Sumqayıt məktəbliləri Qusarda Azərbaycan dili günləri keçirirlər. Rayon mədəniyyət evində Azərbaycan dili günlərinin açılış mərasimi olmuşdur. Bu bayramsayağı mərasimdə Qusar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, orta ümumtəhsil məktəblərinin rəhbərləri, müəllimlər və şagirdlər, habelə ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Sumqayıt orta məktəblərinin şagirdlərinin böyük bir qrupu Qusara gəlmişdir. Onlar ümummilli lider Heydər Əliyevə şəhərin mərkəzində ucaldılmış abidəni ziyarət etmişlər. Məktəblilər abidənin önünə tər-çiçəklər qoymuş, ulu öndərin nurlu xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sumqayıt təhsil şöbəsinin müdiri Vidadi Bağırov və Qusar rayon təhsil şöbəsinin rəhbəri Niftəli Fərzəliyev mərasimdə iştirak etmişlər.
Rayon mədəniyyət evinin əla təmir edilmiş səliqəli binası həmin gün bu bayrama səylə hazırlaşmış sumqayıtlı məktəblilərin sərəncamına verilmişdi. Hüseyn Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrının aktyorları da məktəbliləri dəstəkləmək üçün Qusara gəlmişdilər.
Tədbirin hər bir iştirakçısına təşkilatçılar tərəfindən hazırlanmış bukletlər paylanmışdır. Üzərində Azərbaycan dili günlərinin emblemi təsvir edilən bukletlərdə Azərbaycanın dövlət dili haqqında məlumatlar da öz əksini tapmışdır.
Açılış mərasimində ümummilli lider Heydər Əliyevin tövsiyə etdiyi bu sözlər səslənmişdir: “Azərbaycanın hər bir vətəndaşı Azərbaycan dilini bilməlidir”.
Bayram şənliyinin aparıcıları Azərbaycan dilinin yaranma tarixi haqda söhbət açmış, Konstitusiyanın dövlət dili haqqında maddələrini qeyd etmiş, xeyli maraqlı məlumat vermişlər. Qeyd edilmişdir ki, bu gün dünyada Azərbaycan dilində danışanların sayı 40-50 milyon nəfərdir.
Doğma Azərbaycan dilini Dərbənddən başlamış İran körfəzinə qədər geniş bir ərazidə dövlət dili elan etmiş Şah İsmayıl Xətainin rolu qeyd edilmiş, Dədə-Qorqudun ana dilini sevmək və onu göz bəbəyi kimi qorumaq vəsiyyəti xatırlanmışdır. Çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunub saxlanması və təbliğ edilməsi işində xidmətlərini vurğulamışlar.
Sumqayıt məktəblilərinin təqdim etdiyi tematik kompozisiya tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Tamaşaçılar onları ana dilinə sevgi barədə düşünməyə vadar edən bu kompozisiyanı dolğun bir əsər kimi qəbul etmişlər. Azərbaycan dilinin bənzərsiz məlahətini tərənnüm edən məşhur şairlərin şeirləri səslənmiş, insanı şövqə gətirən xalq rəqsləri ifa edilmişdir. Sumqayıtlı məktəblilər ulu Nizaminin poemalarından səhnəciklər göstərmiş, Azərbaycan xalqının yüksək tolerantlıq ruhunu nümayiş etdirmişlər. Zala toplaşanlar “Ləzginka” rəqsini çox gözəl ifa etmiş gənc rəqqasların məharətini alqışlarla qarşılamışlar.
Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxazov tamaşadan sonra demişdir: “Sağ olun, uşaqlar! Siz bizə böyük sevinc bəxş etdiniz. Dil xalqın ruhudur, ona görə də bu gün siz Azərbaycan ruhunun bayramını təşkil etdiniz”.
Ş.Alxazov daha sonra demişdir: “Dil insanların ünsiyyəti üçün ən mühüm vasitədir, onun köməyi ilə insan dünyanı dərk edir, milli mədəniyyətə yiyələnir, onun vasitəsilə özünü bu və ya digər millətin nümayəndəsi kimi hiss edir. Bütün dillərin tanınması və onlara hörmət edilməsi sülhün qorunub saxlanması üçün əsas vasitədir”.
Tamaşaçılar dağılışmağa tələsmirdilər. Onlar hələ uzun müddət bu tamaşanın təsirindən ayrıla bilmir, Azərbaycan dili günlərinin təşkil edilməsi ideyasının aktuallığını qeyd edirdilər. Onlar təəssüratlarını bölüşərək deyirdilər ki, məhz ana dili vətən hissini, öz xalqının tarixinə hörmət, öz əcdadlarına görə qürur hissini formalaşdırır.
Sumqayıtlı məktəblilər Azərbaycan dili günləri çərçivəsində Qusar rayonunun bütün məktəblərində olacaqlar. Burada Azərbaycan dili üzrə açıq dərslər, Sumqayıt və Qusar rayonunun məktəbləri arasında dostluq körpüsü rolu oynayan digər tədbirlər keçiriləcəkdir. Ətrabə Rzayeva, AzərTac
Sumqayıt məktəbliləri Qusarda Azərbaycan dili günləri keçirirlər
•
702