Oktyabrın 13-də Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edən şəhər sakini olan 3 nəfər bu ilin sentyabr ayında həmyerliləri Cəmaləddin adlı şəxs tərəfindən aldadılaraq ümumilikdə 15.700 manat pullarının alındığını bildiriblər.
Bu barədə “Report”a DİN mətbuat xidmətindən məlumat verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalarla həmin şəxsin Sumqayıt şəhər sakini Cəmaləddin Məhərrəmov olduğu və onun cari ilin iyun ayından oktyabr ayının 5-dək olan müddətdə şəhər sakini olan daha 4 nəfəri aldadaraq ümumilikdə 18.600 manat pullarını aldığı da məyyən edilib.
C.Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.