Sumqayıt Dövlət Dram Teatrında dahi şairimiz Nizami Gəncəvi anılıb…

813

Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan, mütəfəkkir şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tamaşaya ictimai baxış keçirilib.

Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında yazıçı-senarist Hafız Ataxanlının qələmə aldığı epik pritçanın quruluşçu rejissoru, Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssam Elşən Sərxanoğlu, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Rəqslərin quruluşu Vüsal Mehrəliyevə məxsusdur. Tamaşada əməkdar artist Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, Habil Xanlarov, Yalçın Səlimov, Siyavuş Mahmudov, Cavanşir Eyyubzadə, Vəfa Qurbanova, Ümid Abbas, İlahə Səfərova, Şəmistan Süleymanlı, Aynur Hümmətova, Məryəm Hüseynli, Kamran Muradlı, Rövşad İlyasov,Etibar Əmirov və Orxan Firudinov çıxış edirlər.

İctimai baxışdan sonra teatrın direktoru , Əməkdar artist Mübariz Həmidov yaradıcı heyəti təbrik etdi, ümumilikdə bədii mətndə nəzərdə tutulan konsepsiyanın tamaşanın yozumunda təcəssüm edldiyini vurğuladı.

Mədəniyyət Nazirliyi, incəsənət və qeyri-maddi irs şöbəsinin sektor müdiri Könül Cəfərova və həmin sektorun baş məsləhətçisi Emin Əliyev yaradıcı heyəti təbrik etdilər. Könül xanım qeyd etdi ki, son dövrlərdə Mədəniyyət Nazirliyində aparılan islahatlar, kreativ düşüncələrə diqqət ayrılması, ərsəyə gələn ədəbi-bədii məhsulun çağdaş texnoloji dünya baxışını ehtiva etməsi ilə bağlı məzmun forma axtarışlarının güclənməsi artıq öz bəhrəsini verməkdədir. Tamaşada Nizami məfkurəsinin zərrə-zərrə tamaşaçıya çatdırılmasında tamaşanın bədii tərtibatının xüsusi önəm kəsb etdiyini məmnunluq hissi ilə vurğulayan sektor müdiri bir daha yaradıcı heyətə minnətdarlıq bildirdi .Digər çıxış edənlər Xeyirlə Şərin, ağılla sərvətin mübarizəsinin maraqlı konteksdə çatdırıldığını bildirdilər. Təbii ki, tamaşada nəzərə çarpan bəzi qüsurlar da qeyd edildi və premyera gününədək aradan qaldırılması tövsiyyə edildi. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov ümumilikdə yaradıcı heyətin qarşıya qoyulan tapşırığın öhdəsindən gəldiyini söylədi.

Tamaşa aprelin 9-u və 10-u ilk dəfə geniş tamaşaçı kütləsinə təqdim ediləcəkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər