Sumqayıt hadisələri Argentina mətbuatında

889

Argentinanın “Telam” Milli Xəbərlər Agentliyi Azərbaycanın Argentinadakı səfirliyinin yazılı müraciəti əsasında Sumqayıt hadisələri və Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi haqqında informasiya dərc edib.

“sumqayitxeber.com” AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın Argentinadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, bu informasiya “Terra”, “El Comercial”, “Finanzas” və “RSS Noticias” informasiya portallarında da yer almışdır.

Məlumatda vurğulanır ki, Sumqayıt hadisələri yanlış şərh edilməməlidir. Həm azərbaycanlıların, həm də ermənilərin həlak olduğu bu faciəli hadisələr Dağlıq Qarabağın və ətraf yeddi rayonun Ermənistan tərəfindən işğalı kontekstində gözdən keçirilməlidir.

Materialda deyilir: “Sübuta yetirilmişdir ki, Sumqayıt hadisələri erməni millətindən olan şəxslər, o cümlədən Eduard Qriqoryan tərəfindən təşkil edilmiş və törədilmişdir. Həmin hadisələrin təşkil edilməsi geniş miqyasda antiazərbaycan təşviqat kampaniyasına başlamaq və Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətinə bəraət qazandırmaq məqsədi daşımışdır”.

Bundan əlavə, materialda vurğulanır ki, SSRİ-nin dağılması ərəfəsində 200 mindən çox azərbaycanlı Ermənistandan zorla qovulmuş, Ermənistanın Azərbaycana qarşı başladığı müharibə nəticəsində Azərbaycan ərazisinin 20 faizindən çoxu erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Etnik təmizləmə nəticəsində təqribən bir milyon azərbaycanlı yurd-yuvasını tərk etmək məcburiyyətindən qalmış, 20 min azərbaycanlı qətlə yetirilmişdir. Ermənilər ələ keçirilmiş ərazilərdə Azərbaycanın tarix və mədəniyyət abidələrini məhv etmişlər.

Məqalədə deyilir: “Ermənistan hələ də BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin qətnamələrini pozmaqda davam edir”.

Materialda vurğulanır ki, Azərbaycan regionda ədalətin və möhkəm sülhün bərqərar edilməsinə tərəfdardır.

Məqalədə qeyd edilir ki, Sumqayıt hadisələrini törədənlər məhkəmə tərəfindən məhkum olunsalar da, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda azərbaycanlı dinc əhaliyə qarşı həyata keçirilmiş qətliamın günahkarları hələ də cəzalandırılmamışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər