Sumqayıt QHT-ləri yeni layihələrini təqdim etdilər

1058

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2011-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan etdiyi birinci maliyyə yardımı müsabiqəsinin qalibləri arasında bir neçə Sumqayıtda fəaliyyət göstərən bir neçə qeyri-hökumət təşkilatı da vardır. Aprelin 13-də Potensial Sumqayıt Mütəxəssislər Birliyinin ofisində bu təşkilatlar yeni layihələrini təqdim etdilər. Tədbirdə Sumqayıt şəhərinin qeyri hökumət təşkilatları və media nümayəndələri iştirak edirdi.

Tədbirdə iştirak edən Potensial SMB-nin sədri Sahib Fərzəliyev müsabiqə çərçivəsində təşkilatın “Sumqayıt şəhərində və ətraf qəsəbələrdə məskunlaşan məcburi köçkün yeniyetmə və gənclərinin peşəyönümü, fərdi inkişaf və karyera qurmaq bacarıqlarını artırmaq üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” mövzusunda layihəsinin dəstəkləndiyini qeyd etdi. O, layihə barədə ətraflı məlumat verərək qeyd etdi ki, Şura tərəfindən dəstəklənən layihənin əsas məqsədi Sumqayıt və ətarf qəsəbələrdə məskunlaşan Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarından olan məcburi köçkün yeniyetmələrin və gənclərin peşəyönümü və peşə hazırlığı üzrə bilgilərini artırmaq, onları effektiv iş axtarışı vasitələri və üsulları, iş yerlərinə müraciət və özünu təqdim etmə qaydaları, komanda şəklində işləmək bacarıqları və işgüzarlıq qabiliyyətlərinin aşılanması və s. mövzularda maarifləndirməklə onların işlə təmin olunmaq, gələcək karyeralarını qurmaq və beləliklə də, məcburi köçkün gənclərin məşğulluqlarının təmin olunmasına yardımçı olmaqdır. Bu məqsədə nail olmaq üçün Sumqayıtda yerləşən Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarının məcburi köçkün məktəblərinin yuxarı sinif şagirdlərinə düzgün peşə seçimi və gələcəkdə ehtiyac duyulacaq əsas peşələrlə bağlı 3 saatlıq təlimlər, həmçinin ali və orta ixtisas təhsili olan gənclərə effektiv iş axtarışı vasitələri və üsulları, iş yerlərinə müraciət və özünu təqdim etmə qaydaları, komanda şəklində işləmək bacarıqları və işgüzarlıq qabiliyyətlərinin aşılanması və s. mövzularını əhatə edən təlim modulu əsasında bir günlük interaktiv təlimlər təşkil etmək və bu bu mövzuda daha çox gəncin bilgilənməsinə kömək edə biləcək bir kitabın çap edilib məcburi köçkün gənclər arasında yayılması nəzərdə tutulmuşdur.

“Avand” Humanitar Yardım Təşkilatının sədri Yusif Hüsiyev təşkilatın “Sumqayıtda yerləşən məcburi köçkün məktəblərində Ailə qanunvericiliyi ilə bağlı maarifləndirmə işinin aparılması” mövzusunda layihəsinin Şura tərəfindən dəstəkləndiyini bildirərək qeyd erdi ki, bu layihənin əsas məqsədinin Ailə qanunvericiliyi və qadın hüquqlarının daha səmərəli qorunmasına xidmət edən qanunvericilik aktları barədə məcburi köçkünlər arasında hüquqi maarifləndirmə tədbirlləri həyata keçirməklə onların hüquqi bilgilərinin və məlumatlılığının artmasına nail olmaq və beləliklə də, məcburi köçkün qadınlara qarşı zorakılıq və ayrı seçkilik hallarının, xüsusilə də ailədaxili zorakılıq hallarının aradan qaldırılmasına nail olmaqdır. Bu məqsədə nail olmaq üçün məcburi köçkün təhsil müəssisələrində qeyd edilən mövzularda təlimlər təşkil etmək, Ailə qanunvericiliyinin əsas mahiyyəti və prinsipləri, xüsusilə Nikah müqaviləsinin mahiyyəti və əhəmiyyəti barədə bukletlər hazırlayıb yaymaq, eləcə də, Sumqayıtın yerli Dünya Telekanalında bu mövzuda tok-şou təşkil etmək əsas vəzifə kimi qarşıya qoyulmuşdur.

Demokratik Gənclər Birliyinin sədri Ramil Süleymanlı çıxışında qeyd etdi ki, təşkilatın  “Sumqayıt gənclərinin İnternet resurslarından səmərəli istifadə etməklə karyera imkanlarının artırılması” layihəsi dəstəklənib. Bu layihənin əsas məqsədi əsas məqsədi Sumqayıt gənclərinə İnternet texnologiyaları vasitəsi ilə iş axtarılması və CV hazırlanması üçün lazımi bilik və vərdişlərin aşılanmasıdır. Layihə 4 ay ərzində həyata keçiriləcək və 240 nəfər gənci əhatə edəcək. Layihənin nəticəsi olaraq Sumqayıt gənclərinin İnternet texnologiyaları vasitəsi ilə iş axtarılması və CV hazırlanması üçün lazımi bilik və vərdişləri qazanacaqlar. Bu yolla gənclər şəxsi iş axtarma strategiyasının qurulması, şəxsi peşəkarlığın və arzu olunan karyeranın inkişaf etdirilməsi üçün zəruri olan bacarıqların obyektiv dəyərləndirilməsi, CV və niyyət məktubunun (cover letter) hazırlanması, həmçinin işə götürənə təqdim etmə qabiliyyətinə malik olacaqlar.

“Bizim şəhər” Sumqayıt Sosial inkişaf mərkəzi İB-nin sədri Mətanət Zeynalova çıxışında qeyd etdi ki, rəhbərlik etdiyi təşkilatın “Sumqayıt orta ümumtəhsil məktəblərində peşəyönümü işinin təşkili prosesinin dəstəklənməsi” layihəsi Şura tərəfindən maliyyələşdirilir. Layihənin məqsədi orta məktəblərdə şagirdlərin peşəyə meyl və maraqların artırılmasına, qabiliyyətlərinə, psixi və fiziki imkanlarına, həmçinin cəmiyyətin sosial-iqtisadi tələblərinə uyğun olaraq onların düzgün peşə seçiminə kömək etməkdir. Layihə çərçivəsində Sumqayıt şəhərinin 16 orta ümumtəhsil məktəblərinə yuxarı sinif şagirdləri üçün 16 təlim keçiriləcək, təlimlər haqqında dövri  mətbuatda məqalələr çap ediləcək. Layihənin nəticələri haqqında Sumqayıt Təhsil şöbəsində müzakirə aparılacaq. Layihənin icra müddəti 4 aydır.

Layihə rəhbərləri layihələrin icrası ilə bağlı tədbir iştirakçıların suallarını ətraflı cavablandırdılar. Sonda tədbirdə iştirak edən digər QHT və media əməkdaşları da yeni layihələrin icrasında qalib təşkilatlara uğurlar arzuladılar və bu layihələrin icrası prosesində layihə icraçılarına dəstək olacaqlarını qeyd etdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər