Sumqayıt Dövlət Dram Teatrında ümumi toplantı keçirildi – FOTO

986

Nazirlər Kabineti yanında Operativ Qərargahın teatrların fəaliyyətinin bərpa olunması ilə bağlı verdiyi qərar Sumqayıt Dövlət Dram Teatrının kollektivində də yüksək əhval-ruhiyyə yaratmışdır.

Milli.Az bildirir ki, bu münasibətlə, pandemiya qaydalarına əməl edilməklə, teatrda ümumi toplantı keçirildi. Teatrın direktoru, əməkdar artist  Mübariz Həmidov öncə uzun fasilədən sonra yaradıcılıq prosesinin bərpası ilə əlaqədar hər kəsi təbrik etdi və qarşıda duran işlərdən danışdı, əvvəlki yaradıcı mühitin, peşəkar vərdişlərin, yarımçıq tamaşaların  bərpasının zəruriliyini vurğuladı.

Direktor bildirdi ki, bu müddət ərzində virtual onlayn repertuar planı ilə işləsək də, hər halda teatr canlı sənətdir və aktyor tamaşaçı nəfəsini duyarkən səhnədə daha inamlı  olur.

Mübariz Həmidov bərpası nəzərdə tutulan tamaşaları və yeni əsərlərin stolarxası məşqləri ilə bağlı konkret tövsiyyələrini verdi. Daha sonra iki monotamaşanın, bir neçə tamaşanın məşqlərinin nizama salınması üçün artıq truppa müdiri tərəfindən qrafikin hazırlandığını bildirdi.  Eyni zamanda yaxın günlərdə Nizami Gəncəvi  ilə bağlı “Xəzinə”adlı yeni tamaşa-kompozisiyanın da məşqlərinin başlanacağını diqqətə çatdıran direktor tamaşaçının yenidən teatra cəlb olunması ilə bağlı yeni ideya və təkliflərin üzərində işləndiyini söylədi və yaradıcı heyəti işə başlamaq münasibətilə bir daha təbrik  etdi.

Teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmov  öz növbəsində yaradıcı kollektivi təbrik edərək aktyor truppasına  uzun fasilədən sonra əvvəlki  performanslarını  tez bir zamanda bərpa etmələrini tövsiyyə etdi.

Qeyd edək ki, hazırda Ülviyyə Heydərovanın hekayələri əsasında işlənmiş “Uşaqlıq” və “Pələng”  monotamaşalarının,  Əbdülrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir”, Uşaqlar üçün nəzərdə tutulmuş   “Göyçək Fatma”   tamaşalarının tamamlanma işlərinə start verilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər