Stansiya Sumqayıtın bitməyən problemləri

2062

Sumqayıt Şəhəri Stansiya Sumqayıt qəsəbəsində bir neçə ay öncə – ötən ilin noyabrında yolların təmirinə başlanılanda əhali «artıq əzab-əziyyətdən qurtulduq» deyə sevinmişdi. Qeyd edək ki, çoxsaylı əhalinin yaşadığı Stansiya Sumqayıt qəsəbəsində asfalt döşənərkən onun keyfiyyəti barədə əhalinin narazılığı yox idi. Yəni ilk baxışdan yolların keyfiyyətli təmir olunduğu görünürdü. Amma çox keçmədi ki, həmin yoldan əsər-əlamət belə qalmadı və yollar tamamilə yararsız hala düşdü. Ora xərclənən vəsait demək olar ki, göyə sovruldu.
Yaranmış vəziyyətlə bağlı əhali narazılığını hafta-ichi.az-ın əməkdaşı ilə bölüşdü.
Qəsəbə sakini Güldəstə xanım deyir ki, yollar təmir olunanda artıq uzun illər rahat gediş-gəlişin mümkün olacağını düşünsələr də, az keçməmiş bunun əksinin şahidi olublar: «Bilirsiniz ki, bu qəsəbə şəhər kənarından çox da uzaqda yerləşmir və sakinlər hər gün Sumqayıta və Bakıya işə gedirlər. Yağışlı havada o qədər palçıq olur ki, marşrutdan düşəndə adam utanır. Səni görənlər elə bilirlər ki, ucqar bir dağ rayonundan gəlmisən. Amma daha bilmirlər ki, Sumqayıtdan 15 dəqiqəlik məsafədə yerləşən bir qəsəbədə yaşayırıq».

Taksilər Stansiya Sumqayıta müştəri aparmaq istəmir

Sürücü işlədiyini deyən və bu yoldan tez-tez istifadə etdiyini önə çəkən taksi sürücüsü Samir İbişov isə vurğuladı ki, yolların bərbad vəziyyətdə olmasına görə bura müştəri aparmaq da istəmirlər: «Biləndə ki, müştəri Stansiya Sumqayıta gedir, düzü ora ya getmək istəmirik, ya da qiyməti qaldırırıq. Qiyməti ona görə qaldırırıq ki, yollar xarab olduğundan maşınlarımız tez sıradan çıxır və ya tanış qəsəbə sakini olanda məcbur gedirik. Heç kim gözləməzdi ki, 3 ay müddətinə yeni çəkilən asfalt tamamilə sıradan çıxacaq».
Qəsəbə sakini Vaqif Əbiyev deyir ki, uzun illərdir ki, burada yaşayır. Onun sözlərinə görə, son 20 ildə bura ikinci dəfə asfalt çəkilib: «Amma həmişə çəkilən asfaltların ömrü qısa olub. Bunun bir səbəbi də yollar təmir olunarkən kanalizasiya xətlərinin çəkilməsinin yaddan çıxmasıdır. Asfalt tökməklə iş bitmir, gərək yollar təmir olunanda bütün tələblərə uyğun iş aparılsın. Bu belə olmayanda, axırı da gördüyünüz kimi mənzərə yaranır».
Onu da bildirək ki, bu qəsəbənin yaxınlığında hərbi hissə də var və hərçbilər də sözügedən yoldan istifadə edirlər. Hərbi hissəyə aparan yol isə tamamilə sıradan çıxıb və bura sovet dönəmindən sonra ümumiyyətlə, asfalt çəkilməyib.
Əhalinin narazılığı təkcə yol problemi ilə bitmir. Daha bir problem isə marşrutla bağlıdır. Bu qəsəbədən yeganə marşrut xətti Sumqayıt şəhərinə var. Amma burada əhalini narazı salan problem bir marşrut xəttinin 2 qəsəbəni əhatə etməsidir. Yəni Stansiya Sumqayıta işləyən 10 saylı marşrut xətti əvvəlcə «Tok zavod» adlanan qəsəbəyə gedir. Bundan sonra isə yenidən Stansiya Sumqayıta qayıdır. Bununla da əhali kifayət qədər vaxt itirir. Daha bir narazılıq yaradan səbəb isə avtobuslararası intervalın olmamasıdır. Yəni avtobusların hərəkət etməsi üçün tam dolması lazımdır. Bu da 10 dəqiqə və ya yarım saat çəkə bilər. Yəni sərnişinlərin sayı burada əsas rol oynayır.
hafta-ichi.az-a edilən müraciətlərlə bağlı apardığımız araşdırmaların həllinin zəruriliyini üzə çıxardı. Ən maraqlı məsələ normal çəkildiyi hesab olunan asfaltın təqribən 3 ay müddətinə tamamilə sıradan çıxmasıdır. Sakinlər bunu yollarda iritutumlu maşınların tez-tez görünməsi, su kanalizasiya xətlərinin olmaması ilə yanaşı, həm də asfalt örtüyünün keyfiyyətsizliyi ilə bağlayırlar. Son söz isə əlaqədar qurumlarındır.

Əli Zülfüqaroğlu, hafta-ichi.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər