Sumqayıt kimyaçılarının nəcib aksiyası

936

Bu gün Respublika Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin baş ofisində könüllü qanvermə aksiyası keçirilmişdir. Talassemiya xəstəliyindən əziyyət çəkən insanlar üçün Azərbaycan Səhiyyə Nazirliyinin təşkilati dəstəyi ilə kimyaçılar tərəfindən hər il keçirilən bu humanist aksiya artıq ənənəyə çevrilmişdir.
Respublika Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının tibbi briqadasının məxsusi bu məqsədlə ayrılmış binada qanvermə üçün səyyar məntəqə təşkil etdiyi aksiya bir neçə saat davam etmişdir. Mütəxəssislər əvvəlcə könüllülərin qanını mütləq qaydada müayinə etmişlər. Sonra “Azərikimya” İstehsalat Birliyinin rəhbərləri də daxil olmaqla, könüllülər qeydiyyatdan keçərək xəstələr üçün çox zəruri olan qan vermişlər. Ehtiyacı olanlara təmənnasız qan vermək arzusunun kütləvi xarakter alması ona dəlalət edirdi ki, bu mühüm ictimai aksiyanın iştirakçıları onun mahiyyətini düzgün başa düşür. Onlar öz vətəndaşlıq borclarını yerinə yetirərək qana ehtiyacı olan həmvətənlərimiz üçün həyati əhəmiyyət kəsb edən bir məsələnin həllinə imkan daxilində töhfə verirlər.
Aksiya təşkilatçılarının sözlərinə görə, alınmış qan mütəmadi qanköçürməyə ehtiyacı olan xəstələrin müalicəsi üçün, habelə hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən şəxslər üçün zəruri qan preparatlarının hazırlanması məqsədi ilə istifadə ediləcəkdir.
Xatırladaq ki, aksiya dörd gün davam edəcəkdir.  Ətrabə Rzayeva, AzərTac

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər