti, 26-cı turunda əsas rəqiblərindən daha biri olan “Karvan”la Yevlaxda qarşılaşan şəhərimizin təmsilçisi “altı xallıq oyun”da növbəti dəfə səfər qələbəsinə sevinən tərəf oldu. Oyun “Standard”ın 2:1-lik qələbəsi ilə başa çatdı. Bu qələbədən sonra gənclik şəhərinin komandasını ikinci “altılığ”ın lideri “Simurq”dan 9, “Olimpik-Şüvəlan”dan 8, “Turan”dan 3, “Muğan”dan isə 2 xal ayırırdı.

“Altılıq” mərhələsinin 1-i dövrəsinin son turunda doğma publika önündə 2-ci “altılığ”ın lideri “Simurq”u qəbul edən “Standard” 3 xalı 3 qolla əldə etdi (3:1) və elitada qalmaq ümidlərini artırdı. Elə matçdansonra komandanın baş məşqçisi Böyükağa Hacıyevin “Məncə “altılığ”ın ikinci dövrəsində əsas rəqiblərimizi  öz meydanımızda qəbul edəcəyimizdən elitada qalmaq problem olmayacaq” deməsi komanda üzvlərinin Premyer Liqada qalacaqlarına olan inamının göstəricisi idi.

Premyer Liqanın “altılıq” mərhələsinin 2-ci dövrəsinin ilk turunda “ev”də “Olimpik-Şüvəlan”ı qəbul edən “Standard”ın qələbəsinə inananlar az deyildi. Şəhərimizin təmsilçisi ilk dövrədə paytaxt klubuna qalib gəldiyindən doğma publika önündə də eyni uğura imza atacağını gözləmək olardı. Amma gözlənilənin əksinə, şəhərimizin komandası minimal hesabla məğlub oldu.

Premyer Liqanın 29-cu, “altılıq” mərhələsinin isə 7-ci turunda “Standard” səfər meydançasında “Turan”la qarşılaşdı. Oyundan bir xalla (0:0) ayrılan Sumqayıt təmsilçisi xallarının sayını 19-a çatdırdı. Bu turdan sonra “Muğan”dan 2 xal geri qalan “Standard” növbəti turda “Muğan”la qarşılaşmadan qələbəylə ayrılaraq xal fərqini öz xeyrinə dəyişə bilərdi.

Ötən həftə isə Salyan təmsilçisini qəbul edən gənclik şəhərinin komandası gözlənilmədən məğlubiyyətə uğradı. Bununla da, 2 komanda arasındakı xal fərqi 5-ə yüksəldi və sona 2 tur qalmış komandamızın Premyer Liqada qalmaq şansları xeyli azaldı. Belə ki, “Standard”ın elitada qalması yalnız o halda, mümkün olar ki, komandamız Premyer Liqanın son 2 turunda qarşılaşacağı hər 2 komandanı, yəni öz meydanında artıq elitayla rəsmən vidalaşmış “Karvan”ı və səfərdə “Simurq”u yensin, həmçinin şəhərimizin təmsilçisindən 5 xal öndə olan “Muğan” son 2 turdan xalsız ayrılsın. Salyan təmsilçisi 2 görüşdən birində xal qazansa, belədə son nəticədə xallar eyni olsa belə, şəxsi oyunların nəticəsinə görə “Standard” rəqibinə uduzduğundan elitayla vidalaşacaq 2-ci komanda məhz Sumqayıt klubu olacaq. Hər halda, bütün suallara 2 turdan sonra aydınlıq gələcək. Sonda isə 2-ci “altılıq”dakı turnir cədvəlini sizə təqdim edirik.

Tural

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər