Sumqayıt necə dəyişir?

1494

Nizami Namazov,

Sumqayıt Dövlət Universitetinin Tərbiyə işləri üzrə prorektoru, Biologiya elimləri üzrə fəlsəfə doktoru, dosent

 

Minlərlə böyük və kiçik, qədim və gənc şəhərlər səpələnib bu dünyaya. Yaşından, ölçüsündən asılı olmayaraq hər şəhərin öz tarixi, öz həyatı var. Sumqayıt şəhərinin də qızıl hərflərlə yazılmış öz salnaməsi, əlamətdar hadisələrlə dolu keçmişi var.

 

Sumqayıt mənimçün dünyada ən möhtəşəm, ən gözəl və ən doğma şəhərdir! Çünki həyatımın böyük hissəsi məhz bu şəhərlə bağlıdır. Burada doğulub  boya- başa çatmışam, ailə qurub kök salmışam. Hal- hazırda da Sumqayıtda  yaşayır, respublikamızın sayılıb-seçilən təhsil ocaqlarından biri olan Sumqayıt Dövlət Universitetində çalışıram. Ona görə də Sumqayıt sakini və ziyalısı kimi burada nə baş verirsə mənimçün maraqlı və önəmlidir. Onun hər zaman dərdinə şərik çıxıb kədərlənmiş, sevincinə sevinmişəm. Xoşbəxtlikdən, son dövrlər Sumqayıtda nə baş verirsə hər kəsdə ancaq sevinc hissi oyadır. Burada həyata keçirilən abadlıq- quruculuq tədbirləri öz yüksək miqyası, mahiyyəti və keyfiyyəti ilə biz sumqayıtlıları  fərəhləndirir və yeni  uğurlara  ruhlandırır.

Bəli, bu gün Sumqayıt yeni inkişaf mərhələsinə qədəm qoyub və sözün əsl mənasında intibah dövrünü yaşayır. ”Sumqayıt paytaxt standartlarına tam şəkildə uyğunlaşdırılmalıdır”. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 2011- ci il iyulun 7-də Sumqayıta səfəri zamanı söylədiyi bu arzuları sumqayıtlılar hər gün gerçəkliyə çevirirlər.

Sumqayıt postsovet dövründə salınmış sənaye şəhəri olsa da, sırf sənaye məkəzi kimi layihələndirildiyindən burada olan küçə və prospektlərin genişliyi, park və xiyabanların  çoxluğu şəhərin ümumi  simasını formalaşdıran amillərdəndir. Şəhər salınarkən zavod və fabriklərin çoxluğunu nəzərə alan memarlar ilk növbədə yaşayış massivlərinin sənaye obyektlərindən kənarda tikilməsinə və yaşıllıq ərazilərinin genişliyinə xüsusi fikir  vermişlər. Lakin bütün bunlar çağdaş dövrümüz üçün artıq kifayət deyil. Çünki müasirliyin öz tələbləri, öz yanaşmaları var. Onlardan ən əsası memarlıqda yeknəsəqliyə yolverilməzlikdir. Bir sözlə, Sumqayıta çoxdan təzə bir nəfəs, ruh tələb olunurdu ki, belə dəyişiklər də 2011- ci ilin əvvəlindən şəhərdə başlanan yenidənqurma işlərində öz əksini tapdı.

Ötən ilin fevral ayının 18- də Prezident sərəncamı ilə Sumqayıta icra başçısı təyin olunmuş  Eldar Əzizov  bütün ölkədə  zəhmətkeş, işgüzar, prinsipial və müasir bir təsərrüfatşı kimi tanınan şəxsdir. O, Sumqayıta başçı kimi gəldiyi tarixdən, hər gün şəhəri gəzir, mikrorayon və məhəllələrə baş çəkir, park və bağların vəziyyəti ilə tanış olur, sakinlərlə söhbətləşir, onların problemlərini öz dillərindən eşidir və həllini tapması üçün yerindəcə qərarlar verir. Məhz Suqayıtda əsası qoyulan “Açıq mikrofon” ənənəsi əhali ilə görüşün ən səmərəli üsullarından biri kimi artıq ölkənin digər şəhər və rayonlarında da tətbiq olunur. Şəhərin daha da abadlaşdırılması üçün təkcə şəhərdən deyil, kənardan da tanınmış memar, mühəndis, dizayner və digər şəhərsalma ilə bağlı mütəxəssislər Sumqayıta dəvət olunur, təkliflər kollegial şəkildə müzakirə olunur, qəbul olunan layihələr bu günün ən kreativ konsepsiyalarına söykənərək hazırlanır və həyata keçirilir. Çünki ölkə başçısının arzusu gənclər şəhəri kimi tanınan Sumqayıtı hər zaman müasir və qabaqcıl görməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin bu istək və tövsiyələrini bir mənalı şəkildə qəbul edən sumqayıtlılar bu günlərdə çiyin- çiyinə verib şəhərdə  abadlıq- quruculuq  işlərini böyük ruh  yüksəkliyi ilə həyata keçirirlər. Şəhəri gəzdikcə bunların hamısını əyani şəkildə görmək olar.

Sumqayt şəhərinin baş girişi Sülh küçəsi sayılır. Bakı-Quba yolundan başlayaraq düz dəniz  kənarınacan davam edən bu küçə  şəhərin ən uzun və abad  küçələrindən biridir. Sumqayıtda ilk abadlıq- quruculuq və yaşıllaşdırma işlərinin də elə bu küçədən  başlandığını desək heç yanılmarıq. Küçənin həm yol kənarı, həm  də küçənin ortası ilə keçən yaşıllıq sahəsinin ətrafındakı köhnə və yöndəmsiz bordyurlar yeni və bahalı materiallardan hazırlanmış səki daşları ilə əvəz olunmuş, asfalt örtüyü yenilənmiş, piyada yollarına möhkəm materiallardan hazırlanmış metlax örtüklər vurulmuşdur. Yolun hər iki tərəfində bitən qarağac ağacları budanmış, onların ətrafında cavan ağaclar əkilmiş, qazon sahələri salınmışdır. Bu gün Sumqayıtın bütün  park və xiyabanlarında, səki və yol kənarlarında bu işlər aparılır və yaşıllıqlar genişləndirilir. Sülh küçəsinin H.Əliyev prospekti ilə kəsişdiyi yerdə və burada yerləşən ulu öndərimizin abidəsi ətrafındakı ərazidə, ümumşəhər estetikasına xələl gətirən, zövqsüz köşk və iaşə obyektləri sökülərək yığışdırılmış, abidənin ətrafında xeyli yenidənqurma işləri aparılmış, müasir işıqlandırma sistemi qurulmuş və yaşıllıq zolağı salınmışdır. Burada yerləşən bütün beşmərtəbəli binaların fasadları ən müasir üslubda yenidən qurulmuşdur.

Ən iri həcimli işlərdən biri də sumqayıtlıların iftixarı olan “ Nəsimi “ adına dənizkənarı  istirahət parkında aparılır. Parkın sahəsi çox böyük olduğundan burada işlərin mərhələ – mərhələ aparılması qərara alınıb. Ancaq bir çox işlər artıq başa çatdırılıb. Məsələn, parkın Nəsimi abidəsinin olduğu yerdə yenidənqurma işlərinin bir hissəsi yekunlaşıb. Belə ki, 2005- ci ildə parkda xalqımızın böyük şairi İmadəddin Nəsimiyə abidə qoyulmuşdur. Lakin nəfis hazırlanan heykəlin postamenti kiçik olduğundan burada memarlıq qaydalarına uyğun gəlməyən disproporsiya elementləri yer almış, abidə gözəgəlimlilik və möhtəşəmlilik funksiyalarını itirmişdi. Bütün bu problemləri nəzərə alıb, şəhər rəhbərliyi tərəfindən abidənin yerinin dəyişdirilməsinə qərar verildi və abidə qısa zamanda köhnə yeri ilə tam üzbəüz nöqtəyə, yəni Azadlıq küçəsinin S.Vurğun küçəsi ilə birləşdiyi yerdəki dairədə quraşdırılan üç metirlik postamentin üzərinə köçürüldü. Abidənin ətrafındakı  sahəyə qranit bordyurlar düzüldü və buranın landşaftı tamamilə yeniləndi. Bu gün buradan həm piyada, həm avtomobildə keçən şəhər sakinləri və qonaqlar təkrarsız söz ustadı Nəsiminin adına layiq möhtəşəm abidəni seyr edə bilirlər. Abidənin ətrafında yerləşən binalarda da yenidənqurma tədbirləri həyata keçirilmişdir. Bu binalar gözəl memari fasad daşları ilə işlənmiş, dam hissəsinə monsard əlavə olunmuşdur. Parkın giriş hissəsindən başlayaraq ta dəniz sahilinə qədər uzanan və şaxə cığırlarda yerə vurulmuş köhnə sınıq- salxaq daş örtükləri sökülmüşdür. Həmin sahə başdan- başa betonlaşdırıldıqdan sonra, burada mərmər və daş üzlüklərin vurulması prosesi yekunlaşmışdır. Nəsimi parkının  dənizə düşən pilləkənlərinin orta hissəsində şəlalə tipli fəvvarə inşa edilmişdir. Tezliklə dənizə yaxın hissədə iri musiqili fəvvarənin tikintisinə başlanacağı da söylənilir. Ətrafdakı  landşaftda da gözəl dəyişiliklər edilmiş, dekorativ bitkilər əkilmiş, qazonlar salınmış, insanların normal istirahəti üçün çoxlu skamyalar qoyulmuş, təmizlik nümunəsi olan tullantı qutuları qoyulmuşdur.

Yeri gəlmişkən, Nəsimi parkının lap yaxınlığında yerləşən Sumqayıt şəhər İcra Hakimiyyətinin inzibati binasında da yenidənqurma işləri artıq yekunlaşmış, binanın əzəməti və gözəlliyi daha da artmışdır. İnzibati bina ilə S. Vurğun adına mədəniyyət sarayının arasında möhtəşəm “Bayraq meydanı” salınmışdır ki, hazırda Sumqayıtın demək olar hər yerindən əzəmətlə  dalğalanan üçrəngli bayrağımız görsənir. Böyük bayram tədbirləri artıq bu meydanda keçirilir.

Uzun illər təmirsiz qalan Sumqayıtin Cümə məscidində də yenidənqurma işləri aparılıb. Yeni layihə üzrə məscidin fasadı tam bərpa olunub və ən əsası burada heç vaxt olmayan Azan minarəsi inşa edilib.

Ulu öndərimizin adını daşıyan, Sumqayıtın “Heydər parkı” nda da iri həcimli abadlıq, tikinti, yaşillaşdırma tədbirləri həyata keçirilib. Bu park üçün də ən qabaqcıl düşüncəli, kreativ bir proje seçilmişdir. Parkın giriş qapısı özü qeyri- adi konfiqurasiyası ilə fərqlənən gözəl  bir memarlıq layihəsidir. Hesab edirəm ki, məhz belə orijinal, avanqard yanaşma  üsulu bu parkın memarlığını təkcə ölkəmizdə deyil, dünyada məşhur edəcək. Burada qranit və mərmərin ən bahalı növlərindən hazırlanan, biri musiqili olmaqla, çox müasir formalı üç  fəvvarənin tikintisi planlaşdırılır ki, onlardan biri artıq hazırdır. Hal-hazırda bu istirahət ocağında 500 kvadratmetrlik sahəsi olan möhtəşəm “H.Əliyev mərkəzi” inşa edilir. Parkda gələcəyimiz olan uşaqların da maraqlı istirahəti üçün şərait yaratmaq unudulmayıb və uşaq əyləncə meydançası fəaliyyət göstərəcək. Parkın görünən yerində gözəl formalı saat quraşdırılıb. Yeri gəlmişkən bu saatda üzlük kimi mərmərin xüsusi növü olan travertindən istifadə olunub.

Günü- gündən böyüyən şəhərimizin məişət sularının təmizlənməsi, kanalizasiya, su, qaz, elektrik və telefon xətlərinin yenidən qurulması problemləri də sakinlərin gözü qarşısında, sürətlə öz həllini tapmaqdadır. Şəhərimizin 6- cı mikrorayon ərazisində tikilməkdə olan nəhəng təmizləyici qurğu özü də sakinlərimiz üçün böyük töhvədir.

Sumqayıt şəhərində sürətlə gedən quruculuq- abadlıq işlərinin fonunda        şəhərimizdə fəaliyyət göstərən hər bir müəssisə kimi, özünün 50 illik yubileyini keçirməyə hazırlaşan Sumqayıt Dövlət Universitetində də abadlıq işləri yüksək səviyyədə həyata keçirilir və şəhərin ümumi inkişaf tempindən geri qalmamağa çalışılır. Son tədris illərində ali məktəbin binasının yerləşdiyi ərazinin perimetri boyunca yaraşıqlı hasar və “Giriş qapısı” inşa edilib, həyət zövqlə metlaxlanıb, çoxlu skamyalar qoyulub, yaşıllıq sahəsi daha da artırılıb. Paralell olaraq Universitetin daxilində də xeyli səliqə- səhman işləri aparılmış, kafedralar, auditoriyalar, laboratoriyalar, idman və akt zalları, dəhlizlər yaxşıca təmir edilmişdir.

Bəli, bu gün Sumqayıtda hamısını sadalamaqla qutarmaq mümkün olmayan iri miqyaslı abadlıq-quruculuq işləri gedir, şəhərimiz  sürətlə yeniləşir, müasirləşir və ölkəmizin ən gəzməli- görməli yerinə çevrilir. Görülən işlərin mahiyyət  və kəmiyyəti o qədər böyükdür ki, bunların hamsını sadalamaqla qurtarmaq və bir məqaləyə yerləşdirmək çox çətindir. Ona görə də, bir sumqayıtlı kimi, bu alqışlanmalı işlərə görə şəhər rəhbərliyi başda olmaqla bütün qurub-yaradan insanlara minnətdarlıq etməyi öz mənəvi borcum hesab edir və düşünürəm ki, bu bütün sumqayıtlıların ürəyindən gələn səsdir.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər