Sumqayıt Dövlət Universitetində 20 yanvar şəhidləri anılıb

600

Yanvarın 17-də Sumqayıt Dövlət Universitetində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Anım mərasimi universitetin həyətində 20 Yanvar Şəhidlərinin əziz xatirəsinə ucaldılmış memorial abidənin ziyarəti ilə başladı. Tədbiri açan SDU-nun rektor əvəzi, dosent Elxan Hüseynov 20 Yanvar faciəsinin acı tarixindən və xalqımızın azadlığı uğrunda göstərdiyi mübarizəsindən danışaraq qeyd etdi: “Hər bir xalqın milli azadlıq tarixinin qanla yazılan qəhrəmanlıq dolu səhifəsi olur. Bu mənada 20 yanvar Azərbaycan xalqının milli azadlıq və milli özünüdərk tarixində unudulmaz səhifələrdəndir. 1905-1918-ci illərdə daşnak bolşevik birləşmələrinin ölkəmizdə həyata keçirdiyi soyqırımlardan sonra xalqımız 1918-ci ilin mayında Şərqdə ilk demokratik cümhuriyyəti qurdu. 1990-cı ilin 20 yanvarından sonra da Azərbaycan xalqı azadlıq uğrunda mübarizə apararaq, əbədi istiqlaliyyətə qovuşdu.”

Rektor həmçinin onu da qeyd etdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan xalqına qarşı bir terror aktı idi. Həmin müdhiş gecədə keçmiş Sovet İmperiyasının hərbi qoşun birləşmələri  Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə yazılmış qanlı 20 Yanvar faciəsini törətdi.  Azərbaycan xalqına qarşı törədilmiş bu terror aktı eyni zamanda tariximizə şanlı səhifə kimi daxil oldu. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini  qıra bilmədi. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazdılar. Onlar öz qəhrəmanlıqları ilə xalqın milli azadlığına, müstəqilliyinə məşəl oldular.

Tədbirdə o da vurğulandı ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi və bu faciəni törədənlərin cəzalandırılması tələb olundu.

Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev «20 Yanvar faciəsinə aparan yol», Sosiologiya və politologiya kafedrasının müəllimi Zahid Bunyadov «20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq və özünüdərk tarixidir» mövzusunda çıxış edərək hadisənin mahiyyəti barədə tədbir iştirakçılarını bilgiləndirdilər.

Natiqlər qeyd etdilər ki, qanlı yanvar hadisəsi Azərbaycan xalqının müstəqilliyinə qovuşmaq əzmini bir daha nümayiş etdirdi. 1991-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini bərpa edərək, istiqlala qovuşdu.

Ulu öndər Heydər Əliyev və onun varisi, ölkə başçısı cənab İlham Əliyevin  gərgin və yorulmaz fəaliyyəti, mükəmməl daxili və xarici siyasəti sayəsində müstəqilliyimiz əbədilik qazandı, beynəlxalq aləmə inteqrasiya etdi.

Tədbirin sonunda 20 Yanvar faciəsinə və milli qürur günümüzə həsr olunmuş «İnsanlıq faciəsi» adlı sənədli film nümayiş olundu.

/moderator.az/

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər