…Bəzi mənbələrə görə, Adolf Hitler özünün “Barbarossa” planına Bakının neft mədənləri ilə yanaşı, tikilməkdə olan Sumqayıt sintetik kauçuk zavodunun zəbt olunmasını da daxil etmişdi. Çünki zavodda dünyada ilk dəfə olaraq Lebedev üsulu ilə kauçuk alınacaqdı. Hətta zavodun idarə olunması üçün Hitler Xayo Eylers adlı bir şəxsi direktor təyin etmək niyyətində imiş.
Amma onun arzusu yerinə yetmədi. Müharibədən düz yeddi il sonra isə keçmiş SSRİ-də ilk dəfə olaraq Sumqayıtda süni kauçuk “plantasiyası” – sintetik etil spirti kompleksinin ilk məhsulu alındı. Sonra polad borular, superfosfat, polimer tikinti materialları və sair istehsalatlar yarandı, şəhər də sürətlə böyüdü. Uğur, uğur ardınca gəldi. 2018-ci il iyulun 18-də isə burada ən böyük və son dərəcə müasir texnologiyaya malik olan yeni bir müəssisə – polipropilen zavodu işə salındı.
Ölkəmizin ən böyük sənaye müəssisəsi sumqayıtdadır
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıta intensiv səfərləri möhtəşəm yeniliklərlə müşayiət olunur, şəhərin şöhrətini artırır, xeyir-bərəkət timsalına çevrilir. Ötən ilin dekabrında sevimli rəhbərin Sumqayıta etdiyi növbəti səfər də bu şəhərin inkişafına olan yüksək diqqətin növbəti təzahürü kimi tarixə düşdü. Bu günlərdə isə dövlətimizin başçısı ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışında iştirak edib.
Cənab İlham Əliyev öz nitqində bu müəssisənin tikintisini yüksək qiymətləndirib:
“Polipropilen zavodunun istifadəyə verilməsi və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq. Hər iki zavodda hər il 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək və ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaq”.
Bu zavodun timsalında Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi və sənaye siyasətin öz əksini tapdığını vurğulayan dövlətimizin başçısı əlavə edib ki, müəssisədə 500-dən çox yeni iş yeri yaradılacaq. İdxaldan asılılıq tamamilə aradan götürüləcək, gözəl ixrac imkanları yaradılacaq. Azərbaycanın qeyri-neft sektorunun inkişafına zavodun çox böyük dəstəyi olacaq. Çünki bu zavodda buraxılan xammaldan hazır məhsul istehsal olunacaq və o məhsulun da idxalından asılılıq aradan götürüləcək. “…Bu böyük sənaye müəssisəsinin timsalında biz siyasətimizi, aparılan işlərin nəticələrini görürük. 2015-ci ildə, – mən o günü yaxşı xatırlayıram, – zavodun təməli qoyulub və qısa müddət ərzində nəhəng sənaye müəssisəsi yaradılıb. Deyə bilərəm ki, Azərbaycanın müasir tarixində bu ölçüdə və bu səviyyədə sənaye müəssisəsi tikilməyib. Düzdür, bizim neft-qaz sektorunda böyük inşaat işlərimiz həyata keçirilib – böyük platformalar, qazma qurğuları, ancaq qeyri-neft sektorunda bu, ən böyük sənaye müəssisəsidir və ən son texnologiyalara malik olan müəssisədir”.
Sonra cənab İlham Əliyev İtaliya Prezidentinin ilk dəfə Azərbaycana səfər etdiyini, o cümlədən Sumqayıta gəldiyini diqqətə çatdıraraq deyib ki, bu, tarixi səfərdir. İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün gələcəkdə də geniş meydan, geniş imkanlar olacaq. “Sumqayıt şəhərinə ilk dəfədir ki, aparıcı Avropa dövlətinin Prezidenti gəlir. Bu, Sumqayıtın tarixi üçün də çox əhəmiyyətli məsələdir. Sumqayıt indi müasir sənaye şəhəridir. Cənubi Qafqazda Bakıdan sonra ikinci sənaye şəhəridir. Sumqayıt sovet vaxtında kimya sənayesi şəhəri kimi yaradılıb. Sumqayıtın çox ciddi ekoloji problemləri var idi. Mən cənab Prezidentə bu barədə məlumat verdim. Ekoloji vəziyyət, havanın çirklənməsi insanları çox narahat edirdi. Bütün bunlara son qoyuldu. Bu gün müasir müstəqil Azərbaycanda ən yüksək ekoloji standartlar təmin edilir və Sumqayıt indi ekoloji inkişaf baxımından ölkə üzrə ən qabaqcıl yerlərdə qərarlaşıb. Bu zavodun sumqayıtlılar üçün də böyük əhəmiyyəti olacaq. Sumqayıtda yaradılacaq böyük sənaye klasterində minlərlə, on minlərlə insan işləyəcək və beləliklə, şəhərin inkişafı da uğurla gedəcək”.
“SOCAR POLYMER”in bu günü və sabahı
Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın işə saldıqları polipropilen zavodu son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. “SOCAR Polymer” zavodları ildə 19 növ olmaqla 184 min ton polipropilen və 12 növ olmaqla 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. İstehsal edilən məhsulun nəql intensivliyi gündə təqribən 60 yük maşını təşkil edəcək.
Polipropilen həyat və məişətdə geniş istifadə edilir. Qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron və elektrik cihazları və başqa sektorlarda geniş çeşidli istehlak mallarının və dəstləşdirmə hissələrinin hazırlanmasında ilkin material kimi işlədilir. Polipropilen ekoloji cəhətdən təmiz plastik adlandırılır, qida məhsullarının qablaşdırılması və tibb sənayesinə aid bütün sahələrdə istifadə oluna bilər.
Qeyd edək ki, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkətdir. İnvestisiyaların 60 faizi Rusiyanın “Gazprombank”, qalan hissəsi isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “Paşa Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin edilib. Ümumi investisiya xərcləri 816 milyon dollar təşkil edir ki, bunun da 768 milyon dolları artıq xərclənib. Zavodların istismar dövründə 6,3 milyard dollar məbləğində gəlir proqnozlaşdırılır ki, bunun 30 faizi şirkətin xalis mənfəəti olacaq. İlkin qiymətləndirmələrə görə, “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 15 faiz artıracaq.
İtaliyanın tanınmış “Maire Tecnimont”, Hollandiyanın “Fluor” şirkətlərinin və digər qurumların cəlb edildiyi layihə çərçivəsində milli mühəndis kadrlarının ixtisaslarının artırılması təmin olunur. Həmin məqsədlə vahid layihə idarəetmə qrupu yaradılıb. “Fluor” şirkəti milli mühəndis kadrları və digər işçilər üçün Amsterdam, Milan və Mumbayda ixtisas kursları təşkil edib.
“SOCAR Polymer” kadrların idarə olunması, maliyyə, istehsalat, texniki xidmət, keyfiyyətə nəzarət və təchizat-satınalma daxil olmaqla şirkətin bütün struktur bölmələrini əhatə edən xüsusi sistem tətbiq edib. Bütün bunlar göstərir ki, sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin başlıca istiqamətlərindəndir. Bu baxımdan innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin tərəqqisinə təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parklarının və məhəllələrinin qurulması xüsusi əhəmiyyət kəsb edir. Artıq böyük infrastruktur işlərinin həyata keçirildiyi, 17 sahibkarlıq subyektinə rezident statusunun verildiyi Sumqayıt Kimya Sənaye Parkına 2 milyard dollardan artıq investisiya yatırılıb və bu istiqamətdə mühüm tədbirlər görülməkdə davam edir.
Fərəh doğuran yeniliklər
Yeni əsrin əvvəllərindən ölkəmizdə xüsusilə güclü şəkildə hiss olunan tərəqqi və yüksəliş meyilərinin sayəsində təkcə paytaxt Bakının deyil, bütün şəhər və rayonların inkişafına davamlı dəstək verilir. Bu isə regionların həyatında keyfiyyətcə yeni mərhələ açıb. Fərəhli haldır ki, Sumqayıtın da önəmli proseslərdə özünəməxsus yeri var. Uğurla reallaşdırılan quruculuq və abadlıq yürüşü sayəsində dünyanın ən gözəl şəhərləri sırasında yer alan Sumqayıt indi çağdaş tərəqqi ünvanı olmasıyla öyünə bilər. Burada məhz sabaha hesablanan inkişaf prosesləri intellektual şəkildə həyata keçirilir.
Xarici turistlər, iş adamları indi Sumqayıta böyük həvəslə gəlirlər. Şəhərin əsas giriş qapısı sayılan “Sülh” küçəsi, Novxanı-Corat sahil yolu göz-könül oxşayır. Sumqayıtda son illərdə möhtəşəm dənizkənarı park-bulvar kompleksi salınıb. Heydər Əliyev Mərkəzi, Uşaq incəsənət məktəbi, Şahmat məktəbi, Bayraq muzeyi, Yeni Azərbaycan Partiyasının şəhər təşkilatı üçün gözəl binalar tikilib. Sumqayıt Dövlət Dram teatrı, “Kimyaçılar” sarayı, Heydər Parkı əsaslı təmir olunub. Küçə və meydanlar müasir görkəmə salınıb. İdarəetmə sahəsində böyük təcrübəsi olan Zakir Fərəcovun şəhər rəhbərliyinə təyinatından ötən qısa müddətdə burada bütün sahələrdə böyük canlanma yaranıb. Bütün abadlıq-quruculuq işləri şəhərin Baş Planı və gələcək perspektivi nəzərə alınmaqla aparılır. Hər kəs şəhərin tərəqqisinə öz töhfələrini verməyə çalışır.
İlk yarımildə Sumqayıtın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair şura iclasında da bu barədə ətraflı danışılıb. İcra hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, bütün böyük uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsidir. Ölkə başçısının tapşırığı və yaxından köməyi sayəsində son iki-üç ildə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin və regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının uğurlu icrası Sumqayıt şəhərinin yüksəlişində yeni bir mərhələnin yaranmasına səbəb olub. Natiq bundan sonra daha böyük səylə çalışmaq zərurətini önə çəkib. Bu isə o deməkdir ki, nailiyyətlərlə qətiyyən arxayınlaşmaq olmaz, qarşıdakı dövrdə əvvəlkindən də artıq çalışmaq, öncül mövqeni daha da möhkəmləndirmək başlıca vəzifədir.
Bütün dünyada qlobal maliyyə böhranının davam etməsinə baxmayaraq, ilin əvvəlindən şəhər üzrə göstəricilər möhtəşəm rəqəmlərdə ifadəsini tapıb. Belə ki, ümumdaxili məhsul istehsalı və xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artaraq 933 milyon manat olub. Sənaye müəssisələrində 705 milyon manatlıq məhsul istehsal edillb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 123 faiz təşkil edir. Metallurgiyada 19 dəfə, kimya sənaye məhsulları üzrə 118, yüngül sənayedə 115, yeyinti sənayesində 111, tikinti materialları üzrə 122, energetikada 153, digər sahələr üzrə 105 faiz artım əldə edilib.
Ölkə iqtisadiyyatında xüsusi rola və çəkiyə malik olan Sumqayıt Kimya Sənaye Parkında sənaye sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün müasir tipli peşə tədris mərkəzi ilə bərabər, yüksək sıxlıqlı polietilen istehsalı zavodunun, azot gübrəsi istehsal edəcək “Karbomid” zavodunun, “AzərFloat” QSC-si tərəfindən Almaniya texnologiyası əsasında müxtəlif çeşiddə şüşə lövhələr istehsalı müəssisəsinin inşası davam etdirilir. “Azərbaycan Fibro Sement” MMC tərəfindən Avstriya texnologiyası üzrə fibro sement lövhələr istehsalı müəssisəsinin, Cənubi-Koreya texnologiyası əsasında ferrosilisium və ferrosilikomanqan istehsalı müəssisəsinin, “SİKA” MMC tərəfindən İsveçrə və Türkiyə texnologiyaları üzrə tikinti qatqısı istehsalı müəssisəsinin, “Tabaterra” MMC-nin tütün fabrikinin, “Azərxalça” ASC-nin İtaliya, Fransa və Türkiyə texnologiyaları ilə fəaliyyət göstərəcək, ildə 370 ton iplik və 195 ton təmiz yun istehsal edəcək yun əyirici-boyaq fabriklərinin də tikintisi aparılır.
Kimya Sənaye Parkında hazırda fəaliyyətdə olan müəssisələrin sayı 7-yə çatmışdır. İlin sonuna qədər istehsal prosesinə başlayacaq daha 7 müəssisədə 2 mindən çox yeni iş yeri açılacaq. Rezidentlər tərəfindən parka 2,7 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması nəzərdə tutulur. Hazırda burada istehsalat və tikintidə 8 minədək işçi çalışır. 17 rezidenti olan parka yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər aparılır.
Bu il Sumqayıt sahibkarlarına 3 layihə üzrə 4 milyon 195 min manat məbləğində güzəştli kredit ayrılıb. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 80 milyon manat olub. Bu da əvvəlki ilin göstəricisinə nisbətən 14,3 faiz və ya 10 milyon manat çoxdur.
Bir zaman fəaliyyətini dayandırmış iri sənaye müəssisələrinin işinin yenidən qurulması üçün də uğurlu addımlar atılır. Məsələn,“Sumqayıt Superfosfat” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsində qalib gələn “Polad Texno” zavodun bütün köhnə borclarının ödənilməsini, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini öz üzərinə götürüb. İnvestisiya proqramına əsasən, müəssisədə sulfat turşusu və superfosfat istehsalı ilə yanaşı, ölkədə ilk dəfə olaraq salfet məhsullarının istehsalı üçün tələb olunan irihəcmli rulon şəklində kağız yarımfabrikatlarının, həmçinin kağız-salfet məmulatlarının istehsalı nəzərdə tutulur.
Düzgün məşğulluq siyasəti aparılmasa, əhalinin normal həyat şəraitinin təmin edilməsi mümkün olmaz. Bu sahədə də uğurlar var. Məşğulluq mərkəzi tərəfindən hesabat dövründə 3509 nəfər işaxtaran kimi qeydiyyata alınıb. Ölkə rəhbərinin tapşırığına əsasən, bu il Sumqayıtda 1590 ictimai iş yeri açılıb. Şəhər icra hakimiyyətinin dəstəyi ilə 2095 nəfər işlə təmin edilib.
Ölkədə həyata keçirilən uğurlu siyasətin davamı olaraq Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələr sosial sahənin inkişafına mühüm töhfələr verməkdədir. Sumqayıtda məskunlaşmış məcburi köçkünlər üçün 12-ci mikrorayonda 936 mənzildən ibarət yaşayış binaları kompleksi tikilir. Eyni zamanda, şəhər yaxınlığında məcburi köçkünlərin yerləşdirilməsi üçün 50 hektar ərazidə yaşayış binalarının inşasına başlanıb. İlin sonuna kimi bu binalara təxminən 1000 ailənin köçürülməsi nəzərdə tutulur.
Şəhər rəhbərliyinin abadlığa diqqəti əhali tərəfindən razılıqla qarşılanır, yüksək ovqat yaradır. Bu ilin əvvəlindən şəhərin küçə və yollarının əsaslı və cari təmiri sahəsində işlər səngiməyib. İsmət Qayıbov, Babək, Ərşad Kərimov, Cəfər Cabbarlı, Kamran Hüseynov, Kimyaçılar küçələrində, 2, 3, 6, 9-cu mikrorayonların, 41a, 41-ci və başqa məhəllələrin ərazilərində ümumilikdə 200 min kvadratmetrdən çox asfalt örtüyü döşənib, digər işlər görülüb. Metallurq Yəhya Məmmədov küçəsi sənaye zonasından keçməklə Bakı-Quba yoluna qədər 4 kilometr uzunluğunda yenidən qurularaq kompleks şəkildə əsaslı təmir olunur. Şəhərin 9, 10, 11, 12, 13-cü mikrorayonlarında 60 yaşayış binasında dam örtüklərinin metal-kirəmitlə əvəz edilməsi işləri başa çatdırılıb, 40 binada isə bu işlər davam etdirilir. Ötən aylarda şəhər ərazisində 16 mindən çox ağac, 150 min dekorativ, 50 min mövsümi gül və 1000-dən çox dekorativ kol əkilib, 7000 poqonmetr yeni suvarma xətti çəkilib.
Şəhərdə istismar müddəti ötmüş 105 ədəd lift yenisi ilə əvəz edilib. Bir sıra mikrorayonu əhatə edən 82 ədəd lift “onlayn” rejimdə işləyən intellektual idarəetmə sisteminə – mərkəzləşdirilmiş dispetçer xidmətinə qoşulub. Hazırda digər liftlərin də bu xidmətə qoşulması işləri aparılır. Ölkə rəhbərinin köməkliyi sayəsində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədi ilə Türkiyə istehsalı olan 170 ədəd sərnişin avtobusu gətirilərək marşrut xətlərinə buraxılıb. Müasir tipli yeni dayanacaqlar quraşdırılır. Xidmətin keyfiyyətinin daha da artırılmasına nail olmaq üçün şəhərə əlavə olaraq daha 40 yeni avtobus gətiriləcəkdir.
…Bəli, sürətlə inkişaf edən, uğurları ilə dünyaya səs salan Sumqayıt onu sevənlərin iftixar ünvanı, fərəh qaynağıdır. Bu gün dünya xəritəsini Sumqayıtsız təsəvvür etmək çətindir.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri