25 il əvvəl onlara “cəmi iki aya mənzil alacaqsınız” vədi verilsə də hələ də uçuq-sökük yataqxanalarda yaşayır və azərbaycanlı qaçqınlara paxıllıq edirlər
Bakıda isə hökumət Qarabağ qaçqınlarının məskunlaşdırılması üçün yeni ambisiyalı layihə irəli sürüb, ancaq bu layihə bir sıra ciddi suallar doğurur
Azərbaycanın işğal altındakı ərazilərində qondarma “müstəqil” “Dağlıq Qarabağ Respublikası”nda ermənilərin necə miskin şərtlər altında yaşadığı haqda elə erməni mənbələrində kifayət qədər məlumatlara rast gəlinir. Məsələn, vaxtilə Bakı və Sumqayıtdan köçüb getmiş ermənilərin bir hissəsi 25 ildir Xankəndində keçmiş universitet yataqxanasında yaşayır. Xəbərlərdən məlum olur ki, düz dörddə bir əsr əvvəl onlara verilmiş “cəmi iki aya yeni mənzil alacaqsınız” vədindən əllərini üzüblər.
“Kavkazskiy uzel” saytının erməni əməkdaşı həmin yataqxanada olub və orada antisanitariya şəraitində, bir otaqda 5-6 nəfər olmaqla, 30 ailənin necə yaşadığı haqda yazıb.
“Dağlıq Qarabağ hökumətində deyirlər ki, onların mənzil məsələsi həll olunacaq, lakin heç bir tarix vermirlər və məsələ açıq qalır” – deyə erməni jurnalist yazır.
Xankəndində fəaliyyət göstərən “Dağlıq Qarabağ qaçqınları” adlı ictimai təşkilatın üzvü, keçmiş Sumqayıt ermənisi Ruzanna Avakyan deyir ki, hələ 25 il əvvəl onlara yeni mənzil alacaqları haqda vəd veriblər: “1988-ci ilin fevralında Sumqayıtda iğtişaşlar başlayanda mənim ailəm Dağlıq Qarabağa köçdü. Stepanakertdə (Xankəndində-red.) bizi universitet yataqxanasında bir otağa yerləşdirdilər və vəd etdilər ki, iki aydan sonra yeni mənzil alacaqsınız. Budur, 25 ildir gözləyirik”.
Ruzanna Avakyan əlavə edib ki, müharibəni, dağıntıların olduğunu başa düşür: “Ancaq bu müddət ərzində heç kim bizim mənzil problemimizi həll etmədi, hamı bizi əli ilə bir kənara itələdi”.
R.Avakyan Sumqayıtdan köçən ermənilərin ailə üzvlərinin müharibədə iştirak etdiyini, bir çoxlarının öldüyünü və əlilə çevrildiyini, indi isə yataqxanada böyüyən uşaqlarının “Dağlıq Qarabağ ordusunda” xidmət etdiyini bildirir. Keçmiş sumqayıtlı erməni “hökumətin” onları mənzillə təmin etmək imkanında olduğunu deyir, ancaq hesab edir ki, Bakıdan və Sumqayıtdan köçmüş ermənilərə qarşı qəsdən belə münasibət göstərilir.
Keçmiş Bakı ermənisi Tamara Ayrapetyan isə beş nəfərlik ailəsi ilə birlikdə yataqxanada, balaca otaqda yaşayır. Deyir ki, artıq yeni mənzil almaq ümidlərini itiriblər. T.Ayrapetyan ötən il “prezident” Bako Saakyana məktub yazdığını, ancaq onlara göndərilən cavabda mənzil probleminin nə vaxt həll ediləcəyinə dair konkret müddət göstərilmədiyini deyib.
Digər keçmiş Bakı ermənisi Suren Movsesyan isə deyir ki, yataqxanada antisanitariya vəziyyəti hökm sürür və hər yanda siçovullar dolaşır: “Müharibə vaxtı binaya bir neçə ”Qrad” mərmisi düşüb və divarlarda deşiklər açıb. Həmin deşiklər indiyədək açıqdır və içəriyə siçovullar dolur”.
T.Ayrapetyan isə deyir ki, onun ailəsi özünə mənzil ala bilməz. Çünki buna imkanları yoxdur: “Mən işləmirəm, iş yoxdur. Ərimin qazancı ancaq çörəkpuluna çatır. Yeni evlər tikilir, onlardan müharibə iştirakçılarına mənzillər verilir. Bizi yada salan yoxdur. Üstəlik, deyirlər ki, yataqxananı boşaldaq. Bəs burdan da çıxsaq, hara getməliyik?”
R.Avakyan əlavə edir ki, hətta ailədə 4-5 nəfər işləsə belə Xankəndində yeni mənzil ala bilməz. Çünki mənzil və ümumiyyətlə həyat çox bahalıdır.
“Rəsmi statistikaya görə, Stepanakertdə 4250 qaçqın ailəsi yaşayır, onlardan 470-nin mənzili yoxdur” – deyə R.Avakyan bildirir.
Xankəndində daşınmaz əmlak biznesi ilə məşğul olan Anait Tovmasyan isə deyir ki, o, 7 illik təcrübəsi ərzində bir dəfə də qaçqınların özlərinə mənzil aldığını görməyib. Çünki buna imkanları yoxdur. Hazırda Xankəndində erməni biznesmenlər yeni çoxmərtəbəli yaşayış evləri tikirlər, şəhərin mərkəzində 1 kvadratmetr mənzilin qiyməti 800-900 dollar, ətraflarda isə 750 dollardır. “Baş nazir” Ara Arutyunyan bildirir ki, “hökumət” müharibə əlillərinin, veteranların və qaçqınların mənzillə təmin edilməsi üçün proqram hazırlayır. Bu zaman üstünlük yataqxanalarda yaşayan ailələrə veriləcək. Lakin Arutyunyan deyir ki, bu proqrama milyardlarla dram lazımdır və maliyyə mənbələrinin nə zaman tapılacağı haqda heç nə deyə bilməz.
Sumqayıtdan köçən erməni R.Avakyan isə azərbaycanlı qaçqın və məcburi köçkünlərə qibtə edir: “Onların qaçqın statusları var. Ancaq bizi heç kim rəsmi olaraq qaçqın kimi tanımır. Çünki beynəlxalq birlik ”Dağlıq Qarabağ” adında dövlət tanımır. Bizim təşkilat dəfələrlə müxtəlif beynəlxalq təşkilatlara müraciət edərək Bakıdan, Sumqayıtdan, digər yerlərdən köçən ermənilərə qaçqın statusu verilməsini istəyib. Ancaq buna məhəl qoyan yoxdur. Bizim qaçqınların heç bir hüquqları mövcud deyil. Dağlıq Qarabağdan olan azərbaycanlıları isə qaçqın kimi tanıyırlar. Axı biz də öz evlərimizdən zorla qovulmuşuq. Minsk Qrupu, ATƏT, BMT bizi nəyə görə qaçqın kimi tanımır?”
Məqalədə daha sonra Dağlıq Qarabağ münaqişəsi zamanı qaçqın düşmüş azərbaycanlılar barədə məlumatlara yer verilir. Bildirilir ki, münaqişə nəticəsində 700 minə yaxın azərbaycanlı öz evlərini tərk edib və Azərbaycanın 62 şəhər və rayonunda məskunlaşıb. Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz proqramları direktoru Lurents Şits bildirib ki, 400 minə yaxın azərbaycanlı məcburi köçkün hələ də normal şərtlərə cavab verməyən şəraitdə yaşayır.
Qeyd edək ki, 1988-ci ilin əvvəllərində Bakıdan və Sumqayıtdan köçən ermənilərin əksəriyyəti öz evlərini satıb, yaxud Ermənistandan qaçqın düşən azərbaycanlıların evləri ilə dəyişdirib. Erməni daşnak çevrələri həmin vaxt Bakı və Sumqayıt ermənilərinin bir hissəsini Dağlıq Qarabağa yönəldərək onların köməyi ilə bölgədə demoqrafik vəziyyəti dəyişdirməyə can atırdılar. Lakin Bakıda və Sumqayıtda firavan yaşayışa adət etmiş ermənilərin çoxu Dağlıq Qarabağda duruş gətirmədi və Ermənistana, yaxud Rusiyaya üz tutdu. Çünki Azərbaycan ərazilərində fəaliyyət göstərən qondarma erməni rejimi onları məskunlaşdırmağa, işlə, yaşayışla təmin etməyə qadir deyil. Ermənistan büdcəsindən ayrılan dotasiyalar və dünya ermənilərindən dilənçilik yolu ilə toplanan ianələr isə buna kifayət etmir.
Bu arada Bakıda da qaçqınların məskunlaşdırılması məsələsi aktuallaşıb. Səbəb hökumətin paytaxt və ətrafında, habelə Sumqayıtda məskunlaşmış məcburi köçkünlər üçün yeni şəhər salınmasına dair irəli sürdüyü ambisiyalı layihədir. Yeni şəhərlə bağlı məlumatı bugünlərdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov açıqlamışdı. O, Qobu şəhər yaşayış massivinin layihələndirilməsi barədə ayrıca müşavirədə söz açmış və yaxın 2-4 il boyunca Bakı, Sumqayıt və Abşeron yarımadasında müvəqqəti məskunlaşan bütün məcburi köçkünlərin Abşeron rayonu Qobu bələdiyyəsinin ərazisində inşa ediləcək yeni iri yaşayış massivinə köçürüləcəyini demişdi.
Ə.Həsənovun dediyinə görə, hazırda Bakı, Sumqayıt və Abşeron yarımadası ərazisində ümumilikdə 300 mindən çox məcburi köçkün yaşayır. O, Müşfiqabad və Masazırda tikilən yeni yaşayış sahələrinə 2200 ailənin – təxminən 8-10 min nəfərin köçürülməsinə başlandığını da əlavə edib. Sözügedən Qobu yaşayış massivi isə 90 min məcburi köçkün üçün nəzərdə tutulub. Bu, ümumilikdə 20 mindən çox ailə deməkdir.
Azərbaycan hökuməti neft gəlirləri hesabına qaçqın və məcburi köçkünləri uzun müddət yaşadıqları yataqxanalardan, qəzalı binalardan və çadırlardan köçürmək üçün yeni qəsəbələr, yaşayış massivləri inşa edib. Lakin yeni şəhərlə bağlı layihə bir neçə aspektdən suallar doğurur. Ekspertlərə görə, hökumətin qaçqınlar üçün Bakı və Sumqayıt arasında artıq qəsəbə deyil, şəhər salmaq planı işğal altındakı torpaqların yaxın perspektivdə geri alınmayacağına dair pessimizmi artırır. Belə çıxır ki, hökumətdə məsələnin danışıqlar yolu ilə həll ediləcəyinə artıq inanmırlar, hərbi yolla işğal altındakı əraziləri geri almağa ümidlər isə yaxın bir neçə il üçün o qədər də yüksək deyil. Digər tərəfdən, ekspertlər yeni şəhərin paytaxtda demoqrafik vəziyyəti və nəqliyyatın hərəkətini daha da ağırlaşdıracağından narahatdırlar.
Fərhad MƏMMƏDOV
www.sumqayitxeber.com