“Sumqayıt” klubunun qış transfer dönəmindəki ilk hədəfi müəyyənləşib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, “gənclik şəhəri” təmsilçisi karyerasını İngiltərədə davam etdirən Sərhat Taşdəmirin xidmətində maraqlıdır.
İngiltərənin I liqasında çıxış edən “Piterboro”nun şərəfini qoruyan 20 yaşlı hücumçu komandasından ayrılmaq fikrindədir. Buna səbəb U-19 millimizin sabiq üzvünün əsas heyətə düşə bilməməsidir. Adı bir neçə klubla birgə hallanan milliləşdirilmiş futbolçunun “Sumqayıt”a keçmək ehtimalı daha yüksəkdir. “Gənclik şəhəri” təmsilçisi gənc oyunçunun “Piterboro” ilə 2022-ci ilin yayına qədər olan müqaviləsinə xitam verilməsini gözləyir.
Qeyd edək ki, İngiltərənin “Fayld” klubunun yetirməsi olan Sərhat Taşdəmir ötən ilin yayında bu komandanı “Piterboro”ya dəyişib. Ötən il Azərbaycanın U-19 yığmasının heyətində 3 matçda iştirak edən Sərhat hücumun mərkəzi ilə yanaşı, cinahlarında, eyni zamanda pleymeyker mövqeyində çıxış edə bilir.