Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib

711

Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi və torpaqlarımızda erməni separatizminə son qoyulması Azərbaycan xalqının son bir neçə əsrlik tarixinin ən möhtəşəm hadisələrinə çevrilərək  hər birimizə vətəndaş olaraq dərin qürur və sevinc hissi yaşatdı. Bu  hadisələr respublikamız üçün yeni tarixi dövrün başlanğıcı oldu və fevral ayının 7-də keçirilmiş prezident seçkilərində xalqımız bir daha Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənərək və növbəti dəfə özünün müdrik seçimini edərək qələbələr və nailiyyətlər  silsiləsinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə də davamına səs verdi.
Aprel ayının ortalarından etibarən Rusiya Federasiyasının sülhməramlı kontingentinin respublikamızı tərk etməsi, bunun ardınca Qazax rayonununun 4 kəndinin azad edilməsi ilə bağlı razılığın əldə olunması və dövlət sərhədinin bu istiqamətində demarkasiya işlərinə başlanılması Prezident İlham Əliyevin müəllifliyi ilə yazılan zəfər salnaməsinin növbəti qürurdoğuran səhifələri oldu.
Torpaqlarımızın azadlığının baş memarı olan Prezident İlham Əliyev bununla Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, Azərbaycanı Ulu Öndərin arzuladığı zirvəyə yüksəltdi. Olduqca xoşdur ki, Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü bu cür uğurlarla qeyd edirik.

50 il əvvəl başlanan intibah

Müasir Azərbaycanın 1969-cu ildən başlayan dövrünü xalqımız haqlı olaraq Heydər Əliyev epoxası kimi qəbul edir. Hansı ki, bu epoxanın hər bir mərhələsi dövlətçilik tariximizə ən möhtəşəm nailiyyətlərin əldə olunduğu illər kimi həkk olunub. Bu epoxanın hər bir dövründə tənəzzüldən xilas olaraq inkişaf yoluna qədəm  qoymuşuq, hər bir tarixi mərhələdə Azərbaycan güclənib və Heydər Əliyev yolunun ən layiqli davamçısı olan İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövlətinə çevrilib.
Böyük siyasət adamı, görkəmli dövlət xadimi olan Heydər Əliyev həm də vətənpərvər, öz ölkəsinə və xalqına son dərəcə bağlı insan idi. Heydər Əliyevin sovet dövründə Azərbaycanı geridə qalmış aqrar əyalətdən inkişaf edən sənaye respublikası səviyyəsinə yüksəltməsi, istər 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya gələrək öz böyük dühası ilə müstəqilliyimizi və dövlətçiliyimizi təhlükələrdən xilas etməsi bütün yüksək məziyyətləri ilə yanaşı, həm də Ulu Öndərin vətənpərvərliyinin təcəssümüdür.
Bu gün öz göstəriciləri ilə Azərbaycanın müasir inkişaf tarixinin parlaq nümunələrini yaradan, öz intibahının yeni mərhələsini yaşayan Sumqayıt şəhəri də əldə etdiyi uğurlara, gəlib çatdığı hazırkı yüksəliş səviyyəsinə  görə böyük şəxsiyyət Heydər Əliyevə minnətdardır. Sumqayıtı hələ sovet dövründə dünyada tanıdan, şəhərin indiki sürətli tərəqqisinin etibarlı təməllərini yaradan yüksəliş yolunun banisi Ulu Öndərdir.
Tək Azərbaycanın deyil, bütün Cənubi Qafqazın mühüm sənaye mərkəzi və ən abad ünvanlarından biri kimi şöhrətini gündən-günə artıran Sumqayıtın müasir tarixi XX əsrin 30-cu illərinin sonundan başlayır. Sovet hökumətinin Abşeron yarımadasında növbəti sənaye mərkəzi yaratmaq barədə qərarından irəli gələrək 1939-40-cı illərdə Sumqayıt ərazisində Sintetik Kauçuk, Boruyayma və Kimya zavodlarının bünövrəsi qoyulmuş, lakin Böyük Vətən müharibəsinin başlaması ilə tikinti işləri yarımçıq qalmışdır. Yalnız 1945-ci ildə Kimya zavodu, 1952-ci ildə isə Boruyayma zavodu ilk məhsulunu istehsal etmişdir. Boruyayma zavodunun istifadəyə verilməsi ilə Azərbaycanda qara metallurgiya sənayesi inkişaf etməyə başlamış, 1953-cü ildə  Marten sobalarında ilk dəfə polad əridilməsi həyata keçirilmişdir. O cümlədən Sintetik Kauçuk zavodu da işə salınmış və ilk dəfə neftdən etil spirti əldə edilmişdir.
1955-ci ildə Alüminium zavodu işə düşmüşdür. 60-cı illərdə Polimer Tikinti Materialları Kombinatı, Superfosfat zavodu yaradılaraq istehsala başlanılmışdır. Göründüyü kimi, yeni sənaye müəssisələrinin bir qisminin yaradılması və Sumqayıta şəhər statusunun verildiyi 1949-cu ildən sonraya təsadüf etsə də, bütövlükdə ötən əsrin 50-60-cı illərində görülən işlərin miqyası Sumqayıtın mövcud potensialı ilə müqayisədə çox aşağı olmuşdur və bu vəziyyət 1969-cu ilin iyulundan Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyevin diqqətini cəlb etməyə bilməzdi. Ulu Öndər bilirdi ki, Sumqayıtın potensialı olduqca böyükdür. Bu baxımdan Azərbaycanın aqrar ölkədən inkişaf etmiş sənaye respublikasına çevrilməsi yönündə Heydər Əliyevin başlatdığı iqtisadi islahatların bir istiqamətini Sumqayıtın iqtisadi potensialının hərəkətə gətirilməsi, o cümlədən mövcud neft-kimya müəssisələrinin inkişaf etdirilməsi və şəhər üçün tamamilə yeni olan maşınqayırma və yüngül sənayenin yaradılması olmuşdur.
O illər görülən işlərə misal olaraq əhalinin məişət kimyası mallarına olan tələbatını maksimum ödəmək məqsədilə 70-ci illərin əvvəllərində yaradılan Sumqayıt Məişət Kimyası Zavodunu göstərmək olar. Heydər Əliyevin sayəsində bu zavod Cənubi Qafqazda ilk olaraq Sumqayıtda yaradılmışdır. Yaxud Superfosfat zavodunda yüksək texnologiya əsasında inşa edilən dənəvər superfosfat gübrəsi istehsalatının işə salınmasını göstərə bilərik. 1970-73-cü illərdə “Üzvi sintez” zavodunda bir-birinin ardınca qliserin, benzol, izobutilen və poliizobutilen, həmçinin xlor və diafraqma üsulu ilə kaustik soda istehsalı sexlərinin fəaliyyətə başlaması, 1974-cü ildə Sintetik Kauçuk zavodunda yüksək markalı kauçuk istehsal edən sexin yenidən qurulması ilə onun istehsal gücünün xeyli artırılması, Kompressorlar zavodunun, Üst trikotaj və Xovlu İplik fabriklərinin, Süd və Yeyinti məhsulları kombinatlarının yaradılması məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Sumqayıtda sənaye sahələrinin inkişafı ilə bağlı əldə olunmuş nailiyyətlərdir.
Ümumiyyətlə, Heydər Əliyev Sumqayıtda sənayenin inkişafına qayğı ilə yanaşmış, bunun üçün  bütün imkan və vasitələrdən yararlanmışdır. Ulu Öndərin hələ 50 il əvvəl – 1974-cü ildə şəhər statusu verilməsinin 25 illiyi ilə əlaqədar Sumqayıta gəlməsini, ictimaiyyət nümayəndələri ilə görüşünü sumqayıtlılar hər zaman Heydər Əliyevin şəhərimizə xüsusi diqqətinin təzahürü kimi qiymətləndirmişlər. Həmin vaxt 25 illik yubiley tədbirində çıxış edən Heydər Əliyev kimyaçıların heç də asan olmayan, gərgin, fədakar əməyini, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirməklə yanaşı, kimya sənayesinin prioritet inkişaf istiqamətləri barədə fikirlərini söyləyərək qarşıda duran vəzifələrlə bağlı kimyaçılara gələcək üçün fəaliyyət proqramı ola biləcək dəyərli tövsiyələrini də vermişdi. Bundan sonra, daha dəqiq desək, 1975-76-cı illərdə Sumqayıtın neft-kimya kompleksi üçün ən yeni texnologiyalar əsasında yaradılmış, Almaniya və Çexoslovakiya istehsalı olan EP-300 qurğusunun –  layihə gücü etilenə görə 300 min, propilenə görə isə 138 min ton olan həmin nadir kompleksin əldə edilməsi üçün Heydər Əliyev Moskvaya müraciət etmişdi. Ulu Öndər özünəməxsus uzaqgörənliklə həmin kompleksin respublikamızın iqtisadiyyatı üçün böyük əhəmiyyəti və perspektivi olduğunu yaxşı bilirdi. Lakin Kreml rəhbərləri həmin nadir kompleksin xaricdən alınması üçün külli miqdarda vəsait tələb edildiyini, buna isə guya SSRİ-nin imkanı olmadığını əsas gətirərək Heydər Əliyevin müraciəti ilə bağlı heç bir tədbir görmürdü.
Belə olduqda hər zaman vəziyyəti düzgün qiymətləndirməyi və müvafiq qərar qəbul etməyi məharətlə bacaran Heydər Əliyev respublikamızın neft-kimya sənayesinin yeni inkişaf mərhələsinə qaldırılması, bu sahənin ixrac məhsullarının daha yüksək keyfiyyətinə nail olmaq məqsədilə 70-ci illərin sonlarında SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini N.Tixonovu respublikamıza dəvət etdi. Məhz bundan sonra çox keçmədən ittifaq rəhbərliyi Heydər Əliyevin təklifini nəzərə alaraq xaricdən böyük həcmdə valyuta ilə alınan EP-300 texnoloji kompleksinin Sumqayıtda inşasına qərar verdi. Artıq 1981-ci ildə həmin müasir texnoloji kompleksin Azərbaycana gətirilərək Sumqayıtda inşasına başlanılması Heydər Əliyev siyasətinin böyük qələbəsi idi.
1969-82-ci illərdə Sumqayıtda digər müəssisələr də istifadəyə verilmişdi. Bunlardan Kompressorlar Zavodunu, Üst trikotaj və Xovlu  İplik fabriklərini, Süd və Yeyinti məhsulları kombinatlarını, 20-dən çox orta məktəbi, uşaq bağçalarını, Ü.Hacıbəyov adına “Kimyaçılar” mədəniyyət sarayını və başqa obyektləri misal göstərmək olar.

70-ci illərdə əsaslı tikintinin geniş miqyas alması nəticəsində Sumqayıt nəhəng tikinti meydançasına çevrilmişdi. Şəhərə gələn qonaqlar, xarici nümayəndələr burada aparılan nəhəng quruculuq prosesinin miqyası və vüsətinə heyran qalırdılar. Həmin illər Sumqayıtda hər il 80 min kv.m. mənzil sahəsi tikilib istifadəyə verilirdi. Hazırda fəaliyyət göstərən istehsalat sahələrinin çoxu, 40-dan artıq ümumtəhsil məktəbi, uşaq tərbiyə müəssisələri, saysız- hesabsız mədəniyyət, məişət xidməti, ticarət obyektləri, səhiyyə ocaqları məhz Ümummilli Liderin o dövrdəki məqsədyönlü siyasətinin bəhrələridir. Bu gün şəhərimizdəki bir çox inzibati bina, o cümlədən Sumqayıtın ən gözəl ünvanlarından olan Ü.Hacıbəyov adına “Kimyaçılar” Mədəniyyət Sarayı həmin illərdə inşa edilmişdir.
1970-80-ci illərdə Sumqayıt öz iqtisadi potensialına görə SSRİ məkanında tanınmağa başlamışdı. Şəhərdə istehsal edilən məhsullar keçmiş ittifaqın 700 şəhərinə ixrac olunurdu. Bütün bunlar Ulu Öndərin Sumqayıta olan münasibətini nümayiş etdirirdi. Azərbaycan imperiya tərkibində olmasına baxmayaraq, respublika rəhbərinin diqqət və qayğısı sayəsində şəhər əhalisinin  rifahı durmadan yüksəlirdi. Adamlar yaradıcı əməkləri ilə şöhrət  qazanır, ucalırdılar. Sumqayıt keçmiş sovetlər birliyində dostluq, qardaşlıq, metallurqlar, kimyaçılar, energetiklər, inşaatçılar, əmək qəhrəmanları şəhəri kimi şöhrət qazanmışdı.
Heydər Əliyev vaxtaşırı olaraq Sumqayıtda olur, şəhər fəalları ilə görüşür, onları narahat edən problemlərlə maraqlanırdı. Sovet illərində dəfələrlə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin yaddaşında böyük tarixi hadisəyə çevrilirdi. Heydər Əliyev Sumqayıtda zəhmət adamlarının əməyini yüksək qiymətləndirir, onların keçmiş SSRİ-nin ən yüksək orden və medalları, müxtəlif fəxri adlarla təltif edilməsinə nail olurdu. Şəhəri qurub-yaradan insanlar öz növbəsində əməyi daim uca tutan Heydər Əliyevə xüsusi bir rəğbət bəsləyir, onu özlərinin himayədarı kimi qəbul edirdilər. Bütövlükdə əsrin  Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsi Sumqayıtın da yüksəlişinin qızıl mərhələsidir. Həmin dövrdə məhz Heydər Əliyevin sayəsində şəhərimizin möhtəşəm tarixi yaranıb və yazılmışdır.
Təəssüf ki, sonrakı illərdə, xüsusilə müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qrupların səbatsızlığı Azərbaycanda bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda da dərin böhrana səbəb olmuş, o cümlədən Sumqayıtda yaradılmış böyük iqtisadi potensial sıradan çıxarılmışdır.  Düzdür, o dövrdə həm də keçmiş sovetlər ittifaqının bütün ölkələri arasında iqtisadi əlaqələr zənciri də qırılmışdır. Amma Rusiyanın, Belarusun, Qazaxıstanın, Ukraynanın sənaye müəssisələrində Azərbaycanda olduğu kimi ciddi problemlər yaranmamışdı. Güclü potensialının olmasına baxmayaraq, adıçəkilən ölkələrin sənaye müəssisələrindən fərqli olaraq, Sumqayıtın demək olar ki, bütün sənaye müəssisələrinin fəaliyyətində dərin tənəzzül baş vermişdi və bu vəziyyət bir daha təsdiq edir ki, o illərdə Azərbaycana rəhbərlik edənlər mövcud iqtisadi imkanlardan səmərəli istifadə etmək əvəzinə respublikamızı talan etmək, iqtisadiyyatını dağıtmaq yolunu tutmuşdular. Və əlbəttə ki, tamamilə antimilli siyasət yürüdən AXC-Müsavat cütlüyündən Azərbaycanın maraqları naminə müsbət fəaliyyət gözləməyə də dəyməzdi və məlum olduğu kimi, məhz bu qaragüruhun fəaliyyətinin nəticəsi olaraq 1993-cü ildə Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də Sumqayıtın inkişafı və şəhərin sənaye müəssisələrinin tənəzzüldən çıxarılması ilə bağlı məsələləri diqqət mərkəzində saxlamışdır. Təsadüfi deyil ki, Heydər Əliyev 1993-cü ildə Azərbaycan Prezidenti seçildikdən sonra iş qrafikinin gərginliyinə baxmayaraq, ilk ölkədaxili səfərini məhz Sumqayıta etmişdir. 1993-cü il dekabrın 18-də reallaşan həmin səfər zamanı Ulu Öndər şəhərimizdə quraşdırılmış yeni telefon stansiyasının açılışında iştirak etmiş, Tarix muzeyində olmuş, Şəhidlər Xiyabanı Kompleksini ziyarət etmiş, icra hakimiyyətinin işçiləri ilə görüşərək tapşırıq və tövsiyələrini vermişdir.
Heydər Əliyev Sumqayıta səfərləri zamanı müxtəlif tədbirlərdə iştirak etmiş, şəhər ictimaiyyəti ilə görüşmüşdür. Ən əsası o idi ki, Ulu Öndərin hər gəlişi əlamətdar hadisəyə çevrilərək Sumrayıtın inkişafına öz təsirini göstərmişdir. Bununla Ümummilli Liderin başlatdığı islahatların nəticəsi olaraq ötən əsrin 90-cı illərində Sumqayıtın yeni iqtisadi münasibətlər sisteminə adaptasiyası sürətlənmişdir. Şəhərin sənaye potensialının bərpası, mövcud müəssisələrin modernləşdirilməsi, elmi innovasiyaların tətbiqinin sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər tez bir zamanda müsbət nəticələrini göstərməyə başlamışdır. 2001-ci ildə isə Ulu Öndərin şəxsi dəstəyi ilə xarici investisiya cəlb edilməklə Sumqayıtda iri layihə həyata vəsiqə qazanmış, kimya sənayesinin inkişafında əvəzsiz rol oynayan buxar-generator qurğusu inşa edilmişdir.

Qafqazın modern sənaye mərkəzi

Heydər Əliyevin Azərbaycanla bağlı arzuları çox idi. Müstəqil ölkəmizə rəhbərlik etdiyi 10 ildə böyük işlər görən Ulu Öndər Azərbaycanı daha yüksək zirvələrdə görmək istəyirdi. Ulu Öndərin bütün dövlətçilik fəaliyyəti, banisi olduğu bütün işlər respublikamızın qüdrətlənməsinə, güclü dövlətə çevrilməsinə, insanların sosial rifahının daha da yaxşılaşdırılmasına hesablanmışdı.
Eləcə də diqqət və qayğısını heç vaxt əsirgəmədiyi Sumqayıtla bağlı Heydər Əliyevin qarşıya qoyduğu strateji vəzifələr vardı. Ulu Öndər Sumqayıtın abad şəhərə, yenidən respublikamızın və o cümlədən Cənubi Qafqazın aparıcı sənaye mərkəzinə çevrilməsini və tarixi şöhrətini yenidən özünə qaytarmasını istəyirdi.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə artıq Azərbaycan  öz tarixinin ən qüdrətli dövlətinə çevrilib. Bütün dünya Azərbaycanı Cənubi Qafqazın lider, aparıcı dövləti kimi qəbul edir. Azərbaycan habelə beynəlxalq səviyyədə güclü mövqeləri, qlobal məsələlərdə söz sahibi olan dövlət kimi tanınır.
Yaxşı xatirimizdədir, 2003-cü ildə prezident seçkilərindən öncə xalqa müraciətində Ulu Öndər demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Torpaqlarımızın işğaldan azad edilməsi  ilə Müzəffər Ali Baş Komandan İlham Əliyev həm ata vəsiyyətini, həm də Ulu Öndərin ən əsas arzusunu yerinə yetirdi.  Bu gün əminliklə deyə bilərik ki, Heydər Əliyevin ruhu rahatdır.
Eləcə də Sumqayıtla bağlı Ulu Öndərin müəyyən etdiyi vəzifələr uğurla və keyfiyyətlə  yerinə yetirilib, şəhərimiz öz hədəflərinə layiqincə çatıb, şəhərimiz hələ sovet illərində iri sənaye mərkəzi kimi malik olduğu şöhrəti tam bərpa edib.
Hazırda şəhərdə onlarca kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri fəaliyyət göstərir. Onların hər biri Azərbaycan iqtisadiyyatında böyük rol oynayan aparıcı istehsal müəssisələridir. “Azgüntex” Zavodu, tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan “Sağlam qida” Aqrar-Sənaye Kompleksi, “Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, “Gilan” Tekstil Parkı, Mis Emalı zavodu, “Alyans Tekstil” MMC-nin uniformalar istehsalı fabriki, “Azkontakt” MMC-nin beton boru və beton döşəmə daşı istehsalı müəssisəsi, “Texnoil” MMC mühərrik yağları istehsalı müəssisələri,
Kimya Sənaye Parkındakı İnşaat Kimyəviləri Zavodu, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, Əlvan Metallar və Ferroərintilər zavodu, pestisid və aqro-kimyəvi məhsulları, sürtkü yağları, polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı məmulatları istehsalı müəssisələri, Sumqayıt Texnologiyalar Parkında müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış zavodlar, “Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodları Sumqayıtın sənaye şəhəri kimi şöhrətini artırmaqla bərabər, respublikada gedən inkişaf proseslərinə layiqli töhfələr verir. O cümlədən “SOCAR Karbamid” və “SOCAR Polymer” kimi zavodların yaradılması, nəinki Sumqayıtın,  respublikamızın iqtisadi həyatında mühüm hadisəyə çevrilmişdir. “SOCAR Polymer” layihəsi son 45 ildə öz miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. Bu zavodların hər biri respublikamızın ixrac imkanlarının yüksəlməsinə, gəlirlərinin artmasına layiqli töhfələr verir. Bu müəssisələrin yaradılması həm də son illərdə Sumqayıtda əhalinin məşğulluğunu əhəmiyyətli dərəcədə  təmin etmişdir.
Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli fərmanı ilə yaradılan Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda yaradılmış ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır.  Ərazisi 583,5 hektar təşkil edən Sumqayıt Kimya Sənaye Parkında indiyədək ümumi investisiyalarının həcmi təqribən 5,8 milyard manata yaxın olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 3,4 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Qeydiyyata alınmış 40 rezidentdən 23-ü fəaliyyət göstərir və onlar tərəfindən neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.
İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi – təqribən 35 faizi ixrac olunub. 9 min nəfərə yaxın vətəndaşın daimi işlə təmin olunduğu parkda istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Niderland, İtaliya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Livan, İraq, Yaponiya, Amerika Birləşmiş Ştatları, Kanada və digər ölkələrə ixrac edilir. Məhsul ixrac olunan ölkələrin sayı 60-a yaxındır.
Sumqayıt üzrə 2024-cü ilin 3 ayının makroiqtisadi göstəriciləri də həm şəhərin sənaye mərkəzi kimi inkişafından, həm də bütövlükdə Sumqayıtda sosial-iqtisadi inkişafla bağlı qarşıya qoyulan vəzifələrin tam yerinə yetirilməsindən xəbər verir. Belə ki, bu dövrdə ümumi məhsul buraxılışı 1 milyard 250 milyon manat  həcmində olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çoxdur. Bu dövrdə sənaye məhsulu  istehsalının dəyəri 990 milyon manat təşkil edib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz çoxdur. Bu inkişafın nəticəsində artıq neçə illərdir ki, Sumqayıt özü-özünü maliyyələşdirir, dövlət büdcəsindən dotasiya almır. 2003-cü ildə 327 min nəfərin yaşadığı Sumqayıtın indi 427 min nəfərdən artıq əhalisi var. Bu artımın özü şəhərin iqtisadi və sosial inkişafından xəbər verir.

Ekoloji təmiz şəhər

Bir məsələni də xüsusi qeyd etməliyik ki, sənaye müəssisələrinin ekoloji baxımdan problemlər doğurması bütün dövrlərin aktual problemlərindən biri olub. Sənaye baxımından inkişaf etmiş bütün dövlətlərdə ekoloqlar bununla bağlı hər zaman həyəcan təbili çalıblar. Elə Sumqayıtın özündə də bəzi sənaye müəssisələrinin vaxtilə şəhərin ekologiyasına necə təsir göstərməsi yaşlı nəslin xatirindədir. Bu gün isə Sumqayıt Azərbaycanın ekoloji baxımdan ən təmiz şəhərləri sırasında yer alır. Çünki şəhərdə son dövrdə yaradılmış yeni sənaye müəssisələri tamamilə modern texnologiyalar əsasında fəaliyyət göstərdiklərindən ekoloji normalara tam cavab verirlər. Cənab Prezident İlham Əliyevin də şəhərin sənayesinin inkişafı ilə bağlı qarşıya qoyduğu əsas vəzifələrdən biri ekologiyanın qorunmasıdır.
Prezident hələ 2020-ci il aprel ayının 24-də Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında bununla bağlı deyib: “Bu müəssisələrin yaradılmasının və təməlinin qoyulmasının çox böyük əhəmiyyəti var, ilk növbədə, Sumqayıt şəhərinin inkişafı üçün. Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir. Eyni zamanda son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Sumqayıt üçün bunun xüsusi əhəmiyyəti var. Çünki əvvəllər Sumqayıt ekoloji fəlakət zonası idi. Biz isə Sumqayıtı müasir sənaye mərkəzinə çevirərək ilk növbədə insanların sağlamlığını nəzərə almışıq”.
Prezident İlham Əliyevin Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi beş milli prioritetdən biri “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyən edilmişdir. Bu prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası elan olunmuşdur və bu ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir.
Bu il həm də ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.  Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Bütün bunlardan irəli gələrək Prezident İlham Əliyevin sərəncamı ilə respublikamızda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Böyük qürur hissi ilə deməliyik ki, Sumqayıt Azərbaycanda “yaşıl dünya” naminə çağırışların öz təcəssümünü uğurla tapdığı ünvanlardan biridir.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsindən irəli gələrək Sumqayıtda silsilə tədbirlər, o cümlədən ağacəkmə aksiyaları da həyata keçirilir. Ümumiyyətlə, adambaşına düşən yaşıllıq həcminə görə Sumqayıt respublikamızın şəhərləri arasında öncüllər sırasına çıxıb. Hələ bir neçə il əvvəl Sumqayıtda Dənizkənarı bulvarın yaradılması bu istiqamətdə görülən işlərin miqyasına aydınlıq gətirir.

Gözəlliklər ünvanı

Sumqayıt son illər əsl tikinti meydanını xatırladıb. Prezident İlham Əliyevin tapşırığı və qayğısı ilə şəhərdə həyata keçirilən kompleks abadlıq və quruculuq işləri, möhtəşəm infrastruktur layihələrinin realaşdırılması, şəhər təsərrüfatının yenidən qurulması nəticəsində şəhərimizdə tamamilə yeni ab-hava yaranıb, inkişaf etmiş şəhərlərə məxsus standartlar formalaşıb.
Xüsusən 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərindən həyata keçirilən layihələrin nəticəsində Sumqayıtın siması tamamilə dəyişib. Əzəmətli gözəlliyi ilə diqqəti cəlb edən Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyasının inzibati binası, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Muğam Mərkəzi Sumqayıtın və şəhərimizin qonaqlarının böyük sevgi ilə üz tutduqları yeni və möhtəşəm ünvanlardır. “Kimyaçılar” Mədəniyyət Sarayının, Dram teatrının, Tarix muzeyinin, “Nizami” kinoteatrının yüksək zövqlə təmir olunaraq yenidən qurulan binaları şəhərimizin simasına yeni rəng qatıb. Məhkəmə Kompleksi, Mərkəzi Bankın Ehtiyat Sistemi binası, şəhər prokurorluğunun binası Sumqayıtın görkəminə əlavə gözəllik gətirən inşaat nümunələridir.
Bununla yanaşı, şəhərdə sosialyönümlü bir sıra infrastruktur layihələri də həyata keçirilib, o cümlədən Olimpiya və Paralimpiya İdman kompleksləri, Əlillərin Bərpa Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası inşa olunub. 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, 3 nömrəli Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin binaları əsaslı təmir olunub, 2 “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Sumqayıtın tibb müəssisələri də əsaslı təmir olunub. 1 nömrəli Şəhər Mərkəzi Xəstəxanası, 1 nömrəli doğum evi, 1,2 nömrəli qadın məsləhətxanaları, 1,4 nömrəli şəhər poliklinikaları, Uşaq Xəstəxanasının İnfeksion şöbəsi, Vərəm Xəstəxanası, 2 nömrəli uşaq poliklinikası, 3 nömrəli şəhər xəstəxanasının Poliklinika şöbəsi əsaslı təmir olunub. 1 nömrəli uşaq poliklinikası, 2 nömrəli şəhər poliklinikası, Onkoloji Xəstəxana, 4 nömrəli şəhər xəstəxanasında cari təmir işləri aparılıb. 1 və 2 nömrəli doğum evlərinin Reanimasiya şöbələri müasir tibbi avadanlıqlarla təchiz olunub. 1 nömrəli doğum evi 2018-ci ildən III səviyyəli Perinatal Mərkəz kimi fəaliyyət göstərir.
Sumqayıtda son olaraq icrası başa çatdırılan nəhəng layihələr sırasında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidənqurulmasını və 2 saylı Sumqayıt Şəhər Xəstəxanası üçün yeni binanın tikintisini göstərə bilərik. Bu iki layihə şəhərin idman və tibbi infrastruktur baxımından imkanlarını daha da gücləndirib. Prezident İlham Əliyevin şəhərimizə xüsusi qayğısının ən bariz nümunələrindən olan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda indi ən mötəbər futbol yarışlarının keçirilməsi mümkündür. 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binası isə 150 çarpayılıq olmaqla müasir tibbi xidmətlərin şəhər sakinləri üçün daha əlçatan olmasına geniş imkanlar yaradıb.


Bir məsələni də qeyd etmək yerinə düşər. Sumqayıt dəniz sahilində yerləşsə də, burada heç vaxt Dənizkənarı bulvar olmamışdı. Hələ 1974-cü ildə Sumqayıta şəhər statusunun verilməsinin 25 illiyi ilə bağlı Dram teatrının inzibati binasında keçirilən mərasimdə çıxış edən Ulu Öndər Heydər Əliyev bu məsələyə toxunmuş, şəhərdə bulvarın salınması ilə bağlı arzusunu ifadə etmişdi. Son illər Sumqayıtda həyata keçirilən kompleks quruculuq tədbirləri sırasında Ulu Öndərin bu arzusu da reallaşmışdır. Belə ki, şəhərdə həyata keçirilən möhtəşəm layihələrdən biri Dənizkənarı bulvarın yaradılmasıdır. 2016-cı ildə 5,2 km uzunluğunda 106 ha sahəsi olan bulvarın salınması şəhərimizin simasını daha da gözəlləşdirən bir quruculuq nümunəsinə çevrilib.
2016-cı il sentyabrın 27-də  Sumqayıtda şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Prezident İlham Əliyev yeni yaradılmış bulvar barədə demişdi: “Sumqayıt bulvarı isə hesab edirəm ki, bir möcüzədir.  Sumqayıt bulvarının yaradılması ilə bağlı mən hələ bir neçə il bundan əvvəl şəhər rəhbərliyi qarşısında vəzifə qoymuşdum. Sumqayıtlılar yəqin ki, xatırlayırlar, hətta bir neçə il bundan əvvəl mənim üçün təqdimat da keçirilmişdi. Hər zaman maraqlanırdım ki, işlər necə gedir. Məlumat verilirdi ki, orada çətinlik, burada çətinlik var. Ancaq bu gün Sumqayıt bulvarı artıq açılıb. Bu bulvarın yaradılmasında şəhər rəhbərliyinin xüsusi rolu, Sumqayıt sakinlərinin böyük rolu var. Mən çox istəyirdim ki, Sumqayıtda Bakı bulvarına bənzər bir bulvar olsun. Bu gün biz buna nail olduq”.
Onu da böyük qürur hissi ilə qeyd etmək istərdim ki, bir neçə il əvvəl Madriddə keçirilən “Global Trade Leaders Club”un XXIV Beynəlxalq Üstünlük və Liderlik Forumunda Sumqayıt bulvarı “İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülüb. Prezident İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt bulvarının dünyanın diqqət mərkəzinə düşməsi fəxarət doğuran haldır.
Sumqayıtda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş şəhər sakinlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. 1992-ci ildə salınan Şəhidlər xiyabanı da 2021-ci ildə əsaslı şəkildə təmir olunmuş, kompleks yenidənqurma işləri aparılmış, ərazisi genişləndirilərək 1,2 hektara çatdırılmışdır. Yenidən qurulan Şəhidlər xiyabanında “Qalib Əsgər” abidəsi ucaldılıb, hündürlüyü 30 metr olan yeni bayraq dirəyi quraşdırılıb, şəhidlərin əziz xatirəsinə “Zəfər ağacı” abidəsi yaradılıb.
Son bir neçə ildə Sumqayıtda 3 məktəb üçün yeni bina tikilib. 2021-ci ilin sentyabrında istifadəyə verilən 1 nömrəli tam orta məktəbin yeni tikilmiş tədris binası 1800 şagird yerlikdir. Həmçinin şəhərin İnşaatçılar qəsəbəsində yerləşən 9 nömrəli tam orta məktəb üçün də yeni tədris binası tikilib. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, məktəbin binası tam sökülərək yerində müasir tələblərə cavab verən 1176 şagird yerlik yeni bina inşa edilib.
Bu il yaradılmasının 20-ci ili tamam olan Heydər Əliyev Fondu da Sumqayıtda təhsilin inkişafına layiqli töhfələr verir. Belə ki, şəhərimizdəki 20 nömrəli tam orta məktəbin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub. Şəhərin 4-cü mikrorayon ərazisində inşa olunan 3 mərtəbəli məktəb binası 1100 şagirdlikdir.
Sumqayıtda şəhər təsərrüfatının yenilənməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu sahədə son dövrlərə qədər şəhər sakinlərini xüsusilə narahat edən problemlərdən biri liftlərlə bağlı idi. Ölkə rəhbərliyinin bu sahəyə olan diqqəti sayəsində qısa müddət ərzində şəhərin lift təsərrüfatı tamamilə yenilənib, istismar müddətini ötmüş 600-ə yaxın lift yenisi ilə əvəz edilib.
426 min nəfərin yaşadığı Sumqayıtın əsas inkişaf göstəricilərindən biri də burada müasir nəqliyyat infrastrukturunun yaradılması, bu sahədə yeni standartların tətbiqi ilə idarəetmənin təkmilləşdirilməsi və beləliklə, sərnişin daşınması sahəsində rahatlığın təmin olunmasıdır.
Sumqayıtda yaşayış binalarının fasadlarının əsaslı təmiri və binaların müasir qaydada üzlənməsi işləri də həyata keçirilib. Bu proseslə binaların memarlıq görünüşü saxlanılıb, aşınmaya məruz qalmış və piyadalar üçün təhlükə yaradan elementlər yenilənib. Fasadlama işləri zamanı binaların tarixi memarlıq elementləri, dizayn və naxışları olduğu kimi qorunub.  1200-dən artıq yaşayış binasına yeni dam örtüyü vurulub.
Quruculuq işləri çərçivəsində “Acı dərə” kanalının yaratdığı problem də aradan qaldırılıb. Məlum olduğu kimi, bu kanal şəhər sakinləri üçün çox böyük ekoloji təhlükə mənbəyi idi. Kanalın boruya salınması ilə bu təhlükə aradan qaldırılıb.
Sumqayıt keçmiş sovetlər birliyində dostluq, qardaşlıq, metallurqlar, kimyaçılar, energetiklər, inşaatçılar, əmək qəhrəmanları şəhəri kimi şöhrət qazanmışdı. Sumqayıt bu gün də dostluq məkanıdır, sənaye mərkəzidir, əmək qəhrəmanları ilə tanınan şəhərdir. Lakin bu gün Sumqayıt həm də gözəlliklər şəhəridir, möhtəşəm quruculuğun ünvanıdır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində həyata keçirilən kompleks quruculuq nümunələri Sumqayıtı gözəl, o cümlədən “ağıllı şəhər” konsepsiyasının tətbiq olunduğu modern,  ekoloji baxımdan təmiz, “yaşıl şəhər”ə çevirib, sumqayıtlılara xoş ovqat və yeni standartlar bəxş edib. Prezident İlham Əliyevin ötən 20 ildə Sumqayıta 33 dəfə səfər etməsi də cənab Prezidentin şəhərimizə olan diqqət və qayğısının təcəssümüdür. Qədirbilən sumqayıtlılar isə bu diqqəti və qayğını hər zaman yüksək dəyərləndirirlər. Fevralın 7-də keçirilən prezident seçkilərinin Sumqayıtı əhatə edən seçki dairələri üzrə qeydə alınan nəticələri sumqayıtlıların Prezident İlham Əliyevə olan dərin etimadı ilə yanaşı, həm də təşəkkürlərinin real ifadəsinə çevrildi.
Yaratdığı inkişaf nümunələri ilə Sumqayıt bu gün Heydər Əliyevin arzuladığı bir səviyyəyə yüksəlib. Ulu Öndərin ideyaları və Prezident İlham Əliyevin inkişaf siyasəti şəhərin tərəqqisinin təməlində dayanan əsas prinsiplərdir. Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq Sumqayıt Azərbaycanın yeni inkişaf mərhələsində də qürurdoğuran inkişaf nümunələrinə imza atacaq.

Zakir FƏRƏCOV,
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər