Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan İnşaat Kimyəviləri Zavodunun yeni məhsullarının təqdimatı keçirilib.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Tədbirdə İqtisadiyyat Nazirliyinin “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov sənaye parkları, burada rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastuktur barədə məlumat verib, rezidentlərin 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eyni zamanda parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azad olunduğunu qeyd edib.
Nazim Talıbov Sumqayıt Kimya Sənaye Parkında görülən işlər, aparılan ekoloji normallaşdırma tədbirləri və parkda yerləşən müəssisələr barədə məlumat verib. Bildirilib ki, ümumi sahəsi 508 hektar olan Sumqayıt Kimya Sənaye Parkının hazırda 18 rezidenti qeydiyyata alınıb və bunlardanda 13-ü artıq istehsal fəaliyyətinə başlayıb. Daha 4 müəssisənin isə 2019-cu il ərzində istifadəyə verilməsi nəzərdə tutulub. Sumqayıt Kimya Sənaye Parkında SOCARPolymer, Karbamid zavodu, STP, polad boru, vərəqə şüşə istehlası zavodları kimi ölkə miqyaslı iri layihələr icra edilir və hazırda sənaye parkında, təqribən, 6 min nəfər işlər təmin olunub.
İnşaat Kimyəviləri Zavodunun baş direktoru Adəm Yayla müəssisənin fəaliyyəti barədə məlumat verərək bildirib ki, zavodu 1910-cu ildə yaradılan və dünyanın 100-ə yaxın ölkəsində müəssisələri fəaliyyət göstərən İsveçrənin şirkətlər qrupuna daxildir. Son 18 ildə şirkətə dünya miqyasında beton konstruksiyalarının təmiri ilə bağlı 100-ə qədər layihənin icrası həvalə olunub. Şirkətin fəaliyyət istiqamətlərinə struktur birləşdirmə, birbaşa şüşələmə, akustik və gücləndirici sistemlər, avtomobillərə xidmət, o cümlədən avtomobil şüşələrinin əvəzlənməsi, avtomobil gövdəsinin təmiri, dəniz gəmiləri, sənaye laminasiyası, texnika, bərpa olunan enerji və fasad mühəndisliyi sahələri daxildir. Zavodun məhsullarının əsas tətbiq sahələri enerji və sənayenin bir çox sahələrini əhatə edir. Yerli xammaldan istifadə edilərək istehsal edilən məhsullar Rusiyaya, Qazaxıstana, Özbəkistana, Qırğız Respublikası və Gürcüstana ixrac edilir.
Sonra İnşaat Kimyəviləri Zavodunun istehsal etdiyi su izolyasiyası, dam örtükləri, yapışdırıcı və germetiklər və s. yeni məhsulların təqdimatı olub.