Keçmiş SSRİ dövlətinin başçısı M.Qorbaçovun məsləhətçisi akademik Abel Aqanbekyan 1987-ci ildə Fransada nəşr olunan “Humanite” jurnalındakı məlum çıxışı ilə dünyaya səpələnmiş bütün ermənilərə Qarabağın müstəqilliyi uğrunda mübarizəsinin başlandığını elan edəndən sonra ermənilər və onların havadarları hərəkətə gəldilər. Ermənilər və onların Moskvadakı havadarları bu məsələni şişdirmək, müzakirə obyektinə çevirmək, milli qırğınlar törətmək və nəhayət, erməniləri silahlandırıb Azərbaycan xalqının üstünə qaldırmaq və məsələni silahlı təcavüz yolu ilə həll etmək variantlarını hazırlamışdılar. Planın tərkib hissələrindən biri də Sumqayıtda ermənilərin qırğınını təşkil etmək idi.
Məlumdur ki, sovet hökuməti özündən əvvəlki imperiyanın siyasətinidavam və inkişaf etdirərək Qərbi Azərbaycan torpaqlarında paytaxtı bizim İrəvan şəhəri olan Ermənistan dövləti yaratdı. Ancaq ermənilər və ermənipərəst sovet hökuməti Azərbaycana qarşı torpaq iddialarından əl çəkmədilər. 1948-1953-cü illərdə Anastas Mikoyanın Stalinlə razılaşdırılmış planına əsasən azərbaycanlılar qədim ata-baba yurdlarından deportasiya edildilər.
Xüsusi qeyd etməliyik ki, nəinki Qarabağı, hətta bütün Azərbaycan torpaqlarını işğal etmək məqsədi gündən çar Rusiyasının və sovet dövlətinin siyasəti bizim torpaqlardan, ilk növbədə, Türkiyəyə qarşı platsdram yaratmaqla şərtlənir və burada onların niyyətləri üst-üstə düşürdü. Biz hamımız bilirik ki, torpaqlarımızı ələ keçirmək və dövlət qurmaq ermənilərin illərlə arzuladıqları, lakin əlçatmaz məqsədləri idi. Məhz buna görə də, Dağlıq Qarabağda ermənilərin yaşadığını bəhanə edərək orada ajiotaj yaratdılar və bu ərazini Ermənistana birləşdirmək planlarını işə saldılar. Bu çirkin planın müəllifləri və rəvac verənləri Raisa və Mixail Qorbaçovlar, Zori Balayan, Silva Kaputikyan, Sero Xanzadyan, Georgi Şahnazaryan, Abel Aqanbekyan və başqaları idi. Onların “dirijorluğu” ilə Sumqayıtda qırğın planlaşdırıldı və həyata keçirildi.
Məlum idi ki, Sumqayıt çox millətli şəhər kimi respublikanın ikinci böyük sənaye mərkəzidir və bütün SSRİ-də müəyyən qədər tanınmışdı. Baş verəcək qırğında əli olduqlarını danmaq və ya izi itirmək üçün Ermənistandan və Dağlıq Qarabağdan yüz kilometrlərlə uzaqda olan Sumqayıt daha əlverişli sayılırdı. Qaniçən cəlladlar yaxşı bilirdilər ki, Sumqayıtda yaşayan ermənilərin əksəriyyəti xırda sənətkarlıqla məşğul olurdular. Ziyalılar, alimlər və tanınmış şəxslər isə çox az sayda idi. Ermənilər “ümumi işi” naminə öz erməni soydaşlarını güdaza verməkdən belə heç də heyfslənmədilər. Nəhayət, Ermənistandan və Dağlıq Qarabağdakı isti yurd-yuvasından zorla qovulmuş qaşqınların böyük bir qismi Sumqayıtda məskunlaşdırılmışdı və onlar ermənilərə qarşı hər hansı tədbirə, o cümlədən qisas almağa hazır idilər.
Sumqayıt hadisələrinə iki gün qalmış qatı millətçi olan Silva Kaputikyan televiziya ekranından erməni əhalisinə müraciətlə demişdi: “Qarabağ tarixən Ermənistanın olub. Bizim əsas məqsədimiz hər iki torpağı birləşdirmək deyil, əsas məqsəd tarixən bizə vurulan yaranı sağaltmaqdır. Xalqımız böyük faciələrə düçar olub, lakin xalqımız müdrik xalqdır. Biz öz müdrikliyimizi M.Qorbaçova köməklikdə göstərməliyik. Çünki yenidənqurmanın, demokratiyanın düşmənləri çoxdur, onlar bir cəbhədən çıxış edib bizim planları poza bilərlər. Buna görə də hər bir yolla ona kömək etməli və tarixi torpaqlarımızı geri qaytarmalıyıq”.
Sumqayıt hadisələrinin təhlili göstərir ki, şəhərdə yaşayan ermənilərin böyük əksəriyyəti bundan xəbərdar imiş. 1988-ci il fevralı 27-29-da törədilmiş hadisələrdə 32 nəfər öldürülmüş, 400 nəfərdən çox insan bədən xəsarətləri almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomobil zədələnmiş, dövlətə 7 milyon rubl və ya 10 milyon dollar məbləğində ziyan vurulmuşdu. Erməni ziyalılarının bir çoxu bu hadisələrdən dərhal sonra antiazərbaycan təbliğatına başladılar. Qatı millətçi olan yazıçı S.Xanzadyan “Yurmala” qəzetinə versiyi mühasibədə faktları təhrif edərək Sumqayıtda 450-dən çox adamış öldürüldüyünü və onların hamısının erməni olduğunu bildirirdi.
Z.Bünyadov erməni separatçısı Nvard Avakyanın dediyi “Sumqayıtda bizim əlimiz yoxdur, ora bizdən 400 kilometr uzaqda yerləşir” fikrini əsaslı arqumentlərlə alt-üst etdi. Daşnakların məkrli planlarının ifşa edilməsi işinə K.Rəhimov və bir çoxları qoşuldular. Onlar sübut etdilər ki, Sumqayıt qırğının təçkilatçıları azərbaycanlılar yox, ermənilərdir.
Azərbaycan xalqının görkəmli oğlu, akademik Z.Bünyadov “Nə üçün Sumqayıt?” məqaləsində ermənilərin və bu qanlı hadisənin törədilməsində marağı olan digər qüvvələrin məkrini öz məntiqli mühakimələri ilə təkzib etmiş, aksiyanın, faciənin hansı məqsədlər üçün həyata keçirildiyini açıq göstərmişdir. Çox təəssüf ki, həmin dövrdə Azərbaycan rəhbərliyi Kremlin göstərişlərini əsas tutaraq Sumqayıt hadisələrinin guya bir qrup xuliqan ünsürlər tərəfindən törədilməsi faktı ilə razılaşdı. Sumqayıt hadisələri Ermənistandan azərbaycanlıların vəhşicəsinə qovulması prosesini daha da sürətləndirdi. Azğınlaşmış ermənilər kəndlilərə hücum etdilər, azərbaycanlı əhalini öz dədə-baba torpaqlarından didərgin saldılar. Sonralar məlum oldu ki, bu zaman 400 nəfərdən çox azərbaycanlı müxtəlif işgəncələrlə öldürülmüş, 230 min soydaşımız doğma Vətənindən qovulmuşdur. əslində planlı şəkildə hazırlanan Sumqayıt hadisələri ilə Azərbaycan xalqının heç bir əlaqəsi yoxdur. Dünya ictimaiyyəti dərk etməlidir ki, bu aksiya SSRİ-nin milli münaqişələr zəminində dağıdılmasına xidmət etmiş, Sumqayıt isə sadəcə əlverişli bir yer kimi seçilmişdi. Xalqımız bütün dövrlərdə, eləcə də bu gün hər cür irqi ayrı-seçkiliyi, qatı çovinizmi rədd edir, öz ərazisində yaşayan bütün xalqlara və millətlərə qayğı ilə yanaşı, tolerantlıq nümayiş etdirir.
Bu gün bəşər tarixinin ən parlaq şəxsiyyətlərindən biri olan Heydər Əliyevin siyasi varisi prezident İlham Əliyev təməli qoyulmuş uğurlu siyasəti müvəffəqiyyətlə davam etdirir. İqtisadi cəhətdən güclənmiş ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli yollarında uğurlu işlər aparır.
Elmar Xəlilov
Sumqayıt Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının baş müəllimi