Sumqayıt müstəqillik əldə edir

912

Muxtar Babayev: “Sumqayıt nəinki dotasiyasız yaşaya, hətta əlavə gəlirlər əldə edə bilər”

Ölkə mətbuatının yaydığı məlumatlara görə, 2013-cü ildən Sumqayıt və Şirvan şəhərinə maliyyə müstəqilliyi veriləcək.
Bu, o deməkdir ki, bu şəhərlər dövlətdən yardım almadan yaşamalı olacaqlar. Əslində, bu, çoxdanın gözləntisi idi – bir neçə ildir ki,sənaye şəhəri kimi möhkəmlənən Sumqayıtın öz xərclərini özünün qarşılayacağı proqnozlaşdırılır. Budur, 2013-cü ildə bu, baş tutur. Məlumatlara görə, hökumət dotasiyasız şəhər və rayonların siyahısını genişləndirməyi düşünür.
Hökümətdə hesab edirlər ki, Sumqayıt yerli vergi daxilolmaları hesabına özünü təmin etməlidir. Məlumata görə, şəhərin yerli gəlirləri 70 milyon manatdan yuxarıdır.
«Azərkimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev hesab edir ki, ölkənin sənaye mərkəzinə çevrilməkdə olan Sumqayıt nəinki dotasiyasız yaşaya, hətta əlavə gəlirlər də əldə edə bilər: «Şəhərin 2012-ci ilin 11 ayı üçün iqtisadi göstəriciləri qənaətbəxşdir. 600 milyon manatlıq ümumdaxili məhsul istehsal edilib. Vergi ödəyicilərinin sayı və ticarət dövriyyəsi artıb. Şəhər rəhbərliyi proqnoz edir ki, bu göstəricilər hesabına yerli gəlirləri artırmaq mümkündür. 2013-cü ildə dotasiyadan kənar qalan şəhərlər arasında sənaye şəhəri Şirvanın da adı var. Digər rayonların isə büdcələrinin orta hesabla 60 faizi mərkəzi budcədən dotasiya hesabına doldurulacaq. Bəzi rayon və şəhərlər üzrə bu rəqəm 80 faizi keçir».
Ekspertlərin fikrincə, bütün kənd təsərrüfatı rayonları mərkəzləşdirilmiş xərclərdən imtina edə bilər. Bu siyasət rayonlar arasında rəqabətin güclənməsinə və investisiya mühitinin yaxşılaşdırılmasına gətirib çıxaracaq. İqtisadçılar hesab edirlər ki, bunun üçün pilot layihələrin hazırlanması və şəhərlərə vergi güzəştlərinin edilməsinə ehtiyac var. 2014-cü ildən Gəncə və Mingəçevir şəhərlərinin, eləcə də Bakının Qaradağ rayonunun da mərkəzi büdcədən asılılığının azaldılması planlaşdırılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər