Tofiq Sadıxov: “Bütün gənclər təşkilatlarına səslənərək onları birgə işləməyə çağırıram”
“Sumqayıt Xəbər” qəzeti və eləcə də “sumqayitxeber.com” saytı digər sahələrlə yanaşı həm də şəhərimizdə fəaliyyət göstərən gənclər təşkilatının fəaliyyətini geniş şəkildə işıqlandırmağı qarşısına məqsəd qoymuşdur. Bu sayımızdan etibarən biz Sumqayıt gənclərinin ictimai fəallığını gündəmdə saxlayacaq və gənclər təşkilatlarının fəaliyyəti ilə sizləri tanış edəcəyik. Qəzetimizin ilk qonağı “Sağlam Düşüncə” Gənclər Təşkilatının (SDGT) yeni seçilmiş sədri Tofiq Sadıxov oldu.
– Tofiq bəy ilk olaraq “Sağlam Düşüncə” Gənclər Təşkilatı haqında məlumat verərdiniz.
– “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı (SDGT) 2006-ci il 7 yanvar tarixində təsis edilmiş qeyri-siyasi, qeyri-kommersiya, qeyri-hökumət gənclər qurumudur. Təşkilatımız 2006-ci il 19 aprel tarixində dövlət qeydiyyatına alınmışdır.
Təşkilatımız Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), Uşaq Hüququları üzrə QHT alyansının, Milli Debat Assosiasiyasının üzvüdür.
Bizim missiyamız gənclərin sağlam və demokratik vətəndaş cəmiyyəti quruculuğunda iştirakını artırmaqdır. Bununla bağlı fəaliyyət göstərdiyimiz 5 il ərzində bir sıra layihələr həyata keçirmiş, gənclərin bilik və bacarıqlarının artırılması yönündə təlim və seminarlar təşkil etmişik. Ötən bu illər ərzində Sumqayıt şəhər Təhsil İdarəsi və Gənclər və İdman Baş İdarəsi ilə sıx əməkdaşlıq edərək məktəb və universitetlərdə şagird və tələbələrlə görüşlər keçirmişik. Hal-hazırda “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı Sumqayıt şəhərində Debat Təhsil Proqramının icrasını həyata keçirir. Bu proqramı Azərbaycan üzrə “Vətəndaş Cəmiyyətində Debat” İB-yi həyata keçirir və biz onlarla rəsmi tərəfdaşıq. Debat Təhsil Proqramı çərçivəsində hər il şagirdlər və tələbələr arasında Karl Popper formatlı debat natiqlik turnirləri təşkil olunur. Turnirdən əvvəl isə iştirakçılar üçün natiqlik, ritorika, auditoriya qarşısında çıxış mövzularında təlim və seminarlar keçirilir. Təlimlərin təşkilində Gənclər və İdman baş idarəsi bizə yaxından köməklik edir.
Təşkilatımızda müxtəlif işçi qrupları fəaliyyət göstərir. Üzvlərimiz bu işçi qruplarında işləyərək həm təcrübə əldə etməklə yanaşı sosial məsuliyyətli bir vətəndaş kimi yetişirlər. Təşkilatı gizli səsvermə yolu ilə 2 il müddətinə seçilən idarə heyəti və sədr idarə edir.
Sizin digər təşkilatlardan fərqli cəhətləriniz nədir?
Mən həmişə qeyd etmişəm ki, bütün gənclər təşkilatlarının vahid bir məqsədi olmalıdır. O da Azərbaycan gəncliyi üçün çalışmaq, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdır. Amma təbii ki, hər bir təşkilat digərindən fərqlənmək istəyir. Biz Sumqayıt şəhərində fəaliyyət göstərən ən aktiv təşkilatlardan biriyik. Bizim fərqimiz hər bir üzvümüzə fərdi yanaşmaqdır. Bundan əlavə biz Avropa komissiyasının “Youth in action” (“Gənclər fəaliyyətdə”) proqramından artıq 3 ildir ki yararlanaraq üzvlərimizi xarici ölkələrdə təşkil olunan beynəlxalq təlimlərə göndəririk. Üzvlərimiz 3 il ərzində Gürcüstan, Polşa, Makedoniya, Avstriya, Ukrayna, Ruminıyada ölkəmizi və şəhərimizi təmsil ediblər.
Daha bir fərqli cəhətimiz idarəçiliklə bağlıdır. Bizdə təşkilata rəhbərlik demokratik seçkilər yolu ilə həyata keçirilir. Və hər bir aktiv gənc 6 aylıq feal üzvlük müddətindən sonra idarə heyətinə, 2 illik üzvlük müddətindən sonra isə sədrliyə namizəd ola bilər. Bundan əlavə biz həmişə gördüyümüz işlərlə fərqlənməyə çalışmışıq. Bundan sonra da əsas diqqətimizi buna ayıracağıq. Gəncə lazım olan hər bir şeyin – əyləncənin, istirahətin, iş təcrübəsinin, dostluğun və ailə dəyərlərinin formalaşdığı bir təşkilat qurmağı bacarmışıq. Məncə, ən böyük fərqimiz budur.
Bu günlərdə təşkilatınızda seçkilər oldu və siz yeni sədr seçildiniz. Bu günə kimi birliyinizin fəaliyyətini necə qiymətləndirirsiniz?
Mən ötən 2 il ərzində təşkilatın idarə heyətinin üzvü olmuşam və eyni zamanda Debat Təhsil Proqramının koordinatoru vəzifəsində çalışmışam. Deyə bilərəm ki, bu 2 il ərzində bir çox uğurlara imza atmışıq. Üzvlük sistemini təkminləşdirmişik, təşkilatın kitabxanasını genişləndirmişik, Debat Təhsil Proqramının icrası zamanı Təhsil Nazirliyindən rəsmi dəstək almışıq, ilk dəfə olaraq Sumqayıt şəhərinin 16 orta təhsil məktəbini layihəyə cəlb etmişik, xarici ölkələrdən bir sıra təşkilatlarla əməkdaşlıqlar qurmuşuq, beynəlxalq təlimlərdə iştirak etmişik. Ümumi qiymətləndirmə apardıqda təşkilatın son 2 ildəki fəaliyyətini qənaətbəxş saymaq olar.
Təbii ki, əldə etdiyimiz uğurlarla kifayətlənmirik. Eyni zamanda ötən illər ərzində əldə edə bilmədiyimiz məqsədlərimiz də olub. Səhvlərimiz üzərində işləyərək növbəti 2 ildə daha böyük uğurlar əldə etmək istəyirik.
Növbəti iki ildə hansı məqsədi qarşınıza qoymusunuz?
Qarşımıza qoyduğumuz məqsədlər və çatmaq istədiyimiz zirvələr çoxdur. Lakin bütün bunları ağılla və səbrlə etməyi planlaşdırırıq. Ilk olaraq Sumqayıt şəhərində gənclər üçün 1 nömrəli təşkilat olmaq istəyirik. Yaxın 1 ildə elə bir təşkilat quracağıq ki, Sumqayıtda hər bir gənc bizi tanıyacaq. Bakıdakı üzvlərimizin sayını da artıraraq daha böyük layihələr həyata keçirməyi düşünürük.
Ən böyük məqsədlərimizdən biri Sumqayıtda “Youth in action” proqramı çərçivəsində beynəlxalq təlimin keçirilməsidir. Bunun üzərində ciddi işləyirik və düşünürəm ki, tezliklə “SAĞLAM DÜŞÜNCƏ”-nin keçirdiyi beynəlxalq təlimdən yazacaqsınız.
Sumqayıtda gənclər təşkilatlarının fəaliyyəti sizi qane edirmi?
Açıq desək qane etmir. Lakın burada təkcə təşkilatları deyil, bir qədər də gəncləri qınamaq lazımdır. Hal-hazırda Sumqayıt gəncləri bir qədər passivdirlər. İctimayi aktiv olan gənclər çox azdır. Düşünürəm ki, bu problemi həll etmək üçün bir yerdə çalışmalıyıq. Yaxşı olardı ki, ayda 1 dəfə Sumqayıtda fəaliyyət göstərən gənclər təşkilatları ilə görüşüb fikir mübadiləsi aparaq. Qəzetiniz vasitəsilə bütün gənclər təşkilatlarına səslənərək onları birgə işləməyə çağırıram. Biz “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı olaraq əməkdaşlığa hər zaman hazırıq.
Hazırda hansı layihə üzərində çalışırsınız?
Hal-hazırda fəaliyyətdə olan 2 layihəmiz var. Bunlardan biri advokasi kampaniyası olan “No Smoking-Sağlam Həyat Tərzi” kampaniyasıdır. Artıq 1 ildir ki, bu kampaniyanı sosial şəbəkələr vasitəsilə işləyirik. Məqsədimiz gənclər arasında tütün və onun zərərləri haqqında maarifləndirmə aparmaq, siqaret çəkməyən gənclərin gələcəkdə siqaret çəkmə ehtimalının azaldılmasıdır. Bu kampaniya çərçivəsində gənclər üçün “No Smoking-music and dance evening” adlı party, “Tütünsüz Ətraf mühit” adlı Velo yürüş, Bollivud istehsalı olan “No Smoking” adlı filmin nümayişini və “Tütünsüz bir gün adlı” Qəbələ şəhərinə 1 günlük tur təşkil etmişik. Hal-hazırda da kampaniyanı öz maliyyə hesabımıza davam etdiririk. Kampaniyanın davamı olaraq tibb klinikaları ilə əməkdaşlıq, siqaretin zərərləri haqqında təhsil müəssisələrində seminarların keçirilməsi, flashmobların təşkili nəzərdə tutulur.
Digər bir layihəmiz isə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi qrant əsasında seçilmiş “Sən də QİÇS-ə yox de!” layihəsidir. Layihə 4 mərhələdən ibarətdir: Hazırlıq, iştirakçıların seçimi, təlimlər və yekun. 4 ay davam edəcək layihənin sonunda təlimlərə cəlb olunmuş gənclər 2-5 dəqiqəlik QİÇS-in nə dərəcədə dəhşətli bir virus olduğunu göstərən film çəkməlidirlər. Hal-hazırda layihədə iştirak edəcək gənclərin seçimi gedir. Layihədə iştirak etmək istəyənlər www.csyo-az.org saytında “Sən də QİÇS-ə yox de!” bölməsinə keçərək elektron ərizə formasını doldurmalıdırlar. Seçilmiş iştirakçılara QİÇS haqqında maarifləndirici təlimlər keçiriləcəkdir. Sonda iştirakçılar qrup halında filmlər çəkəcəklər.
bos seydi