STP yeni təcrübə proqramına başlayıb

1884

Sumqayıt Texnologiyalar Parkı gənc və perspektivli insanlar üçün ilkin təcrübə tələb etməyən ödənişli təcrübə proqramını həyata keçirir.

Parkdan AZƏRTAC-a bildiriblər ki, “Sənin Təcrübə Proqramın” adlanan layihə 18-30 yaşlı gənclərin ixtisas/peşə biliklərinin artırılması və bacarıqlarının iş sahəsində inkişaf etdirilməsi məqsədini daşıyır. Layihə iştirakçılara peşə yolunda ilk təcrübələrinin Azərbaycanın istehsal sənayesinin qabaqcıl şirkətlərindən birində əldə etməyə imkan yaradır. Bundan başqa, fəaliyyəti zamanı xüsusi həvəs, bilik və bacarığı ilə seçilənlər müəssisədə iş fəaliyyətini davam etdirmək imkanını əldə edəcəklər.

Bu layihə STP-nin həyata keçirdiyi ilk təcrübə proqramı deyil. Bundan öncə də oxşar layihələr həyata keçirilib və hazırda yüzdən çox belə proqram iştirakçısı STP-də iş fəaliyyətinə davam edir. Bu cür layihələrlə STP həm bilikli və bacarıqlı gəncləri öz fəaliyyətinə cəlb edir, həmçinin istehsal sahəsində kadr çatışmazlığının azalmasına töhfə verir. STP-nin təcrübə proqramlarında iştirak etmiş şəxslər rahatlıqla digər müəssisələrdə iş tapa bilirlər.

Layihədə orta məktəb, peşə ixtisası, lisey, kollec və ali təhsili olan gənclər müraciət edə bilər. İştirak etmək istəyən şəxslər təhsili təsdiq edən sənədlər (əgər varsa), iştirak etdiyi əlavə kurs və təlimləri təsdiq edən sənədləri (əgər varsa) və CV-lərini mövzu hissəsində “STP 6 aylıq təcrübə proqramı” qeyd etməklə mayın 20-dək cv@stp.az ünvanına göndərməlidirlər.

“Sənin Təcrübə Proqramın” mühəndis, mexanik, operator, avtomobil təmiri ustası, elektrik montyoru, ilməkçi, laborant, qaynaqçı, çilingər, rəngsaz, tornaçı, dülgər kimi vakansiyaları əhatə edir.

Qeyd edək ki, seçilmiş namizədlər Texnoparkda 6 ay işləyəcəklər və aylıq 300 AZN xalis əməkhaqqı alacaqlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər