Ölkə, həmçinin şəhərimiz qeyri-qanuni tikililərlə yüklənib desək yanılmarıq. Müstəqilliyin ilk illərindən başlanan sənədsiz evlərin tikilməsi, sonralar buma çevrildi. Bu evlər keçmiş fabrik-zavodların ərazilərində, dəmir yollarının kənarında və s. yerli hakimiyyət orqanlarının icazə vermədikləri, bəzən isə verdikləri yerlərdə tikilirdi. Zaman-zaman sözügedən məsələ ilə bağlı vətəndaşlarla yerli hökumət qurumlar arasında çoxsaylı mübahisələr yaranmış, məhkəmə prosesləri getmişdir. Hökumət bu problemə son qoymaq üçün əməli addım ataraq Nəqliyyat Nazirliyində dəmir yolu və avtomobil yollarının təhkim və mühafizə zolağında yerləşmiş qeyri-qanuni tikililərin araşdırılması məqsədilə komissiya yaratmışdır.
Artıq komissiya işini tamamlayıb və bu barədə məlumat da yayımlayıb. Məlumatda bildirilir ki, ilkin mərhələdə qatarların və avtomobil nəqliyyatının hərəkətinə və insanların həyatına ciddi təhlükə yaradan, Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərinə zidd olan 5 minə yaxın qanunsuz tikililər müəyyən olunub. Onlardan, təxminən, 2 mini avtomobil yollarının, 3 mini isə dəmir yollarının mühafizə zolağında yerləşir.
Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhəri də daxil olmaqla Аbşeron rayonu, həmçinin Gəncə və Sumqayıt şəhərləri üzrə aparılmış reydlər göstərib ki, xüsusilə intensiv olaraq təhlükəli yüklərin daşındığı magistral Keşlə-2-ci blok post “NBNZ” Əhmədli, Keşlə-2-ci blok post-Böyük Şor, Əhmədli-Bakı yük mənzillərində, Biləcəri, Keşlə, Xırdalan, Bakı yük, Sumqayıt və Əhmədli stansiyaları ilə birləşən 23 ədəd dalan dəmir yollarında qatarların, manevr tərkibinin hərəkəti, manevr briqadasının, eləcə də orada yaşayan insanların həyatı təhlükə altındadır.
Xatırladaq ki, Yaşıl dərə massivindəki mövcud yaşayış evləri də təhlükəli obyektlərdən hesab edilir. Həmçinin 14 istiqamət üzrə vətəndaşlar tərəfindən dalan dəmir yollarının üzərində yaşayış və digər əsaslı tikililərin inşa edilməsi onların fəaliyyətsizliyinə səbəb olub. Məhz bu səbəbdən həmin müəssisə və təşkilatların ünvanına gələn yüklər məcburiyyət qarşısında qalaraq boşaldılması üçün stansiyaların ümumi istifadəli dəmir yollarına verilir.
Nəqliyyat Nazirliyinin komissiyası eyni zamanda müəyyən edib ki, dəmir yolu və avtomobil yollarının təhkim və mühafizə zolağında yerləşən və sökülməsi təxirəsalınmaz hesab edilən 954 ədəd əsaslı tikinti (o cümlədən: 881 yaşayış, 73 qeyri-yaşayış) var və onlardan 71 ədədi avtomobil yolunda, 883 ədədi isə dəmir yolunun mühafizə zolağında yerləşir.
NİHAT, 168 saat