Sumqayıt məktəbliləri arasında Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş müsabiqə keçirilib

869

«Azərikimya»nın təşəbbüsü ilə Sumqayıt məktəbliləri arasında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş müsabiqə keçirilmişdir

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü və Sumqayıt şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə noyabrın 3-də Sumqayıt şəhər Gənclər və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində «Mübarizin son məktubu» mövzusunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş müsabiqənin yekun mərhələsi keçirilmişdir. İki həftə ərzində bütün Sumqayıt məktəblərini əhatə etməklə 2000-ə qədər şagird arasında üç nominasiya – rəsm, bədii qiraət və inşa yazısı üzrə keçirilmiş müsabiqənin ilkin mərhələsində 200-ə yaxın şagird seçilmişdir. İlk mərhələlər üzrə müsabiqənin qalibi olan məktəblilər Sumqayıt şəhər Gənclər və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinə toplaşaraq igid Azərbaycan oğluna öz məhəbbət və ehtiramlarını bildirmiş, onun qəhrəmanlıq yolunu davam etdirməyə hazır olduqlarını özlərinin inşa yazılarında, bədii qiraətdə və rəsm əsərlərində daha dolğun ifadə etməyə çalışmışlar. Müsabiqənin yekun mərhələsində çıxış edənlər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun gənclərə nümunə ola biləcək şücaət və qəhrəmanlığından, onun əsl Azərbaycan oğlu kimi Vətənə sonsuz məhəbbətindən söhbət açmışlar. Müsabiqənun bu mərhələsində nümayiş etdirilən «Vətən», «Dədə Qorqud», «Torpaq həsrəti», «İgid Mübariz» və «Azərbaycan əsgəri» adlı rəsm əsərləri tədbir iştirakçılarının xüsusi marağına səbəb olmuşdur. Şeir-bədii qiraət müsabiqəsində məktəblilər tərəfindən Azərbaycanın görkəmli şairlərinin Vətənin azadlığına və istiqlaliyyətinə həsr olunmuş, düşmən üzərində qələbəyə səsləyən ən yaxşı şeirləri səsləndirilmişdir. Hər bir nominasiya üzrə ayrı-ayrılıqda keçirilmiş yekun müsabiqənin sonunda mütəxəssislərdən, müəllim, şair, yazıçı və rəssamlardan ibarət münsiflər heyəti tərəfindən müəyyən edilmiş qaliblər xüsusi diplomlar və fəxri fərmanlarla təltif edilmişlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər