Sumqayıt Bələdiyyəsində şəhərdə aparılan quruculuq işləri müzakirə olunub

1861
Sumqayıt Bələdiyyəsində Məhəllə Komitələrinin üzvlərinin iştirakı ilə 2015-2018-ci illərdə şəhərdə aparılan quruculuq işləri müzakirə olunub.
Sumqayıt şəhər Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev son illərdə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə şəhərdə aparılan yenidənqurma, abadlıq və iri infrastruktur layihələri barədə məlumat verib.
G.Əliyev “Sumqayıt doğma evimizdir, onu daha da müasir şəhərə çevirmək hər birimizin borcudur” devizi ilə şəhər ictimaiyyəti ilə silsilə görüşlərin keçirildiyini və mövcud problemlərin aşkarlanması, təhlili və həlli baxımından bu görüşlərin əhəmiyyətli olduğunu vurğulayıb. Şöbə müdiri abadlaşdırılmış ərazilərdə qurulmuş infrastrukturun qorunub-saxlanmasında şəhər ictimaiyyətinin dəstəyinin vacib olduğunu qeyd edib.
Bildirilib ki, son 3 il ərzində şəhərdə bənzərsiz dənizkənarı bulvar, möhtəşəm Heydər Əliyev Mərkəzi, Şahmat və İncəsənət Məktəbi, Yeni Azərbaycan Partiyasının inzibati binası, Bayraq Muzeyi istifadəyə verilib, Dram Teatrı və Kimyaçılar Sarayı yenidən qurulub.
Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov görülmüş işlər nəticəsində Sumqayıtın Qafqazın ən müasir şəhərlərindən birinə çevrildiyini bildirib.
Qeyd edilib ki, bu dövr ərzində Sumqayıtın mikrorayon və məhəllələr ərazisində 27 abad məhəllə yaradılıb, 305 lift yenisi ilə əvəz olunub, 80 binanın fasadı əsaslı şəkildə təmir edilib, 550 yaşayış binasının dam örtüyü tamamilə yenilənib. Şəhər ərazisində yol, küçə və mikrorayon ərazilərinə ümumilikdə 3000000 kv.metrdən çox sahəyə asfalt döşənib, 2000000 ədəddən çox mövsümi, çoxillik güllər və gül kolları, 200000 ədəddən çox ağac əkilib.
Sumqayıt həm də sənaye şəhəri kimi güclənir. Bu illər ərzində şəhərdə xeyli sayda sənaye-istehsal müəssisələri fəaliyyətə başlayıb, nəticədə minlərlə iş yerləri açılıb.
“Sumqayıt” qəzetinin redaktoru Qüdrət Məlikovun, Bələdiyyə üzvü Fəxrəddin Rəhimovun və Məhəllə komitəsinin sədri İndira Şəmsivarinin çıxışlarında da şəhərdə görülmüş irimiqyaslı işlər nəzərdən keçirilib.
Daha sonra məhəllə komitələrinin nümayəndələrinin çıxışları dinlənilib, qaldırılan problemlər qeydə alınıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər