Manatın devalvasiyasından sonra narahatlıqların artmasını müşahidə etdik. İkinci devalvasiya cəmiyyət üçün şok effekti verdi və bu, reaksiya gözlənilən, təbii proses idi. Ancaq ölkə iqtisadiyyatı da özünümüdafiə, ixrac potensialının realizəsi üçün bu məzənnə dəyişikliyinə getmək məcburiyyətində idi.
Ümummiyyətlə, yaranmış vəziyyət necə qiymətləndirilə bilər, manata qarşı inamsızlığın aradan qaldırılması, hazırkı şəraitdən minimal itkilərlə çıxmaq üçün nələr etmək lazımdır? Bu məsələləri şəhərimizi Milli Məclisdə təmsil edən millət vəkilləri – “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev və iqtisad elmləri namizədi Tahir Mirkişili ilə müzakirə etmişik.
“Dövlətin anti-böhran proqramı ilə tanışsınızmı və bu proqramın əsas komponentləri, istiqamətləri nələrdən ibarətdir?” sualına millət vəkili Muxtar Babayev cavab verərək bildirdi ki, dövlət yaranmış vəziyyətə çox çevik reaksiya verib: “Dövlət çox çevik və geniş bir proqramın hazırlanmasına start veribdir və yanvarın 18-də, Milli Məclisin ilk iclasında müzakirəyə artıq 7 sənəd çıxarılmışdı. Bu sənədlər ətraflı müzakirə olundu – ola bilsin ki, biz qısa zamanda, tutaq ki, 2-3 aya bu qanun layihələrinin təsirlərini hiss etməyək, ancaq orta və uzunmüddətli perspektivdə bu sənədlər ölkəmiz üçün olduqca əhəmiyyətli olacaq. Sənədlər ölkə iqtisadiyyatının şaxələndirilməsi, şəffaflaşdırılması yönündə addımları özündə ehtiva edir. Ancaq qısa zaman üçün də tədbirlər hazırlanır, xüsusilə iqtisadiyyatın baza sistemi olan – maliyyə sistemi ilə bağlı tədbirlər nəzərdə tutulur. Məqsəd maliyyə sisteminin dayanıqlığını təmin etməkdir. İnanıram ki, ölkəmizin əldə etdiyi inkişaf tempini saxlamaq üçün bütün strukturlar bu işlərdə öz töhvəsini verəcək və biz mürəkkəb, ancaq ola bilsin ki, yeni imkanlar yaradan, daha güclü olmaq üçün şans verən bu dövrü geridə qoyacağıq.”
Millət vəkili Tahir Mirkişili isə qeyd etdi ki, ölkədə manatın məzənnəsinin düşməsi ilə əlaqədar olaraq yaranmış iqtisadi çətinliklər vardır: “Bu iqtisadi çətinliklər həm daxili, həm də xarici faktorlarla bağlıdır. Ancaq bu gün hökumətin qarşısında duran iki mühüm vəzifə var. Birincisi, iqtisadi aktivliyin artırılması, ikincisi, manata olan inamın qaytarılmasıdır. Muxtar müəllimin az öncə söylədiyi, cənab Prezidenin təşəbbüsü ilə parlamentə daxil olmuş 7 qanun layihəsi – biz buna radikal layihələr kimi də qəbul edirik, – əslində o qanun layihələrinin mahiyyətinə baxsaq, eləcə də dövlətin gördüyü tədbirləri təhlil etsəniz, dediyimiz iki istiqaməti görəcəyik. Məqsəd sahibkarlara maksimum azadlığın verilməsi, xarici investisiyanın ölkəyə gəlməsi, yerli istehsalın artması, eyni zamanda manata inamın bərpa olunmasıdır. Manatın devalvasiyası qaçılmaz idi, çünki Azərbaycan iqtisadiyyatı dünyada baş verən proseslərdən təsirlənməyə bilməz, bizim partnyorlarımız var, dünya ölkələri ilə ticarət əlaqələrimiz var, idxalımız, ixracımız var. Biz neft, qaz ixrac edir, öhdəliklərimiz var, valyuta münasibətlərimiz var, odur ki, dünyada baş verən konyuktor dəyişikliklər mütləq bizə də təsir edir. Bu gün Azərbaycanda atılan addımların demək olar ki, heç biri digər postsovet ölkələrində atılmır. Hökumətimizin addımları kifayət qədər sürətlidir, cənab Prezidentin təşəbbüsü ilə başlanmış bütün bu layihələr, addımlar iqtisadiyyatımızın sağlamlaşdırılmasına, çətinliklərin aradan qaldırılmasına yönəlib. Bu, virus kimi bir şeydir – bəlkə də bunun qarşısını qısa zamanda almaq mümkündür, ancaq aldığınız zaman bir müddət sonra başqa bir forması ilə üzləşəcəksiniz. Bu gün əsas məsələ uzunmüddətli həllə nail olmaqdır”.
Hazırkı vəziyyətdə Sumqayıt da ölkə iqtisadiyyatına töhvə verə bilər. Millət vəkilləri hesab edir ki, şəhərimizin bu yöndə potensialı böyükdür.
Tahir Mirkişili deyir ki, ilk növbədə idxalı yerli istesalatla əvəz edərək, ölkədən valyuta çıxışının qarşısını almaq prioritetdir. Digər bir tərəfdən isə ixracın stimullaşdırılması, ölkəyə valyuta axını təmin etmək vacib məsələdir. Əksər istehsalat sahələrinin ölkə daxildəki valyuta komponentləri yüksəkdir. Bir müddət öndə Muxta müəllimin də söylədiyi kimi, dərman preparatlarının bir çoxunu biz xaricdən alırıq, bu, o deməkdir ki. ölkədə böyük həcmdə valyuta çıxır. Bəli, bu gün Sumqayıt şəhərində, Kimya parkındakı sənaye sahələrində dərman preparatlarının istehsalı mümkündür. Ölkəmizdə dərman istehsalının olmaması böyük imkanların itirilməsidir, bunun üçün bütün şəraitlər də var, istehsalçı 7 il vergidən azaddır, bazar da var, dövlətin dəstəyi də var. O ki qaldı İKT-yə, hesab edirəm ki, bu sahədə də xaricə xeyli vəsait çıxır. Əksər texnoloji avadanlıqlar, onların proqram təminatı, hansı ki, onların qiyməti böyük rəqəmlərlə ifadə olunur, – onlar xaricdən idxal olunur. Bu sahədə həm bazar var, həm mütəxəssislər mövcuddur, həm də şarait var ki, bu əhsullar ölkədə istehsalat qurulsun.
İxracın stimullaşdırılması, sürətləndirilməsi üçün Dövlət İxrac Şirkətinin yaradılmasının nə qədər effektiv ola biləcəyinə gəldikdə isə millət vəkili Tahir Mirkişili hesab edir ki, ölkə iqtisadiyyatının liberallaşma meyillərinin gücləndiyi hazırkı dönəmdə buna ehtiyac yoxdur:
“Mən ümumiyyətlə bir iqtisadçı kimi liberal iqtisadiyyatın tərəfdarıyam. Biz dövlətin daim iqtisadi fəaliyyətinin kifayət qədər aktiv olduğu sovetlər dövründə yaşadıq və gördük. Yəni, bu gün iqtisadiyyat kifayət qədər rəqabətqabliyyətli olmalıdır. İqtisadiyyatın inkişafı üçün dövlətin tənzimləmə funksiyaları olmalıdır, amma müdaxiləsi minimum olmalıdır. Burda ən çox qarşımızda duran məsələ sahibkarlara kifayət qədər azad şəraitin yaradılmasıdır.
Bu istiqamətdə kifayət qədər işlər görülüb. Məsələn keçən həftə cənab prezidentin imzaladığı sərəncamlar görülən işlərin davam idi.
İxrac olduğu zaman ƏDV-nin geri qaytarılması mexanizmlərinin təkmilləşdirilməsi – kifayət qədər dünya təcrübəsində tətbiq olunan mütərəqqi bir haldır ki, idxal zamanı verdiyiniz vergi və rüsumları ixrac zamanı geri alırsınız. Bu olmadığı zaman sizin ixrac etdiyiniz mallar rəqabətqabliyyətli olmur. Ona görə mən hesab edirəm ki, bu məsələlər, eyni zamanda verilən tapşırıqlar, xaricdə logistika zonalarının yaradılması, nümayəndəliklərin yaradılması, Azərbaycan brendlərinin daha aktiv pr olunması, marketinq fəaliyyətinin genişləndirilməsi, lobbiçilik fəaliyyəti, bizim səfirliklərin hətta bu işə qoşulması çox böyük effekt verər. Məsələn, biz Azərbaycanda görürük, xarici ölkələrin səfirlikləri məhz həmin ölkələrin məhsullarının ixracı üçün lobbiçiliklə məşğuldurlar. Gəlirlər, maraqlarını təmin edirlər və yaxud da danışıqlar aparırlar, dövlət onların arxasında durur. Mən bu tədbirlərin daha çox tərəfdarıyam, nəinki dövlətin daha çox iqtisadiyyata müdaxilə etməsinin”.
Millət vəkili Muxtar Babayev də ixracın dövlət şirkəti tərəfindən tənzimlənməsini məqbul hesab etmir: “ Hazırda dövlətin ixrac yönümlü şirkətlərinin yaradılmasının tərəfdarı deyiləm, amma biznesin tənzimlənməsində indiki zamanda dövlətin dəstəyi çox vacibdir. Mən burda hansısa requlyativ, hansısa yeni qaydaların sərtləşməsindən yox, dəstək formasında müdaxiləni zəruri hesab edirəm və bu da var. Kənd təsərrüfatının inkişafı üçün biz bunu ciddi şəkildə hiss edirik. Ölkənin 80 faizi kənd təsərrüfatı ilə məşğul olan rayonlardır. Sənaye komplekslərinin çoxu Abşeron yarımadasındadır. Amma kənd təsərrüfatı üçün, kənd təsərrüfatına bağlı digər müxtəlif komponetləri, gübrələrin istehsalı, və.s bunların hamısı Azərbaycanda istehsal etmək mümkündür və Sumqayıt da bunun üçün baza ola bilər. Kimya sənaye parkı bunun üçün böyük bir baza ola bilər. Amma sizə deyim ki, bizim ənənəvi ixrac məhsullarımızın xüsusən də kənd təsərrüfatı və onunla bağlı olan sahələrin inkişafına yaxın aylarda, yaxın illərdə çox böyük önəm vermək lazımdır. Bunun nəticəsinə daha tez yüksək nəticələrə nail olmaq mümkündür. Ona görə ki, çox mürəkkəb texnoloji prosesin təşkili burda o qədər də vacib deyil. Kənd təsərrüfatı, qida sənayesi üçün lazım olan komponentlərin Azərbaycanda hazırlanması, istehsalı üçün hesab edirəm ki, bizdə bu şərait var.
Tahir Mirkişili isə mövzunu davam etdirərək bildirdi ki, dövlət tərəfindən qəbul edilən qərarlar inzibati yox, iqtisadi qərarlardır. Sitat: “Dövlətin ümumiyyətlə fundamental funksiyaları və öhdəlikləri var. Buna fundamental funksiyalar deyirlər. Bunlar nədir? İnfrastrukturun yaranması, optik xətlərin çəkilməsi, enerjinin hər yerdə olması, siz görürsünüz ki, sənayenin içində infrastrukturu dövlət yaradır və elan edir ki, gəlin fəaliyyət göstərin. Nəhayət, maliyyə mənbələrinə çıxışın təmin olunması. Əslində, bu fundamental funksiyaları tamamilə yerinə yetirdikdə ondan sonra qalan bütün iş yalnız və yalnız iqtisadi məsələlərdir. Əslində, verilən son qərarlara baxsanız, misal üçün çörəyin qiymətinin tənzimlənməsi ilə bağlı verilən qərar tamamilə iqtisadi qərardır. İnzibati qərar deyildir. Bu dövlətin fundamental funskiyalarından biridir. Yəni, dövlət başqa qərar da verə bilərdi. Qərar verə bilərdi ki, Azərcaycanda çörəyin qiyməti 30 qəpik olsun. Amma verilən qərar ki, fundamental, iqtisadi formada, müəyyən vergi tənzimləmələri ilə, maliyyə tənzimləmələri ilə, maliyyə dəstəkləri ilə və s. bazarı tənzimləməyə yönəlib. Bu qərarların hamısı bu istiqamətdədir. Mən də hesab edirəm ki, yaxın zamanlarda Aəzrbaycan iqtisadiyyatı qeyri-neft sektoru iqtisadiyyatını 60-70 faizə çatdırmalıdır. Məsələn, keçən il qeyri-neft sektorunda 8,4 faiz artım olub. Bütün bunlar bizə əminlik verir ki, Azərbaycan iqtisadiyyatı bundan sonra da kifayət qədər inkişaf edəcək.
“Bu situasiyada vətəndaş və sahibkar necə davranmalıdır?” sualına isə millət vəkilləri belə cavab verib:
Muxtar Babayev:
– Bir az təmkinli olmaq lazımdır. Son 10-15 il ərzində öyrəşmişik ki, manatın məzənnəsi digər valyutalarla müqayisədə çox möhkəmdir, çox güclüdür. Sözsüz ki, bu psixioloji bir amildir. Bu durumun insanlara psixoloji təsiri oldu. Mən hesab edirəm ki, bu şok artıq keçməyə başlayıb.
Bəzi rayonlarda insanların narahatlığını gördük. Dövlətin çox çevik və bu məsələdə kəskin addımları bu məsələlərin daha aydın olması, cənab prezidentin çıxışları, vəziyyətin izah olunması ona gətirib çıxartdı ki, vəziyyət nisbətən sakitləşdi. İnsanlar gördü ki, bu, bir prosesdir və biz bu prosesi keçməliyik. Bu, bir iqtisadi çətinlikdir, hansı ki, bizim ölkəmiz keçəcəkdir. Və keçəndən sonra daha da güclü olacaqdır. Vəziyyətdən çıxış üçün bu ay müəyyən adımlar atılıb, hesab edirəm ki, gələcəkdə də müəyyən addımların atılmasının şahidi olacağıq.
Tahir Mirkişili:
Əslində, təbii ki, yaranan vəziyyət müəyyən çətinliklər yaradır. Həm istehlakçılarda, həm də sahibkarlarda. Bu gün bütün iqtisadi proseslərin üç tərəfi vardır. Alıcı, satıcı və dövlət. Dövlət bu gün həm alıcıların, həm də satıcıların bu vəziyyətdən daha az çətinliklə keçməsi üçün bütün imkanları səfərbər edib. Sosial məsələlərlə bağlı, maaşların artırılması, sahibkarlara yönəlik atılan addımlar və s. bu qəbildən olan tədbirlərdir. Amma dünya təcrübəsi göstərir ki, bu işlər həm də alıcı və satıcıların üzərinə müəyyən məsuliyyət qoyur. Yəni, burda hər şey tək dövlətdən asılı deyil. Alıcı da müəyyən qədər qənaət rejiminə keçməlidir, satıcı daha çox sosial məsuliyyət hiss etməlidir, bazarı qorumaq üçün. Ona görə mən də hər kəsi çağırıram ki, təmkinli olsunlar, bir-birinə daha çox kömək etsinlər, sosial məsuliyyəti daha çox önə çəkməklə hesab edirəm ki, vəziyyətdən çıxmaq mümkündür.
Hazırladı: Vüsal MƏMMƏDOV, Eyvaz QOCAYEV