Ölkə başçımız yola saldığımız 2019-cu ildə böyük demokrat, yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin 150 illiyinin keçirilməsi barədə müvafiq Sərəncam imzalamışdır. Sözügedən Sərəncama uyğun olaraq ölkəmizin bütün dövlət teatrlarında və mədəniyyət müəssisələrində görkəmli ədibin əsərlərinə müraciət edilmiş və ədibin preslərinə yeni quruluşlar verilmişdir.
Trend-in məlumatına görə, Sumqayıt Dövlət Dram Teatrı da öz növbəsində ədibin yubileyinə töhvə olaraq ötən ay Mirzə Cəlil yaradıcılığına müraciət edərək görkəmli dramaturqun “Danabaş kəndinin əhvalatları” povesti əsasında eyniadlı iki hissəli tamaşa hazırlamışdır. Yeni səhnə əsəri mart ayının ilk həftəsonu teatrsevərlərin ixtiyarına veriləcəkdir. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, quruluşçu rəssamları Elşən Sərxanoğlu və Şahin Hüseynlidir.
Tamaşa XIX əsrin sonlarındakı Azərbaycan kəndinin feodal-patrialxal mühitini, zülm və özbaşınalığı, xürafatı bütün dolğunluğu ilə əks etdirir. Rollarda Əməkdar artistlər İlahə Səfərova , Mövsüm Hüseynov, aktyorlar – Habil Xanlarov, Dağlar Rüstəmov, Vəfa Qurbanova, Sevda Hüseynli, Kamran Muradlı, Elay Xasıyev, Akif Mirzəyev, Yalçın Səlimov, Cavanşir Eyyubzadə, İlham Səfərli, Şəms Abdullayeva, Ceyhun Məhərrəmov, Siyavuş Mahmudov, Elmir Mehdiyev, Aynur Hümmətova, Vaqif Səmədzadə, İlqar İbrahimov, Rövşən Əsgərov, Orxan Firudinov, Mətləb Səfərli, Zaur Şirinov və Siyavuş Mahmudov çıxış edirlər. Premyera 7 mart saat 18:00-da nümayiş etdiriləcək.
Biletləri teatrın kassasından əldə edə bilərsiniz.
Əlaqə nömrələri: 018 655 91 21