Avstriyanın Lints şəhərində səfərdə olan Sumqayıt şəhərinin nümayəndə heyəti bir sıra mədəniyyət tədbirlərində iştirak etmişdir.
Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Sentyabr ayının 5-də Lintsdə Avropanın mədəniyyət paytaxtı proqramı çərçivəsində mühüm tədbirlər təşkil olunmuşdur. Bu şəhərdə səfərdə olan Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə yaşayış binalarının üzərində və açıq havada quraşdırılmış attraksiona baxış keçirmiş, burada şəhər həyatının müxtəlif elementlərinin qeyri-adi tərzdə istifadəsinə həsr olunmuş müasir incəsənət nümunələri ilə tanış olmuşdur.
Son 30 ildə Lints şəhərinin rəmzi hesab olunan, gənclər və yeniyetmələr üçün mühəndislik, kompüter elmi və incəsənətin vəhdətindən ibarət təcrübə laboratoriyası rolunu oynayan “ARS Elektronika” muzeyi müasir mədəniyyət nümunələri ilə tanışlıq baxımından xüsusilə maraq kəsb etmişdir. Burada nümayəndə heyətinə üçölçülü təqdimatlar, gənclərin birgə əməyi ilə ərsəyə gəlmiş müasir kompüter və mühəndis qurğuları, həmçinin adi insanın stasionar şəkildə bütün funksiyalarını icra edə bilən robotlar nümayiş etdirilmişdir.
Lints meriyası adından verilən işçi naharda şəhərin məsul şəxsləri ilə qarşılıqlı əlaqələr müzakirə edilmiş, daha sonra meriyanın yeni binasına baxış keçirilmişdir.
Günün sonunda isə mədəniyyət ilinin əsas tədbiri – “Səslərin buludu” adlı işıq və musiqi effektlərinin müşayiət etdiyi Dunay çayının sahilində açıq havada möhtəşəm qala konsert təşkil edilmişdir.
Dünyanın müxtəlif ölkələrindən gəlmiş və ümumilikdə 100 000-dən artıq şəxsin iştirak etdiyi tədbirdə Lints meri F.Dobuş Sumqayıt şəhərinin nümayəndə heyətini fəxri qonaq qismində salamlamışdır.
Sentyabr ayının 6-da isə nümayəndə heyəti Vyanada Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində olmuş, Azərbaycan Respublikasının Avstriya Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Fuad İsmayılovla görüşmüşdür. Görüş zamanı V.Əliyev Sumqayıt və Lints şəhərləri arasında əlaqələrdəki dəstəyinə görə F. İsmayılova təşəkkür etmiş, səfir isə ölkələrarası əlaqələrdə regional əməkdaşlığın vacibliyini vurğulamışdır. Görüşün sonunda F.İsmayılova və səfirliyin əməkdaşlarına xatirə hədiyyələri və Sumqayıt haqqında kitablar təqdim edilmişdir.
Bununla da, nümayəndə heyətinin Avropanın mədəniyyət paytaxtı Lintsə rəsmi səfəri uğurla başa çatmışdır.