Su qiymətinə evlər… (ARAŞDIRMA)

839
«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin (ƏBİİB) daşınmaz əmlak üzrə eksperti Rövşən Talıbzadə mənzillərin sosial kirayəyə verilməsinin tətbiqinin ilkin mənzil bazarına təsir edəcəyini gözləmir: «Heç kim ümid eləməsin ki, hökumət evləri sosial kirayəyə verməyə başlayacaq, bu da yeni tikilən binalarda qiyməti salacaq – bunun o məsələyə heç bir dəxli yoxdur. Sosial kirayəyə şamil olunacaq əhali ilkin mənzil bazarının potensial alıcısı deyil»,- deyə Talıbzadə ANS PRESS-ə bildirib. Buna görə də ƏBİİB təmsilçisi bu məsələnin əhalinin sosial rifahı baxımından çox müsbət nəticələr verəcəyinə inanır: «Ən azından neft mədənlərinə aid ərazilərə girib gecəqondu tikməyəcəklər. Belə adamların evlərini sökəndə böyük sosial etirazlar müşahidə edilir. Deyirlər, qoy, onda dövlət bizi mənzillə təmin etsin».Məsələ isə gündəmə dekabrın üçüncü on günlüyündə iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova tərəfindən Azərbaycanın mənzil-kommunal problemlərinə həsr edilmiş bir konfransda gündəmə gətirilib. Xanım Həsənova bu cür evlərin aşağı qiymətlərlə az təminatlı ailələrə uzun müddətli kirayəyə veriləcəyini bildirib. İqtisadi İnkişaf Nazirliyindən (İİN) ANS PRESS-ə verilən məlumatda isə, bu cür evlər barədə ümumi anlayışların Azərbaycanın Mənzil Məcəlləsində olduğu, hazırda məsələnin tətbiq mexanizmlərinin işləndiyi bildirilib. «Məcəlləyə görə, sosial kirayənin tətbiqi üçün sosial mənzil fondu yaradılmalıdır. Fondun yaradılması üçün mövcud imkanlardan da istifadə edilə bilər, yeni evlər də tikilə bilər»,- deyə məlumatda vurğulanıb.Azərbaycanın ailə təsərrüfatlarını araşdırdıqda belə evlərə ehtiyacı olanların sayının yüz minə yaxın olduğu ortaya çıxır, təkcə Bakı şəhərində qeydiyyatda olan 60 minə yaxın ailənin belə evlərə ehtiyacı var. Bunu görmək üçün rəsmi dövlət statistikasına sadə bir ekskursiya aparmaq gərəkdir. Statistikaya görə, Bakı şəhərində 500 minə yaxın ailə təsərrüfatı qeydiyyatdadır və bunun 5,2%-nin mənzilə birbaşa ehtiyacı var. Çünki 2%-i qohumlarının himayəsinə daldalanıb, 3,2%-i isə kirayədə yaşayır. Bakıda böyük əksəriyyət üçün kirayənin nə olduğunu da aydın məsələdir – ailəli adam 100-120 manata təxminən 15 kvadratlıq bir otaq tutur və əsasən üç nəfərdən ibarət ev təsərrüfatını bu şərtlər altında yaşatmağa məcbur olur. Yəni statistikaya görə, Bakıda təxminən 26 min ailə oxşar şərtlərlə yaşamağa məcburdur. Amma mənzilə ehtiyacı olan ailə təsərrüfatlarının sayı təkcə bununla məhdudlaşmır – statistikaya görə, Bakıda qeydiyyatda olan ailələrin 5,4%-i yerli hakimiyyətə, 1%-i isə müəssisə və təşkilatlara məxsus binalarda məskunlaşıblar. Əslində, bu, özəlləşdirilməmiş yataqxanalar deməkdir və bu binaların demək olar ki, əksəriyyəti vaxtilə müəssisə və təşkilatlara məxsus olub. Sonradan müəssisələr özəlləşdirildiyindən yataqxanalar yerli icra hakimiyyətinin balansına keçirilib.İlkin araşdırmalara görə, bu binalarda vəziyyət doğrudan da dözülməzdir və orada yaşayan insanların hamısının ayrıca mənzilə ehtiyacı var. Bu yataqxanalarda bəzən eyni otaqda orta yaşdan yuxarı bir neçə insan yaşayır ki, çox vaxt onların məişət həyatı bir-birinə maneçilik törədir, şəxsi həyatdan isə danışmağa dəyməz. Məsələn, ANS PRESS əməkdaşı Nərimanov rayonu ərazisində yerləşən yataqxanalardan birində bir otaqda qeydiyyatda olan iki yaşlı qadının hər gün saçyoldusuna qalxdığının şahidi olub. Vaxtilə eyni zavodda fəhlə işləmiş və rəfiqə olmuş bu qadınlar iş yeri bağlandıqdan sonra ictimai-iaşə sektorunda çörək pulu qazanmağa məcbur olublar. Qadının biri yeməkxanada qabyuyan işləyir və hər gün gecə saat 1-də evə gəlir, o biri isə çörəkbişirmə sexində iş tapıb və gecə saat 5-də yuxudan durmalıdır. Onda görə erkən yatır. Beləliklə, qadınlar həmişə bir-birlərinin yuxularına haram qatırlar və dava düşür. Bu kimi misallar çoxdur və maraqlıdır ki, Sumqayıtın yerləşdiyi Abşeron iqtisadi rayonunda ailələrin 20%-i yataqxanalarda məskunlaşıb, yəni yataqxana sayı yetərincə çoxdur.

Yəqin məhz elə bu səbəbdəndir ki, hökumət sosial mənzil fondu yaratmaq layihəsində ilk diqqəti məhz yataqxanalara verəcək. Yəni yataqxanların sanitariya qovşaqları və dəhlizləri, blok girişləri təmir edilərək, otaqları qruplaşdırılaraq ən azı kommunal mənzil səviyyəsinə gətiriləcək və daha sonra orada yaşayanlarla uzun müddətli icarə müqaviləsi bağlana bilər. Yəni ki, hökumət dairələrindən sosial mənzil tikintisi ilə bağlı söz-söhbət hələ ki, yoxdur. Lakin şərtlər göstərir ki, bu proqram sosial mənzil tikintisi olmadan gerçəkləşdirilə bilməz. Ən azından ilk yataqxananı sosial mənzilə çevirmək üçün onun sakinlərinin başqa evə yerləşdirilməsi vacibdir ki, proses davam edə bilsin. Həmçinin, yataqxanalarda bir otaqda yaşamağa məcbur olan orta yaşlı adamların da ayrıca mənzilə yerləşdirilməsi vacibdir ki, bu da yeni mənzillərə ehtiyac doğurur.

Bu səbəbdən iqtisadçı ekspert Vüqar Bayramov sosial mənzil fondunun formalaşması üçün yeni mənzillərin tikilməsini vacib sayır: «Digər ölkələrin təcrübəsi göstərir ki, sosial mənzil fondunun formalaşması üçün büdcədən tikinti üçün vəsait ayrılmalıdır və özəl şirkətlər tərəfindən bu tikilərək dövlətə təhvil verilməlidir. Bu mənzillər müvafiq dövlət qurumunun – bizim misalda İqtisadi İnkişaf Nazirliyinin balansına verilməlidir».

İqtisadçı-ekspertin fikrincə, bu binaların ayrıca mikrorayonlar şəklində salınması onların idarə edilməsini asanlaşdırmaqla yanaşı, həm də şəhərsalmada proporsional inkişafı təmin edə bilər: «Belə massivlərin yanında sənaye zonaları da yaradıla bilər».

Vüqar Bayramovun fikrincə, bu mənzillər az təminatlı ailələrə yalnız kirayəyə deyil, aşağı qiymətlə uzun müddətə kreditə də verilə bilər: «Məsələn, Türkiyədə sosial mənzil layihəsi çərçivəsində evlər uzun müddətli kreditə verilir və ailənin aylıq ödənişi təxminən 100 dollar ətirafında dəyişir. Bu, İstanbul və Ankara kimi şəhərlərdəki kirayə qiymətlərindən xeyli aşağıdır. Bu pulu ödəyən ailə 25 ildən sonra mənzilə sahib olur»,- deyə iqtisadçı ekspert vurğulayır. İqtisadçı ekspertin fikrincə, hələ ki, Azərbaycanın sosial mənzil fondu olmadığından hökumətin də bu iki variantdan hər hansı biri barədə seçim etməsi də mümkün deyil.

Lakin bununla yanaşı, dünya təcrübəsini araşdıranda, hökumətin üstünlük vermək istədiyi variantın da əhalinin sosial rifahı üçün pis olmadığı ortaya çıxır. Məsələn, sosial kirayə təcrübəsinin ilk Qonkonqda tətbiq etdilib. 1953-cü ildə 53 min adamın yaşadığı Şek Kip Mi gecə qondu məhəlləsində yanğın olub. Hakimiyyət onlar üçün yeni evlər tikərək uzunmüddətli (təxminən 10 il) kirayə müqavilələri bağlayıb və bu müqavilələrdə müştərinin istəyi ilə uzadılmaq imkanı da qeyd edilib. Həmin evlərdən alınan kirayə haqqı kirayə bazarındakından 10 dəfə aşağı olub. Həmin vaxt Qonkonqda evlərin orta kirayə haqqı 100 dollar olduğu halda Şek Kip Mi sakinləri ilə bağlanan müqavilələrdə aylıq kirayə qiyməti 10-14 dollar təşkil edirmiş. Qonkonqun həmin məhəlləsində yaşayanlar üçün kirayə qiymətlərindəki fərq indi də davam edir. Nəsillər dəyişsə də, bir çox ailələri həmin vaxt aldıqları mənzillərdə qalmaqda davam edirlər. Yəni əhali üçün çox əlverişli varinatdır.

Daşınmaz əmlak üzrə eksperti Rövşən Talıbzadə bunun dövlət üçün də əlverişli sayır: «Dövlət bu mənzillərin tikintisinə bir dəfə vəsait ayıracaq, amma onillər boyunca həmin mənzillərə görə büdcəyə vəsait daxil olacaq. Bunu neft gəlirlərinin əlverişli yerləşdirilməsi də saymaq olar».

Özü də müstəqil tikinti ekspertlərinin dediyinə görə, Bakıda dövlət ərazisində tikilən evlərin 1 kv metri təmirli şəkildə təxminən 300 manata başa gəlir. Bakıda mənzilə ehtiyacı olan 60 min ailəni yerləşdirmək üçün orta hesabla 300 min kv mənzil sahəsi inşa edilməlidir. Yəni ildə bir necə yüz milyon manat büdcə vəsaiti ayırmaqla Azərbaycanın mənzil problemi həll edilmiş ola bilər./anspress.com/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər