“Azərenerji” ASC-nin mətbuat xidmətinin “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”nə istinadən yaydığı məlumata görə, şəbəkədə əsaslı və cari təmir işləri əvvəlcədən təsdiqlənmiş plan əsasında qrafikə uyğun şəkildə həyata keçirilir. Məlumatda bildirilib ki, hazırda 500-dən artıq elektrik dayaqlarının rənglənməsi işləri yerinə yetirilir ki, bu da gədəcəkdə baş verə biləcək korroziya hadisəsinin vaxtında qarşısının alınması üçün mühüm tədbirlərdən biridir. Bu işlər əsasən 330 kilovoltluq “Xaçmaz” və “Dərbənd, hava elektrik verilişi xətlərinin dayaqlarında həyata keçirilir. 110 kilovoltluq “Sumqayıt-3” yarımstansiyasının köçürülməsi ilə əlaqədar nəzərdə tutulan tədbirlər də icra olunur. Bunun üçün yeni sahə ayrılıb və hazırda ərazidə müvafiq tədbirlər görülür. Yarımstansiyadakı avadanlıqlar müvəqqəti olaraq yeni tikilən yarımstansiyanın yaxınlığında quraşdırılır. Keçid dövrü üçün burada köhnə yarımstansiyadakı bir ədəd 80 meqavatlıq və 2 ədəd 75 meqavatlıq transformatordan birinin istismarı planlaşdırılıb. Hazırlıq işləri başa çatdıqdan sonra yüklər yarımstansiyaya köçürüləcək.