Gənclər iş imkanlarını artırmaq üçün ilk öncə kompüter və xarici dil bacarıqlarının artırılmasına üstünlük verirlər
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi “gənclərin məşğulluğu və karyera” mövzusunda
gənclər arasinda sosioloji sorğu keçirib. Sorğuda əsasən Sumqayıt şəhərində yaşayan, müxtəlif ali, orta ixtisas və orta məktəblərdə təhsil alan, müxtəlif müəssisələrdə işləyən, habelə gənclər təşkilatlarında fəaliyyət göstərən gənclər təşkilatlarının fəal üzvləri arasında keçirilmişdir. Şəxsi məlumatları da əhatə etmək şərti ilə 16 sualdan ibarət sosioloji sorğuda ümumilikdə 331 nəfər gənc iştirak edib.
Respondentlərin ixtisasları çox müxtəlifdir. Respondenlərdən 17 nəfər, yəni respondentlərin 5,14%-i orta məktəb şagirdi olduğu üçün onların hər hansı bir ixtisası yoxdur.
Respondentlərin işlədikləri yerlər o qədər də müxtəlif deyil. Respondentlərin 62,23 %-ni, yəni 206 nəfəri ali və orta ixtisas məktəblərində təhsil alan tələbələr təşkil edir. 31 nəfər, yəni respondentlərin 9,37%-i orta məktəbdə müəllim vəzifəsində işləyir. 22 nəfər, yəni respondentlərin 6,65%-i isə tibb müəssisələrində işləyirlər. Qalan respondentlər müxtəlif dövlət və özəl müəssisə və təşkilatlarda müxtəlif vəzifələrdə işləyirlər.
Respondentlər “iş axtarışında aşağıdakı faktorlardan hansılarına daha çox üstünlük verərdiniz” sualına aşağıdakı şəkildə cavab vermişdir. Respondentlərin hər biri bu sualda orta hesabla 2 cavab verməklə ümumilikdə 657 cavab vermişdir.
s/s | Cavabların adı | Verilən cavabların sayı | Ümumi cavablara nisbəti (faizlə) | Respondenlərin sayına nisbəti (faizlə) |
1 | 2 | 3 | 4 (3/657X100%) | 5 (3/331X100%) |
1 | Məvacib | 153 | 23,29 | 46,22 |
2 | Kollektiv(iş mühiti) | 132 | 20,09 | 39,88 |
3 | Karyera imkanları | 121 | 18,42 | 36,56 |
4 | İxtisasa uyğunluq | 118 | 17,96 | 35,65 |
5 | İş rejimi | 66 | 10,05 | 19,94 |
6 | İşə götürən qurumun prestiji | 46 | 7,00 | 13,90 |
7 | Ezamiyyət imkanları | 11 | 1,67 | 3,32 |
8 | Digər cavablar | 10 | 1,52 | 3,02 |
9 | Cəmi | 657 | 100 | 200 |
Nəticələrdən göründüyü kimi, respondentlər məvacib və iş mühiti faktoruna daha çox üstünlük verirlər. İş mühiti cavabının çoxluq təşkil etməsi sorğuda iştirak edən respondentlərin çoxunun qadın cinsindən olması ilə əlaqədərdir. Respondentlərin verdiyi ümumi cavabların 61,8%-i, məvacib, kollektiv (iş mühiti), karyera imkanları cavablarıdır. Cavablardan göründüyü kimi respondentlər üçün işin ixtisasa uyğunluğu bir o qədər rol oynamır. Respondentlər üçün iş rejimi, işə götürən qurumun prestiji və ezamiyyət imkanları da bir o qədər rol oynamır.
Respondentlər “daha çox hansı sektorda işləmək istərdiniz” sualına aşağıdakı şəkildə cavab vermişdir:
Dövlət sektoru- 186 nəfər, yəni respondentlərin 56,19 %-i
Beynəlxalq təşkilatlar- 58 nəfər, yəni respondentlərin 17,52 %-i
Özəl sektor – 43 nəfər, yəni respondentlərin 12,99 %-i
Sahibkarlıqla özüm məşğul olmaq istəyirəm- 28 nəfər, yəni respondentlərin 8,46 %-i
Digər- 15 nəfər, yəni respondentlərin 4,53 %-i
Nəticələrdən göründüyü kimi iş baxımında dövlət sektoru hələ də prestijli bir sektor kimi qalmaqdadır. Belə ki, respondentlərin yarıdan çoxu, 56,19%-i dövlət sektorunda işləməyə daha çox üstünlük verirlər.
Respondentlər “işəgötürən müəssisə rəhbərləri namizədlərdə daha çox hansı meyarları axtarırlar” sualına aşağıdakı şəkildə cavab vermişdir. Respondentlərin hər biri bu sualda orta hesabla təxmini 4 cavab verməklə ümumilikdə 1323 cavab vermişdir.
Respondentlərin əksəriyyəti yəni 50%-dən çoxu əsasən 4 meyara üstünlük verib. Bu sualın cavablarında xarici dil və kompüter bilikləri cavabları liderliyi ələ alır. Respondenlərdən 245 nəfər, yəni 74,02%-i hesab edir ki, işəgötürən qurumlar namizədlərdə xarici dil biliklərini əsas meyar kimi hesab edir. Xarici dil bilikləri ümumi cavabların 18,52%-ni təşkil edir. Ümumilikdə ilk 3 meyar-xarici dil bilikləri, kompüter bilikləri və iş təcrübəsi ümumi cavabların 48,9 %-ni təşkil edir. Növbəti yerlərdə isə ixtisas, zahiri və fiziki görkəm və tanışlıq meyarları gəlir. Bu suala verilən cavablarla KİV-də və digər mənbələrdəki iş elanları ilə müqayisə edərkən bunu müşahidə etmək mümkündür ki, bir çox hallarda işəgötürənlərin əsas tələbləri xarici dil və kompüter bilikləri ilə bağlı olur.
Respondentlər “İş imkanlarınızı artırmaq üçün hansı bacarıqları artırmaq istəyərdiniz” sualına aşağıdakı şəkildə cavab verib. Respondentlərin hər biri bu sualda orta hesabla təxmini 2 cavab verməklə ümumilikdə 673 cavab vermişdir.
Respondentlər “işəgötürən müəssisə rəhbərləri namizədlərdə daha çox hansı meyarları axtarırlar” sualına verilən cavablara uyğun olaraq tələbatlarını müəyyən ediblər. Belə ki, respondentlərin 46,22%-i xarici dil biliklərini, 39, 88%-i isə ofis proqramlarında işləmək bacarıqlarını artırmaq istəyirlər. Bu cavabları verənlərin əksəriyyətini ali və orta ixtisas məktəblərində təhsil alan tələbə-gənclər təşkil edir. Biznes plan və marketinq bacarıqlarını artırmaq istəyənlər azlıq təşkil edir. Bu cavablar əsasən ali təhsillilər və müxtəlif yerlərdə işləyən, habelə iqtisadiyyat ixtisaslarına malik olanlar cavablamışdır. İxtisasartırma, bacarıq və bilikləri artıran müxtəlif təlimlər və seminarlar cavabını verənlər isə hər iki təbəqədən-yəni tələbələr və eləcə də müxtəlif yerlərdə işləyən gənclər eyni səviyyədə cavablamışdır.
Gənclər “işə düzəlmək üçün aşağıdakı informasiya mənbələrindən hansı daha effektlidir” sualına aşağıdakı şəkildə cavab vermişdir. Respondentlərin hər biri bu sualda orta hesabla təxmini 2-3 cavab verməklə ümumilikdə 766 cavab vermişdir.
Bu suala verilən cavabları şərtləndirən amillərdən biri respondentlərin bu məsələdə informasiya çıxışlarının hansı səviyyədə olması ilə bağlıdır. Verilən cavablar onu göstərir ki, gənc respondentlərin iş axtarma məsələsində informasiya çıxışları çox vaxt yaxın ətrafla bağlıdır. Bu baxımdan internet saytları, KİV-i və məşğulluq mərkəzlərini cavablandıranlar nisbətən azdır. İkinci bir amil isə informasiya mənbələrinin iş axtaranlara nə dərəcədə uyğun işlər təklif etməsi ilə bağlıdır. Bəzən informasiya mənbələrindən işaxtaranlar öz tələblərinə uyğun iş tapa bilmirlər. Bunun əsas səbəblər ya iş axtaran informasiya mənbələrində məlumat bazasının diversifikasiyasının aşağı olması, ya da verilən informasiyada işaxtaranlarla işəgötürənlərin tələblərinin uzlaşmamasıdır. Bununla yanaşı respondentlərin işə düzəlmək üçün informasiya mənbələrindən məlumatlılıq dərəcəsi də önəmli amildir və verilən bu sualin cavabına böyük təsir göstərir. Cavablardan göründüyü kimi respondentlər işə düzəlmək üçün işəgötürən qurumların özlərindən məlumat əldə etmək (ümumi cavabların 22,32%-) , ikincisi isə dostlar və tanışlar vasitəsi ilə (ümumi cavabların 20,10%-i) onu göstərir ki, respondentlər daha yaxın ətrafa etibar etməyi üstünlük verirlər. Əslində bu iki mənbə işaxtarmaq baxımından o qədər də çevik bir mənbə deyil və bu mənbələrlə işə düzəlmək kifayət qədər vaxt aparır.
Son iki sırada yer alan mənbələr isə Əhalinin Məşğulluq Mərkəzlərinin yerli idarələr (ümumi cavabların 6,14%-i) və dövrü mətbuatdır (ümumi cavabların 5,35 %-i).
Respondentlər “İşə düzəlmək üçün aşağıdakı mətbuat vasitələrindən hansılarının adlarını bilirsiniz” sualına aşağıdakı şəkildə cavab vermişdir.
224 nəfər, yəni respondentlərin 67,67 %-i suala “heç birini bilmirəm (xatırlamıram)” cavabını vermişdir. Qalan 107 respondentin 41 cavabı qəzet və jurnalların, 104 cavabı isə müxtəlif internet saytların adların qeyd etmişdir. Respondentlər bu suala cavabda 10 qəzetin və 26 internet saytın adlarını qeyd etmişdir. Qəzetlər üçün verilən ümumi 41 cavab arasında “Birja” qəzetinə 16 cavab (ümumi cavabların 39,02%-i), “Supermarket” qəzetinə 8 cavab (ümumi cavabların 19,51%-i), “Sumqayıtxəbər” qəzetinə 6 cavabla (14,63%-i) liderliyi ələ alır. İnternet saytlar üçün isə verilən 104 cavab arasında www.boss.az 24 cavab (ümumi cavabların 23,08 %-i), www.resurs.az 14 cavab (ümumi cavabların 13,46 %-i), www.jobsearch.az 9 cavab (ümumi cavabların 8,65 %-i), www.kadr.az 9 cavab (ümumi cavabların 8,65 %-i), www.karyera-az.com 6 cavabla (ümumi cavabların 5,77 %-i) liderliyi ələ alır. Bu göstəricilər onu göstərir ki, gənclərin işaxtarma məsələsində məlumatlılıq dərəcəsi zəfidir.
Respondentlər “uğurlu iş tapmaq və karyera əldə etmək üçün aşağıdakı meyarlardan hansıları daha çox vacibdir” sualına aşağıdakı şəkildə cavab vermişdir. Respondentlərin hər biri bu sualda orta hesabla təxmini 3 cavab verməklə ümumilikdə 987 cavab vermişdir.
Suala verilən cavablar işəgötürən müəssisə rəhbərləri namizədlərdə daha çox hansı meyarları axtarırlar sualına verilən cavablarla oxşaqlıq təşkil edir. Bu sualda da xarici dil bilikləri 201 cavabla (respondenlərin 60,73%-i, ümumi cavabların 20,36%-i) respondentlər üçün ən vacib meyar hesab edilib. İş təcrübəsi meyarı bu suala verilən cavabda da 160 cavabla (respondentlərin 48,34%-i, ümumi cavabların 16,21%-i) 3-cü pillədə gəlir. Qalan növbəti meyarların reytinqində də oxşarlıqlar mövcuddur.Bu suala verilən cavablarda ixtisas meyarı əvvəlkindən fərqli olaraq 171 cavabla (respondentlərin 51,66%-i, ümumi cavabların 17,33%-i) ikinci pillədə gəlir. Kompüter bilikləri isə 158 cavabla (respondentlərin 47,73%-i, ümumi cavabların 16,01%-i) 4-cü pillədə qərarlaşmışdır. Tanışlıq və qohumluq dərəcəsinə görə, yaş və cinsi meyaralara görə meyarları burada nisbətən aşağı pillələrə düşmüşdür.
Respondentlər “hal hazırkı ixtisasınız sizi qane edirmi” sualına aşağıdakı şəkildə cavab vermişdir.
Qane edir- 251 nəfər, yəni respondentlərin 75,83 %-i
Qane etmir- 80 nəfər, yəni respondentlərin 24, 17%-i
Respondentlər “İş imkanlarınızı artırmaq üçün aşağıdakılardan hansılarında iştirak etmisiniz” sualına aşağıdakı şəkildə cavab vermişdir.
104 nəfər, yəni respondentlərin 31,42%- iş imkanlarını artırmaq üçün hər hansı bir kurs, təlim və ya seminarda iştirak etmədiyini bildirmişdir. Qalan 227 nəfər, yəni respondentlərin 68, 58% bu suala ümumilikdə 395 cavab vermişdir.
Bu suala verilən cavabların nəticələri respondentlərin “İş imkanlarınızı artırmaq üçün hansı bacarıqları artırmaq istəyərdiniz”sualına verilən cavablarla uyğunluq təşkil edir. Bu sualların cavablarının nəticələrini müqayisə edərək bu qənaətə gəlmək mümkündür ki, kompüter və xarici dil bilikləri, ixtisasartırma, bacarıq və bilikləri artıran müxtəlif təlimlər və seminarlar gənclərin məşğulluğunun yaxşılaşdırılmasında önəmlidir. Gənclər biznes plan hazırlamaq, marketinq və peşə bilikləri bacarıqlarının gücləndirilməsinə çox meylli deyillər.
Respondentlər “iş axtararkən arzu etdiyiniz minimum məvacib nə qədər olmalıdır” sualına aşağıdakı şəkildə cavab vermişdir.
100-200 AZN- 29 nəfər, yəni respondentlərin 8,76 %-i
201-400 AZN- 119 nəfər, yəni respondentlərin 35,95 %-i
401-600 AZN- 93 nəfər, yəni respondentlərin 28,10 %-i
601-800 AZN- 29 nəfər, yəni respondentlərin 8,76 %-i
801-1000 AZN- 27 nəfər, yəni respondentlərin 8,16 %-i
1000 AZN və yuxarı- 14 nəfər, yəni respondentlərin 4,23 %-i
Fərqi yoxdur- 17 nəfər, yəni respondentlərin 5,14 %-i