Sumqayıt Dövlət Dram Teatrında görüş

1508

Azərbaycan Respublikası Kinematoqrafiya İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Şəfiqə Məmmədova və Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının qonağı olublar.

AZƏRTAC xəbər verir ki, teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov qonaqları əsaslı təmir olunmuş teatr binası ilə tanış edib.

Qonaqlar, həmçinin Sumqayıt teatrının hazırladığı yeni tamaşanın məşq prosesini izləyib, yaradıcı heyət ilə görüşüb, onlara uğurlar arzulayıblar.

Daha sonra onlar Sumqayıt Heydər Əliyev Mərkəzində olub, dənizkənarı bulvarda gəzib, Bayraq Muzeyinə baş çəkiblər.

Xalq artisti Ş.Məmmədova şəhərlə tanışlıqdan sonra təəssüratlarını bölüşüb: “Mən Sumqayıt teatrında 30 il bundan əvvəl olmuşam və M.Lermontovun “Maskarad” tamaşasını izləmişəm. Sumqayıt şəhərinin qısa müddətdə füsunkar şəkildə dəyişməsi, gözəlləşməsi insanda qürur hissi yaradır. Şəhərin küçələri, aparılan abadlıq işləri, yeni tikilən binalar, teatr binasının təmiri, dənizkənarı bulvar məni, sözün əsl mənasında, heyran etdi”.

Əməkdar incəsənət xadimi, Musiqili Teatrın rəhbəri Əliqismət Lalayev də Sumqayıtın qısa müddətdə sürətlə abadlaşmasını təqdir edib. O, Sumqayıt Dövlət Dram və Dövlət Musiqili teatrları arasında yaradıcılıq mübadilələrinin qurulmasına dair müqavilə bağlanması təklifini dəstəklədiyini bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər