Sumqayıtda pulsuz paylanan suxarıdan zəhərlənən 38 saylı məktəbin şagirdlərindən iki nəfəri həkim nəzarətinə götürülüb.Bu barədə APA-ya Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir müavini Vaqif Ələkbərov məlumat verib. Onun sözlərinə görə, zəhərlənmə əlamətləri müşahidə olunan digər 48 şagird isə həkim müayinəsindən sonra evə buraxılıb. Vaqif Ələkbərov hadisənin təxminən günorta saatlarında baş verdiyini bildirib: “İkinci növbə üçün dərsə gələn 5-6-cı sinif şagirdləri məktəbdən 50 metr aralıda uşaqlara pulsuz olaraq suxarı paylandığını görüblər. Naməlum şəxslərdən suxarını alan uşaqlardan bir neçəsi bunu müəllimlərinə göstərib və müəllimlər həmin paketdən xoşagəlməz qoxunun gəldiyini görərək uşaqlara suxarını yeməməyi məsləhət görüblər. Lakin 10 dəqiqə sonra 8 uşaqda sancılanma müşahidə olunub və dərhal məktəbə təcili tibbi yardım çağırılıb. Sancılanan uşaqlar və suxarını yemiş ümumilikdə 50-dək uşaq dərhal xəstəxanaya yerləşdirilib. Uşaqlardan 48 nəfəri müayinədən sonra xəstəxanadan buraxılıb, iki nəfər isə həkim nəzarətinə götürülüb”.
Vaqif Ələkbərov hazırda faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparıldığını deyib. Onun sözlərinə görə, uşaqlara naməlum şəxslər tərəfindən pulsuz paylanılmış suxarı paketinin üzərində məhsulun Ukraynada istehsal edildiyi göstərilib. Sumqayıt Şəhər Prokurorunun müavini Kamran Mahmudov APA-ya bildirib ki, baş vermiş hadisə ilə bağlı hazırda şəhər prokurorluğunun və Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqləri birgə istintaq qrupu yaradılıb və hadisə ilə bağlı istintaq hərəkəti aparırlar. K. Mahmudov məsələ ilə bağlı geniş açıqlama vermək istəmədiyini deyib: “Hazırda istintaq işi aparıldığından bu barədə geniş məlumat vermək fikrində deyilik”. Prokuror müavini onu da qeyd edib ki, zəhərlənmiş şagirdlər xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.
Sumqayıt məktəbində kütləvi zəhərlənmə!
•
1039