Sentyabrın 15-də Sumqayıt Dövlət Universitetində Bilik günü keçirildi. Universitetin rektoru, professor Nadir Qəhrəmanov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını təbrik etdi. Rektor dövlətimizin iqtisadi inkişafının, maliyyə imkanlarının artması nəticəsində təhsil sektoruna da diqqətin artdığını, bu sahənin prezident İlham Əliyevin şəxsi qayğısı ilə əhatələndiyini diqqətə çatdıraraq bildirdi ki, bütün digər sahələrdə olduğu kimi təhsil sahəsində də ardıcıl uğurlar qazanılmaqdadır.
Nadir Qəhrəmanov Sumqayıt Dövlət Universitetinin ölkəmizin kadr potensialının formalaşmasındakı rolunu xüsusi olaraq qeyd etdi. Rektor qeyd etdi ki, SDU Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə, 1961-ci ildən fəaliyyət göstərən Azərbaycan Sənaye İnstitutunun bazasında yaradılıb. Bu təhsil ocağının universitet kimi fəaliyyətə başlamasından ötən 10 il ərzində burada ciddi yenidənqurma, əsaslı dəyişiklər həyata keçirilib, respublika və beynəlxalq əhəmiyyətli nailiyyətlər əldə edilib.
Rektor daha sonra qeyd etdi ki, bu ilki qəbul imtahanlarında Sumqayıt Dövlət Universitetində tələbə qəbulu müsabiqəsi üzrə elan olunmuş yerlər 100 faiz dolub. Bu il 1000-ə yaxın yeni tələbə əyani, 200-ə yaxın tələbə isə qiyabi əsaslarla universitetimizdə təhsil almaq imkanı əldə edib.
Son üç ay ərzində universitetdə əsaslı yenidənqurma və abadlıq işləri aparılıb. Auditoriyalar, dəhlizlər təmir olunub, universitet binasının həyəti abadlaşdırılıb, təmir işləri həyata keçirilib.
“Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər görülüb, bütün şöbə və laboratoriyalar kompüter dəstləri ilə təchiz edilib. Artıq bir neçə aydır ki, universitet tələbələri və əməkdaşları yüksək sürətli Wi-Fi sistemi ilə internetdən universitetin hər bir yerində istifadə edə bilirlər” – deyən rektor tələbələri bu imkanlardan səmərəli istifadə etməyə çağırıb.