Sumqayıt icra hakimiyyətinin rəsmi saytında monitorinq keçirilir

630

İyunun 12-də İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yerli icra hakimiyyətlərində Açıq Hökumətin təşviqi ilə bağlı İctimai Müzakirələrin təşkili” layihəsi çərçivəsində növbəti ictimai müzakirə keçirilib. Layihənin rəhbəri Rəfail Becanov ictimai müzakirədə görülən işlərlə bağlı çıxış edib. Bu dəfəki tədbir Nərimanov rayon İcra Hakimiyyətinin internet səhifəsinin monitorinqinə həsr edilib.

İctimai müzakirədə çıxış edən layihə rəhbəri bildirib ki, Açıq Hökumətin təşviqi günümüzün aktual mövzularındandır. Bu layihənin 1-ci müsabiqədə Şura tərəfindən dəstəklənməsi, 2-ci müsabiqədə isə yenidən bu mövzunun prioritet seçilməsi göstərir ki, QHT-lərə Dövlət Dəstəyi Şurası da Açıq Hökumətin təşviqində maraqlıdır və bu, alqışlanmalıdır. Daha sonra bu təşəbbüsün yaranması, onun iştirakçıları barədə məlumat verən Rəfail Becanov bildirib: “Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə “Açıq Hökumətin təşviqi”nə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib və Milli Fəaliyyət Planında vətəndaş cəmiyyətinin inkişafına yönəlik ciddi məqamlar vardır. Bunlardan biri də QHT-lərlə icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişafı, icra hakimiyyətlərinin fəaliyyətində vətəndaş cəmiyyəti institutlarının iştirakçılığıdır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, əhaliyə xidmət göstərən dövlət orqanları tərəfindən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın təkmilləşdirilməsi üçün müvafiq şuraların və ya əməkdaşlıq şəbəkələrinin yaradılması işi demək olar ki, yox dərəcəsindədir”.

Layihə rəhbəri daha sonra aparılan monitorinqlə bağlı məlumat verib. R. Becanovun sözlərinə görə hazırda Nərimanov, Yasamal, Abşeron rayonları və Sumqayıt şəhərlərinin icra hakimiyyətlərinin rəsmi internet səhifəsində monitorinq aparılır və monitorinqin nəticələrinə əsasən Nərimanov Rayon İcra Hakimiyyətinin internet səhifəsi daha ətraflı məlumatlarla zəngindir. Layihə rəhbəri həmçinin problemlərdən də danışıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən rayonların sosial-iqtisadi inkişafı üçün ayrılan vəsaitin necə istifadə olunması barədə ümumi məlumatlar verilir. Bu isə bir qədər şəffaflıq məsələlərində şübhə yaradır. R.Becanov bildirib ki, yaxşı olardı ki, yerli icra hakimiyyətləri ayrılan vəsaitlərin necə istifadə olunması barədə konkret məlumatlar versinlər.

Daha sonra tədbir iştirakçıları çıxış ediblər. Nərimanov rayon İcra Hakimiyyətinin məsləhətçisi Vəfadar Zeynalov, QHT Əməkdaşlıq Alyansı İdarə Heyətinin üzvü Mütəllim Rəhimli, Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin prezidenti Tofiq Əlizadə və digərləri çıxış edərək layihə və mövzu ilə bağlı fikirlərini bildiriblər. Natiqlər Açıq Hökumətin təşviqini alqışladıqlarını bildiriblər və bunun vətəndaş cəmiyyətinin inkişafına da yönəlik təsirlərindən danışıblar.

 

Sevda

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər