Sumqayıt: dünyaya səs salan inkişaf və quruculuq nümunəsi

3115

Azərbaycanın iqtisadi baxımdan qüdrətlənməsi, dünya birliyində öz yeri olan dövlətə çevrilməsi beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunan reallıqdır. Həyata keçirilən dövlət proqramlarının real nəticəsi olaraq bu gün Azərbaycanda iqtisadiyyatın vaxtilə əlçatmaz görünən tərəfləri sürətlə inkişaf edir, dünya standartlarına uyğun müasir iqtisadi infrastruktur formalaşır. Ölkəmizdəki yüksəlişi Sumqayıtın da timsalında aydın görmək mümkündür.

Prezident İlham Əliyev şəhərin inkişafını diqqət mərkəzində saxlayır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində 2017-ci ildə Sumqayıt şəhərində qarşıya qoyulmuş tapşırıqlar uğurla yerinə yetirilib. Dekabr ayının 15-də Prezident İlham Əliyevin Sumqayıta səfəri və bu səfər zamanı Bayraq muzeyi və Yeni Azərbaycan Partiyasının yerli təşkilatı üçün tikilmiş yeni inzibati binaların istifadəyə verilməsi, Kimya Sənaye Parkında dörd yeni istehsal sahəsinin açılışı və üç müəssisənin təməlinin qoyulması mərasimlərində iştirakı, “Kimyaçı” Mədəniyyət sarayında, Səməd Vurğun və Koroğlu küçələrində, Lüdviqshafen parkında və “Azərboru” ASC-nin boruyayma istehsalat sahəsində aparılan yenidənqurma və əsaslı təmir işləri ilə tanışlığı, ictimaiyyət ilə keçirilən səmimi görüşü, şəhərin sosial-iqtisadi, mədəni inkişafında xidmətləri olan 40 nəfərin fəxri adlarla, diplom, orden və medallarla təltif edilməsi haqqında imzaladığı sərəncam hər bir sumqayıtlının xatirəsində silinməz iz qoymuşdur.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il aprel ayında Sumqayıtda “Karbamid” zavodunun tikintisində işlərin gedişi ilə tanış olub, avqust ayında isə Binəqədi-Novxanı-Corat yolunun açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn məsələlər və qarşıda duran vəzifələrlə bağlı ötən həftə Sumqayıt şəhərində keçirilən hesabat yığıncağında bu barədə ətraflı söhbət açılıb. Ötən ilin yekunları ilə bağlı məruzə ilə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sözlərinə görə, bu səfər bir daha təsdiqlədi ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin ənənəsinə sadiq qalaraq Sumqayıtın sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayır. Şəhərdə əlamətdar hadisələrdən biri də cənab Prezidentin möcüzə adlandırdığı, səkkiz ayda tikilib istifadəyə verilən Sumqayıt Bulvarı iyul ayının 3-də İspaniyanın paytaxtı Madrid şəhərində “Qlobal Trade Leaders Club” tərəfindən keçirilən, 5 qitənin 70 ölkəsinin, 150 nümayəndəsinin iştirakı ilə 24-cü beynəlxalq üstünlük və liderlik forumunda 2016-cı ilin yekunlarına görə “Beynəlxalq Üstünlük və Liderlik” mükafatına layiq görülməsidir. Bulvarın dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır. Bu, onu göstərir ki, Sumqayıt son illər müasir layihələr əsasında yenidən qurulur və regionun gözəl turizm məkanlarından birinə çevrilir.

Ümumdaxili məhsulun həcmi 30,2 faiz artıb

Respublikada həyata keçirilən davamlı iqtisadi siyasət nəticəsində Sumqayıtın sosial-iqtisadi həyatında inkişaf təmin olunub, sosial infrastruktur və əhalinin həyat səviyyəsi daha da yaxşılaşdırılıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Sumqayıt şəhəri üzrə nəzərdə tutulan 16 bənddən ibarət tədbirlərin mərhələ-mərhələ həyata keçirilməsi infrastrukturun yenilənməsinə, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsinə, sənayeləşmə proqramının əhatə dairəsinin genişlənməsinə müsbət təsir göstərib. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, əlverişli biznes mühitinin yaradılması sahəsində həyata keçirilən tədbirlər şəhərin istehsal potensialının güclənməsinə səbəb olub.
Bu barədə danışan Zakir Fərəcov deyib ki, 2017-ci ilin nəticələri əvvəlki dövrün göstəriciləri ilə müqayisədə xeyli artıb. Daxili imkanlardan səmərəli istifadə hesabına istehsalın genişləndirilməsi, yeni istehsal sahələrinin işə salınması iqtisadiyyatın çoxsahəli inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, yeni sosial layihələrin həyata keçirilməsinə imkan yaradıb. Qeyd olunanlar inkişafın əsas göstəricisi olan ümumdaxili məhsulda öz əksini tapıb. Belə ki, 2016-cı illə müqayisədə 2017-ci ildə ümumdaxili məhsulun həcmi 30,2 faiz artaraq 1 milyard 533 milyon manatdan çox olub. Onun bir nəfərə düşən həcmi 4489 manat təşkil edib ki, bu da 2016-cı ilə nisbətən 32,4 faiz çoxdur.
Ötən illə müqayisədə sənaye müəssisələrində məhsul istehsalı 34 faiz artaraq 1 milyard 81 milyon manat təşkil etmişdir. Ümumdaxili məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 85 faizdən çox olub. Xüsusən sənaye sahələri üzrə məhsul istehsalında dinamik inkişaf təmin edilib. Belə ki, 2016-cı illə müqayisədə istehsal kimya sənaye məhsulları üzrə 128 faiz, metallurgiya məhsulları üzrə 100 faiz, yeyinti sənaye məhsulları üzrə 111 faiz, energetika məhsulları üzrə 169 faiz, digər sahələr üzrə 140 faiz təşkil etmiş, tikinti materialları məhsulları üzrə 2 dəfə, yüngül sənaye məhsulları üzrə 2,3 dəfə çox olmuşdur.
Əsas sahələrdə uğurların əldə olunması, iqtisadi göstəricilərin 2016-cı illə müqayisədə artması nəticəsində yerli büdcə gəlirləri 1 milyon 545 min manat və ya 3,6 faiz artıb, xərc hissəsi 43 milyon manat proqnoza qarşı 42,6 milyon manat və ya 99 faiz icra olunub.

Cənubi Qafqazın iri sənaye mərkəzi

Bu gün həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edən sahibkarlığın inkişafı üçün Sumqayıt şəhərində lazımi şərait yaradılıb. Bunun məntiqi nəticəsi olaraq hesabat dövründə Kimya Sənaye Parkında illik istehsal gücü 30 min ton olan süni sürtkü yağları, istehsal gücü 30 min ədəd olan yüksək təzyiqədavamlı birləşdiricilərin istehsalı, 145 çeşiddə, quru formada 13 min ton, maye halında 57 min ton istehsal gücünə malik pestisidlər zavodu, müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiyanın təhlükəsizliyinin təmin olunması xidməti göstərən Data Mərkəzi, 67 mVt gücündə yarımstansiya istifadəyə verilib.
Sumqayıt Kimya Sənaye Parkında “Polimer” MMC tərəfindən illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edən zavodların tikintisi 2018-ci ildə başa çatdırılacaq. Həmin müəssisələr ildə 100 milyon dollardan çox məhsul ixrac edəcəklər. İllik istehsal gücü 5 min ton olan tikinti qatqıları istehsalı müəssisəsinin, ildə 6 milyon kv metr fibro-sement lövhələr istehsal edəcək zavodun tikintisi davam etdirilib, il ərzində 7 milyard ədəd siqaret istehsal edəcək tütün, “Azərxalça” ASC-nin İtaliya, Fransa və Türkiyə texnologiyası ilə fəaliyyət göstərəcək, ildə 370 ton iplik və 195 ton təmiz yun istehsal edəcək yun əyirici-boyaq fabriklərinin və alman texnologiyası əsasında qurularaq ildə 8 milyon kv metr şüşə istehsal edəcək zavodun tikintisinə başlanılıb. Eyni zamanda, ildə 650-660 min ton azot gübrəsi istehsal edəcək zavodun tikintisi davam etdirilib. Azot gübrəsi zavodunun tikintisi parkda həyata keçirilən ən iri investisiya layihəsidir. Layihələrin icrası nəticəsində 15 rezident tərəfindən 2,7 milyard ABŞ dolları həcmində investisiya qoyulacağı və 2000-dən çox yeni iş yerinin açılacağı gözlənilir. Hazırda parkda tikilən və fəaliyyət göstərən müəssisələrdə 8 mindən çox işçi çalışır.
“Baku Steel Company” və İtaliyanın “Danieli” şirkəti arasında aparılmış danışıqlara əsasən, “Azərboru” ASC-nin ərazisində ümumi dəyəri 1 milyard 225 milyon avro və ildə 1 milyon ton müxtəlif metal vərəqələr istehsal edəcək metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Kompleksin tikintisi zamanı 4 minə yaxın, fəaliyyətə başladıqdan sonra isə 1200 nəfər işlə təmin olunacaqdır.
Müəssisələrdə istehsal olunacaq məhsullar bu gün respublikamıza bütünlüklə xaricdən idxal olunur. Əminliklə deyə bilərik ki, yaxın gələcəkdə Sumqayıtın idxalı əvəz edəcək və ixracyönümlü məhsulların istehsalı, yeni istehsal sahələrinin yaradılması və ölkənin qeyri-neft sektorunun inkişafı istiqamətində xüsusi rolu və çəkisi olacaqdır.
Ötən ilin aprelində Sumqayıtda “Texnol” MMC də mühərrik və sənaye yağları istehsalı müəssisəsi istifadəyə verilib. Sahibkarlığa Kömək Milli Fondundan 15 layihə üzrə 22,6 milyon manat güzəştli kredit alınıb, bunun nəticəsində 365 yeni iş yerinin açılması nəzərdə tutulur. Bu göstəricilər onu deməyə imkan verir ki, şəhər iqtisadiyyatının xüsusilə sənayenin perspektiv inkişafı var və tərəqqi davamlıdır.
Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən il cəlb edilmiş sərmayələrin həcminə görə Sumqayıt şəhəri ilk onluğa daxil olub. Ümumi həcminə görə 100 milyon manatdan çox olan layihələr beş rayonda icra ediləcək. Sumqayıt şəhəri 186 milyon manat sərmayə qoymaqla Abşeron rayonundan sonra respublika üzrə ikinci yerdədir. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, Sumqayıt şəhəri yaxın gələcəkdə Bakıdan sonra Cənubi Qafqazın ən iri sənaye mərkəzinə çevriləcəkdir. Bu gün şəhərdə aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən modern sənayeləşmə siyasətinə uyğun olaraq layihələrin uğurla reallaşması nəticəsində Sumqayıt hazırda iri sənaye mərkəzidir. Cənab Prezidentin sözləri artıq reallığa çevrilib.

Sosial layihələr uğurla icra olunur

Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi nəticəsində Sumqayıt şəhərinə irihəcmli investisiyanın yönəldilməsi sahibkarlığın inkişafına, yeni müəssisələrin və iş yerlərinin açılmasına müsbət təsir göstərib. Həyata keçirilən tədbirlər nəticəsində 2017-ci ildə 6901 yeni iş yeri açılıb, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur.
2017-ci il martın 9-da qaçqın və məcburi köçkünlərin sosial məsələlərinə həsr olunmuş müşavirədə bir sıra mühüm problemlərə toxunan Birinci vitse-prezident Mehriban Əliyevanın aidiyyəti qurumların rəhbərlərinə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına dair verdiyi tapşırıq Sumqayıt şəhərində uğurla icra olunur. Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 12-ci mikrorayonda 936 mənzildən ibarət yaşayış binalarının tikintisinə 2,8 hektar torpaq sahəsi ayrılmışdır. Hazırda həmin ərazidə evlərin tikintisi davam etdirilir.
Kompleksin tikintisi başa çatdıqdan sonra şəhərin uşaq bağçalarında 200-dən artıq qrup və 120 yardımçı otaq boşalacaq. Bu da 3000-dən çox uşağın bağçalara əlavə qəbul olunması və ya təqribən 15 yeni bağçanın tikintisi deməkdir. Bundan əlavə, Sumqayıt şəhərində məskunlaşmış qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı-Quba yolunun yaxınlığında, Abşeron rayon ərazisində ayrılmış 50 ha torpaq sahəsində Prezident İlham Əliyevin tapşırığı və bilavasitə köməyi sayəsində 3000-dən çox məcburi köçkün ailəsinin məskunlaşması üçün yaşayış binaları tikiləcək. Yaşayış binalarının tikintisi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Tikinti və abadlıq işləri davamlıdır

Prezident İlham Əliyev 18 dəfə Sumqayıta səfər edib. Ölkə rəhbərinin Sumqayıta hər səfəri zamanı verdiyi tövsiyə və tapşırıqların, sərəncamların icrası və həyata keçirilən genişmiqyaslı tədbirlər sənayedə olduğu kimi, tikinti, abadlıq və quruculuq sahəsində də əsaslı dönüş yaradıb. Ölkə rəhbərinin dəstəyi sayəsində şəhərin memarlıq və dizayn baxımından müasir görkəmini saxlamaq şərti ilə irimiqyaslı layihələr icra olunub. Belə ki, Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatı üçün üçmərtəbəli binanın, Sumqayıt Bulvarı ərazisində Bayraq muzeyinin, Milli Bankın Sumqayıt Ehtiyat Mərkəzinin inzibati binasının, gəmilərin yan alması üçün 500 metr uzunluğunda körpünün tikintisi başa çatdırılıb, “Kimyaçı” Mədəniyyət sarayı yenidənqurma və əsaslı təmirdən sonra istifadəyə verilib. Şəhər məhkəmə kompleksinin və prokurorluğun inzibati binalarının tikintisi davam etdirilir.
İqtisadi və sosial sahədə inkişafı şərtləndirilən amillərdən biri kimi şəhərin müasir yol-nəqliyyat sisteminin qurulması diqqət mərkəzində saxlanılıb. Yol infrastrukturunun yaxşılaşdırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi və tıxac problemlərinin aradan qaldırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Metallurq küçəsi Bakı-Quba yoluna qədər 4 km uzunluğunda kompleks şəkildə əsaslı təmir olunub. Koroğlu küçəsində 4 km, Səməd Vurğun küçəsində 9 km, Nizami küçəsində 1,6 km, Sərvər Bədəlbəyli küçəsində 0,8 km, Heydər Əliyev küçəsində 1,8 km uzunluğunda yeni asfalt örtüyü salınıb. Novxanı-Sumqayıt yolunun əsaslı təmiri ilə əlaqədar Bağlar zonasında yol genişləndirilib. Qurd Dərəsi yaşayış massivində 2,5 km uzunluğunda yol hər iki tərəfə genişləndirilib, eni 8 metrə çatdırılaraq asfalt örtüyü təmir edilib. Binəqədi-Novxanı-Sumqayıt yolu əsaslı təmir olunub. Bakı – Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometr hissəsində yeni yolun təməli qoyulub. Prezident İlham Əliyev hər iki yolun açılış və təməlqoyma mərasimlərində iştirak edib. Ümumilikdə şəhər üzrə 26 kilometr yol əsaslı təmir olunub, 350 min kv metr sahəyə asfalt salınıb.
Şəhərdə mənzil fondunun qorunub saxlanılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində bu məsələ öz həllini tapır. İndiyədək 450 yaşayış binasının üstü yüksək keyfiyyətli metal kirəmitlə örtülub. Ötən ilin noyabr ayından növbəti 100 binanın dam örtüyünün dəyişdirilməsinə başlanılıb. Bu işlərin birinci rübün sonunadək başa çatdırılması nəzərdə tutulur. Bundan əlavə, 16 yaşayış binasında şifer, 25 binada yumşaq dam örtüyü təmir edilib. 34, 45-ci məhəllələrdə və 9-cu mikrorayonda 42 yaşayış binasında 100 min kv metrdən çox fasad təmir olunmuşdur. “Azərbaycan” və Nəriman Nərimanov küçələrində 5 yaşayış binasında 4665 kv metr fasad aqlay daşı ilə üzlənib.
Abadlıq və quruculuq işləri bununla bitmir. Ötən il Sumqayıtda əhalinin əsas istirahət yerlərindən biri olan Lüdviqshafen parkı əsaslı təmir olunub. Şəhərin 12, 17, 18-ci mikrorayonlarında və yaxın ərazilərdə əhalinin istirahət yerlərinin olmadığını və sakinlərin istək və arzularını nəzərə alaraq, “Daş bazarı” deyilən ərazidə yeni istirahət parkının salınması məqsədilə abadlıq işlərinə başlanılıb. Bütövlükdə daxili imkanlar hesabına 47 orta məktəbdə, 44 uşaq bağçasında, 12 səhiyyə ocağında və 3 mədəniyyət obyektində əsaslı və cari təmir işləri aparılıb, “Poeziya guşəsi” və “Alman məzarlığı” təmir olunub.
Şəhərdə abadlıq-quruculuq işləri bu gün də geniş miqyasda davam etdirilir. Sumqayıt şəhərində iki ildə görülmüş işlərin həcmi və miqyası son 20-25 ildə görülən işlərə bərabərdir. Bunun nəticəsidir ki, Sumqayıtın siması gündən-günə gözəlləşir. Görülən işlər sakinlər tərəfindən müsbət qarşılanır və bu barədə onlar ürəkdolusu söhbət açırlar. Hər bir şəhər sakini aparılan və səngimədən davam etdirilən abadlıq və quruculuq işlərinin nəticəsində gündən-günə gözəlləşən şəhərdən, sözün əsl mənasında, zövq alır. Bu onun göstəricisidir ki, Prezident İlham Əliyevin tapşırığı ilə ölkə boyu aparılan abadlıq və quruculuq işləri burada ən yüksək səviyyədə öz təzahürünü tapmaqdadır. Əminliklə deyə bilərik ki, Sumqayıtın inkişafı və yüksəlişi üçün həyata keçirilən yeni proqram və layihələrin nəticəsində bu şəhər nəinki respublikamızın, hətta Avropanın və dünyanın ən gözəl diyarlarından birinə çevriləcək. 2017-ci ili uğurla başa vuran sumqayıtlılar 2018-ci ildə də qarşıda duran və cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələri layiqincə yerinə yetirəcəklər.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər