Sumqayıt Dövlət Universiteti 50 yaşını necə qeyd etdi? – FOTOLAR

870

Bu gün Sumqayıt Dövlət Universitetində bu ali təhsil ocağının yaranmasının 50 illiyi ilə bağlı tədbir keçirildi. Tədbirdən öncə universitetin əməkdaşları Fəxri Xiyabana gələrək, ümummilli liderimiz Heydər Əliyevin və oftalmoloq-alim Zərifə Əliyevanın məzarları önünə gül dəstələri qoyub, ulu öndərin və görkəmli alimin xatirələrinə ehtiramlarını ifadə etdilər.

Yubileylə bağlı keçirilən mərasimi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açaraq qonaqları salamladı, Azərbaycan prezidenti İlham Əliyevin təbriklərini universitet əməkdaşlarına çatdırdı.

Daha sonra çıxış edən Təhsil naziri, professor Misir Mərdanov əlamətdar gün münasibətilə təbriklərini çatdıraraq qeyd etdi ki, bu gün təkcə Sumqayıt Dövlət Universitetinin kollektivinin yox, bütün sumqayıtlıların və ölkə təhsil işçilərinin bayramıdır. Nazir prezident İlham Əliyevin SDU-nun əməkdaşlarının təltif olunması haqqında imzaladığı sərəncamları diqqətə çatdırdı, fəxri ad və medallara layiq görülmüş əməkdaşlara müvafiq sənədləri və mükafatları təqdim etdi.

Sonra nazir Misir Mərdanov universitetin bir qrup əməkdaşının Təhsil Nazirliyinin Qabaqcıl Təhsil İşçisi döş nişanı və Fəxri Fərmanlarla təltif edildiyini diqqətə çatdırdı.

“Əldə olunmuş nailiyyətlərlə kifayətlənmək olmaz” deyən nazir bildirdi ki, Azərbaycan təhsil sistemində, onun idarə olunmasında əsaslı yenidənqurma və müasirləşdirmə işlərinə ehtiyac var. “Biz istəyirik ki, Azərbaycanda təhsilin keyfiyyəti ən yüksək Avropa standartları ilə müqayisə olunsun. Sumqayıt Dövlət Universiteti də öz elmi potensialını və təhsil istiqamətlərini Sumqayıtın yeniləşən sənaye müəssisələrinin tələblərinə uyğun qurmalıdır” – deyə nazir Misir Mərdanov əlavə etdi.

Sonra tədbirdə SDU-nun 50 illik yubileyi ilə bağlı hazırlanmış sənədli film nümayiş etdirildi.

Daha sonra çıxış edən Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nadir Qəhrəmanov qeyd etdi ki, bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ciddi inkişaf tendensiyası formalaşıb və bu inkişaf dinamikası ulu öndər Heydər Əliyevin qurduğu düşünülmüş strategiyanın nəticəsidir. Rektor N.Qəhrəmanov bu inkişafın bu gün də davam etdiyini, prezident İlham Əliyev tərəfindən şaxələndirilərək uğurla həyata keçirildiyini vurğuladı. Rektor eyni zamanda son illərdə təhsilin keyfiyyətinin artırılması üçün SDU-da görülən işlər barədə məlumat verərək qeyd etdi ki, bu gün bu təhsil ocağı ölkənin aparıcı təhsil müəssisələrindən birinə çevrilməkdədir. Rektor qeyd etdi ki, universitetin əməkdaşlarının fəxri adlar və medallara layiq görülməsi barədə dövlət başçımız tərəfindən bu günlərdə imzalanan sərəncam ölkənin elm və təhsil işçilərinin, eləcə də Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Daha sonra tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, professor Siyavuş Qaraayevin, AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimovun, Qubadlı Rayon Icra Hakimiyyətinin başçısı Malik İsakovun, Təhsil İşçiləri Azad Həmkarlar Ittifaqının Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadənin, Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf Isgəndərovun, Çağ Öyrətim” İşlətmələrinin rəhbəri Ənvər Özərənin, Bakı Dövlət Universitetinin prorektoru, professor Aydın Kazımzadənin, AMEA-nın Neft-kimya İnstitutunun direktoru, professor Vaqif Abbasovun, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru professor Rasim Bəşirovun çıxışları dinlənildi. Çıxışlarda Sumqayıt Dövlət Universitetinin keçdiyi qısa, lakin zəngin və şərəfli tarixə nəzər yetirildi, universitetə, onun əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulandı.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər