Şühədaya şahidlər

1063

Şühəda amalları və inancları uğrunda canını fəda edən şəhidlərin cəmidir. Şühədalıq haqq savaşına qalxanların son mənzilidir. Şühəda şəhiddir, o şəhid ki, kəlməsi Quranda “şahid” kimi təqdim olunur. Bu şahidlər qələbəyə gedən yolun ədalətdən keçdiyini dərk etmiş, qarşısına qoyduğu hədəfə çatmaq üçün ədalətli olaraq, ümidlə mübarizəyə qalxmış və torpaqların azadlığı uğruna canlarını fəda edərək haqqın dərgahına qovuşmuşlar.

Bu ədalət carçılarının içərisində ölümə nəfəs qədər yaxın olan, gələcək nəsillərə şəhidlərin şahidləri kimi qələbəni öz dilləri ilə təhkiyə edən Vətən müharibəsinin qaziləri də var. O qazilər ki, Arafın nə olduğunu bu dünyada anlamış, müharibənin cəhənnəm səhnəsi ilə ölümün cənnəti arasında yer almışlar. Onlar ölümün dərgahından son anda qayıdan yer üzünün canlı şəhidləridir. Hər biri qələbənin şərbətini eyni dadıblar-qazi kimi, amma hərəsi o dəhşəti gələcəyə fərqli şəkildə aparır; kimisi bədəninin bir və ya bir neçə hissəsində gəzdirdiyi qəlpələr ilə, kimisi isə şüuruna yerimiş və hisslərində yer almış müharibə xatirələri ilə… Şəhidləri düşüncə və xatirələrində yaşadan bu şahidlər şahidlik etdiklərinin son kəlməsini, arzusunu və ya üzərində daşıdığı hər hansı bir əşyasını onların valideynlərinə ərmağan edənlərdir. Elə buna görə də şahidlər şəhid ata-anaları üçün şəhidin siması kimi görünür. İndi cəmiyyət içində onlar uşaqlıq xatirələrini deyil, müharibənin qalibiyyət dolu anlarını dilə gətirirlər. Artıq biz onları əvvəl tanıdığımızdan fərqli olaraq tanıyırıq; övladlarına görə ölmək istəmədiyini söylədikdən dəqiqələr sonra snayper gülləsinə tuş gələrək şəhadət qapısını açan şəhidin şahidi olan Elman Məmmədov kimi, Şuşanın azad olunduğu gün xəstəxana pəncərəsinə çıxaraq fəxrlə “qələbə” qışqıran, qolunun birini vətənə qurban vermiş Sahil Həsənli kimi, neçə ilini Xüsusi Təyinatlı Qüvvələrə həsr etmiş,qəlbində vətəndən nişan olaraq snayper gülləsini gəzdirən Bəhruz Muradov kimi, torpağın üzərinə basdığı ayaqları qəlpələrlə dolan, yaralı olmasına rəğmən döyüşmək üçün israr edən Sənan Həsənov kimi, ayaqları gözü önündə dəfn edilən, vətən fədaisi Camal Alxasov kimi, həyatını xilas etmiş “Əfsanəvi tabor” qəhrəmanlarından Əliyev Kərim və Vəliyev Elyardan halallıq ala bilmədiyini hər müsahibəsində dilinə gətirən Seyidbala Əliyev kimi, 13 “Əfsanəvi tabor” mübarizlərinin döyüş yoluna şahidlik etmiş canlı kitab olan Ayar Abbasov kimi tanıyırıq.

Heç bir kəs gücü çatmadığı yükü daşıya bilməz. Əməlləri niyyətlərinə görə dəyər qazanan şühəda şahidləri gücləri çatdığı yüklərlə;həm əzalarında gəzdirdikləri qəlqələrlə, həm də şüurlarına hakim kəsilən hissləri ilə millətin maddi-mənəvi sərvətinə çevrildilər.

Xəyalə Həmzəliyeva, Sumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbinin müəllimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər