“Ürək tutması”ndan dünyasını dəyişən vətəndaşın köynəyinə qan ləkələri hardan düşüb?
Sumqayıt Polis Idarəsinin 3-cü polis bölməsində müəmmalı ölüm baş verib. 1964-cü il təvəllüdlü, Zəngilan rayonundan məcburi köçkün olan Xudiyev Ataş Islam oğlu bölmədə dünyasını dəyişib. Bu barədə “Azadlıq”a Ataş Xudiyevin qohumları məlumat verib. Onların sözlərinə görə, hadisə iyunun 26-sı gecə saatlarında baş verib.Məlumat redaksiyamıza daxil olan kimi Sumqayıta yollandıq. Biz ora çatanda bəlli oldu ki, artıq mərhum morqdan çıxarılıb, Sumqayıt “Cümə” məscidinə aparılıb.
Məscidin həyətində mərhumun qardaşı Nurəddin Xudiyevlə söhbətimizdə aydın oldu ki, onlar Ataş Xudiyevin ümumiyyyətlə nə üçün bölməyə aparıldığından xəbərsiz olublar: “Qardaşım 17-ci mikrorayonda fəaliyyət göstərən bir mağazanın keşikçisi olub. Gecə də işə gedib. Polislər bizə deyir ki, guya o taksiyə minərək şəhəri gəzib. Taksi sürücüsü Post Patrul Xidmətinə yaxınlaşaraq deyib ki, bu adamın dediyi ünvanı tapa bilmirəm, həmçinin şikayət edib ki, guya Ataş onun pulunu vermir. Bundan sonra qardaşım bölməyə aparılıb. Bölmədə ürəyi tutub, polislər təcili yardım çağırıblar. Təcili yardım gələnə qədər qardaşım keçinib. Bunu polislər belə deyir. Lakin biz deyilənlərə inanmırıq”.
Nurəddin Xudiyev qardaşının bölmədə döyülərək öldürülməsindən şübhələnir. O, şübhəsini belə əsaslandırır: “Onun köynəyində qan ləkələri var. Xüsusilə köynəyinin yaxalığı qan içindədir. Əgər onun ürəyi tutubsa, bu qan ləkələri nədir? Digər tərəfdən nə üçün biz gec xəbər veriblər? Təsəvvür edin, qardaşım morqa aparılıb, orada meyit yarılıb, bütün işlər görülüb qurtarandan sonra bizə zəng vurublar ki, gəlin ölünüzü aparın. Bütün bunlar bizdə şübhə yaradır ki, qardaşımı öldürüblər. Meyitin bel hissəsində qara zolaq var. Ayrı xəsarət yoxdur. Amma məsələ burasındadır ki, qardaşım bir dəfə ürəyindən əməliyyat olunub. Ola bilər, birgə zərbə kifayət edib ki, o dünyasını dəyişsin. Hər halda biz bu işi belə qoymaq istəmirik. Tələb edəcəyik ki, məsələ ciddi şəkildə araşdırılsın”.
Ataş Xudiyevin öldürüldüyü versiyasını mərhumun digər qohumları da bölüşür. Elə bu baxımdan onlar meyitin yenidən ekspertiza olunmasını tələb ediblər.
“Daxili Işlər Nazirliyinə müraciət etmişik, ekspertiza tələb etmişik. Deyiblər ki, göndərəcəyik. Indi onları gözləyirik, meyiti hələ dəfn etmək istəmirik”,- deyir Nurəddin Xudiyev.
Mərhumun yaxınları polislərə istinadən onu da bildirdilər ki, iş Sumqayıt prokurorluğu tərəfindən araşdırılır: “Bizə belə deyirlər. Amma hələ prokurorluqdan bura bir kimsə gəlməyib”.
Ataş Xudiyevin yaxınları təxminən 1 saat prokurorluq və ekspertizadan nümayəndə gözləsələr də, heç kim gəlmədi. Bir qədər məsləhətləşmədən sonra qərara alındı ki, meyit dəfn olunsun. Amma işlə bağlı bütün müvafiq orqanlara müraciət edilsin. Nurəddin Xudiyev də bizə bildirdi ki, başqa çıxış yolu yoxdur: “Biz meyiti saatlarla məsciddə saxlaya bilmərik. Əlacımız yoxdur, dəfn etməliyik. Amma hər yerə müraciət edəcəyik ki, bu məsələ araşdırılsın. Kimsə bu işdə günahkardırsa cəzalandırılsın”.
Məsələ ilə bağlı DIN-lə də əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə dedi ki, araşdırlamalardan sonra məsələyə münasibət bildiriləcək.
Vidadi, “Azadlıq” qəzeti