Yaranmasının 50-ci ildönümünü qeyd edən Sumqayıt Dövlət Dram Teatrının yaradıcı kollektivi növbəti məzuniyyəti başa vuraraq bütün heyətlə işə başlayıb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə teatrda keçirilən toplantıda sənət ocağının direktoru, Əməkdar artist Mübariz Həmidov 50-ci yubiley mövsümü münasibətilə kollektivi təbrik edərək, qarşıda duran vəzifələr, hazırlanan yeni tamaşalar barədə ətraflı məlumat verib.
“Builki mövsüm bizim teatr və şəhərimiz üçün xüsusi önəm daşıyır. Bilirsiniz ki, dövlətimizin başçısı Sumqayıt Dövlət Dram Teatrının 50 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bu gündən etibarən biz oktyabr ayında keçirəcəyimiz yubiley tədbirinin hazırlıq işlərinə başlayırıq. Şübhəsiz ki, Azərbaycan milli peşəkar teatrının bir qolu olan Sumqayıt Dövlət Dram Teatrının yubileyi şəhərimizin adına və teatrımızın şanlı yaxın keçmişinə layiq olmalıdır. Əminəm ki, Mədəniyyət Nazirliyinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yarıməsrlik yubileyimizi möhtəşəm və yaddaqalan şəkildə qeyd edəcəyik”, – deyə teatrın direktoru vurğulayıb.
Sonra teatrın rəhbəri daxili nizam-intizam qaydalarına riayət edilməsi və yeni hazırlanan tamaşalar barədə məlumat verərək, kollektivə yeni mövsümdə uğurlar arzulayıb.