Sumqayıt da rüşvətsiz xidmətə keçdi (FOTOREPORTAJ)

2471

50 yaşlı Savalan Kərimov 37 ildir ki, Sumqayıtda yaşayır. Şəxsiyyət vəsiqəsini dəyişmək istəyən Savalan dayı Sumqayıtda ASAN xidmət mərkəzinin açıldığını biləndən sonra bura müraciət etmək qərarına gəlib. Ömründə “bir neçə cür” passport dəyişdiyini deyən S. Kərimovun sözlərinə görə, ASAN-ı seçməsinə səbəb xidmətin daha rahat başa gəlməsidir.

Biz də Savalan Kərimovla birlikdə ASAN xidmətə daxil olduq. Girişdə vətəndaşları xidmətin əməkdaşı qarşılayır. Hansı sənəd düzəltməkləri ilə maraqlanıb, onları lazımı yerlərə istiqamətləndirir.

Bir neçə gün öncə prezident tərəfindən açılışı olan Sumqayıt ASAN xidmət mərkəzi 3 mərtəbəlidir. Mərkəzin girəcəyində qoyulmuş məlumat tablolarında ASAN xidmət barədə lazımı məlumatlar qeyd edilib. Bundan əlavə, mərkəzin girəcəyində xüsusi aparatlar quraşdırılıb. Şəxsiyyət vəsiqəsini həmin aparata salaraq lazımı xidməti seçmək olar. Daha sonra isə növbəyə durmaq üçün sıra nömrəsi götürmək lazımdır.

Sumqayıt ASAN xidmət mərkəzi Sumqayıt, Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında olan əhaliyə də xidmət göstərəcək. Bundan əlavə, xidmətin səyyar xidmət avtobusları müraciət edən rayon sakinlərinə səyyar xidmətlər göstərəcək. Mərkəzin içərisində növbə gözləyən vətəndaşlar asudə vaxtlarını səmərəli keçirmək üçün içəridəki köşkdə qoyulmuş qəzet və jurnalları oxuya bilərlər. Burada gözləmə zalı, bank və poçt xidmətləri, tibb məntəqəsi, kafe və uşaq əyləncə otağı və s. fəaliyyət göstərir. Hal-hazırda müraciət edən əhalini məlumatlandıran ASAN xidməti mayın 15-dən funksional xidmətə başlayacaq.

Qeyd edək ki, ötən ilin dekabrın 29-da Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və 1 saylı Bakı ASAN xidmət mərkəzinə vətəndaşlar tərəfindən elə ilk gündən maraqla qarşılayıblar.

Mərkəzin böyük özəlliyi bu xidmətlərin məmurlara heç bir rüşvət ödənilmədən həyata keçirilməsidir. Sumqayıt ASAN xidmətində ilk dəfə əlillər üçün xüsusi lift quraşdırılıb. Gözdən əlil insanlar üçün bu liftdə müvafiq şərit yaradılıb.

Mərkəzin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, xidmət yaxın vaxtlarda paytaxtın digər rayonlarında, o cümlədən, may ayının ortalarından “Xətai 2”, iyun ayında “Yasamal 3”, ilin sonunda isə “Sabunçu 4” ASAN xidməti yaradılacaq. Avqust ayında isə Gəncədə ASAN xidmət mərkəzinin açılışı olacaq.

Anar Hüseynovun sözlərinə görə, ASAN xidmət avtobusları iyun ayının əvvəlindən regionlara səfər edərək birbaşa vətəndaşların qapısına gedəcək.

Xatırladaq ki, hazırda “ASAN xidmət” mərkəzində 9 dövlət orqanından – Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi , Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Gömrük Komitəsinə, Dövlət Miqrasiya Xidmətinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Dövlət Sosial Müdafiə Fonduna və Milli Arxiv İdarəsin tərəfindən göstərilən 23 hüquqi xidmət həyata keçirilir. Bu xidmətlər həmin qurumların bütün fəaliyyətini əks etdirməsə də bir sıra ən çox müraciət edilənləri əhatə edir. Yaxın gələcəkdə mərkəzin digər xidmətləri də fəaliyyətə başlayacaq.

Foto: Ceyhun Həsənov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər