Sumqayıt Dövlət Universitetində görüş keçirilib- FOTO

1538

Aprelin 3-də Sumqayıt Dövlət Universitetinin (SDU) Heydər Əliyev Mərkəzində “Sosial rifah və ədalət prinsipi dövlət siyasətinin strateji xəttidir” mövzusuna həsr edilmiş görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov, Milli Məclisin deputatları Əli Məsimli, Tahir Mirkişili, Rüfət Quliyev, Aydın Hüseynov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov və universitetin professor-müəllim, tələbə heyəti iştirak edib.

Universitetin rektoru, professor Elxan Hüseynov çıxış edərək bildirib ki, hər bir dövlətin əsas vəzifələrindən biri əhalinin sosial müdafiəsini təşkil etmək, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev dövlət quruculuğunun əsas istiqamətlərindən bəhs edərək deyib: “Azad cəmiyyət, hüquqi dövlət, qanunun aliliyi, güclü iqtisadiyyat, çevik xarici siyasət, Azərbaycanın maraqlarının qorunması və möhkəmləndirilməsi dövlət quruculuğunun əsas istiqamətləridir”.

Rektor vurğulayıb ki, vətəndaşlara qayğı, onların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər Azərbaycan dövlətinin prioritetləri arasındadır. Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır. Dövlətimizin başçısı tərəfindən bu ilin əvvəlində əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində bir sıra fərman və sərəncamlar imzalanıb. Bunların hamısı insanların sosial həyatının yaxşılaşdırılmasına hesablanıb və vətəndaş məmnunluğunun artırılmasına yönəlib. Belə ki, minimum əməkhaqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması və digər ödənişlər Prezident İlham Əliyev tərəfindən təqdim edilən böyük sosial paketin tərkib hissəsidir. Həyata keçirilən islahatlar sosialyönümlülük və humanizm prinsiplərinə əsaslanır.

Sonra mövzu ətrafında çıxış edən Vüsal Qasımlı, Əli Məsimli, Tahir Mirkişili, Rüfət Quliyev, Aydın Hüseynov, Vüqar Bayramov, universitetin iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Aynurə Yəhyayeva bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və siyasi sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər ölkəmizin hərtərəfli inkişafı üçün böyük imkanlar və yeni-yeni perspektivlər açır. Azərbaycanda iqtisadi inkişafın yeni mərhələsi qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, yoxsulluq səviyyəsinin azaldılması, çoxsaylı iş yerlərinin açılması ilə xarakterizə edilir. Həmçinin regionlar inkişaf etdirilir və bu, əyalətlərdə iqtisadi fəallığın yüksəlməsi ilə müşayiət olunur. Dövlət investisiyaları vasitəsilə infrastruktur obyektləri modernləşdirilir. Xidmət, tikinti, rabitə və informasiya texnologiyaları, nəqliyyat, turizm, emal sektoru qeyri-neft sektorunun potensial sahələri kimi inkişaf etməkdədir. Kənd təsərrüfatının dövlət tərəfindən dəstəklənməsi siyasəti davamlı xarakter daşıyır.

Görüş müzakirələrlə davam edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər