Dünən Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi və Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyəti “narkotik istifadəsinin yayılmasının qarşısının alınmasına alternativ yanaşma” layihəsi çərçivəsində Sumqayıt şəhərində tədbir keçirib.
Tədbirdə Sumqayıtda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları ilə yanaşı, DİN baş narkotiklərlə mübarizə İdarəsinin , Sumqayıt şəhər Səhiyyə və Təhsil şöbələrinin, prokurorluq orqanlarının və gənclər təşkilatlarının təmsilçiləri iştirak edib.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Tanrıverdi Aydınov qeyd edib ki, dünyada 137 narkotik marşrutu var və onların 37-si Azərbaycanın ərazisindən keçir: “Son 4 ay ərzində 1231 nəfər məsuliyyətə cəlb olunub. Ümumiyyətlə son 4 ay ərzində keçən illə müqayisədə artım qeydə alınıb və bu fakt Sumqayıt şəhərində də özünü göstərir”
T. Aydınov 2009-cu ildə ölkədə 23.206 nəfər narkotik istifadəçisi narkoloji dispanserdə qeydiyyatda olduğunu qeyd etdi: “onların 7 nəfəri 18 yaşınadək, 3817-si 18-29 yaşınadək, 19 382 nəfər isə 30 yaşından yuxarıdır. Narkotik istifadəçilərinin 22.708 nəfəri kişi, 498 nəfəri qadındır”
Narkotik istifadəçilərinə qarşı mübarizənin alternativ üsullarla aparılmasının zəruriliyi tədbirdə xüsusi olaraq qeyd olunub. Bunun üçün reabilitasiya mərkəzləri yaradılması, məktəblərdə, mətbuatda narkomaniyanın zərərləri ilə bağlı maarifləndirici işlərin aparılmasının vacibliyi vurğulanıb.