Sumqayıt Regional Mərkəzində Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat İdarəsi tərəfindən təsdiq olunmuş “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Sumqayıt Regional Mərkəzinin fəaliyyətinin təşkili” mövzusunda qərargah məşqi keçirilmişdir.
Əsas məqsədi fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə Sumqayıt Regional Mərkəzinin şəxsi heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsindən, bu sahədə zabit heyətinə düzgün qərar qəbul etmə bacarığının aşılanmasından ibarət olan qərargah məşqinə Sumqayıt Regional Mərkəzinin bütün rəhbər və şəxsi heyəti cəlb olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat İdarəsinin zabitləri – Əməliyyatların İdarəedilməsi və Planlaşdırılması İdarəsinin rəisi, polkovnik-leytenant Cavanşir Həşimov, Əməliyyat Təminatı İdarəsinin rəisi, mayor Ağaəli Hüseynov, kapitan İlqar İsmayılov, leytenantlar Namiq Abdullayev və Xəyal Ələsgərov tərəfindən reallaşdırılan qərargah məşqi iki mərhələdə həyata keçirilmişdir. Birinci mərhələdə baş vermiş fövqəladə hadisə barəsində şəxsi heyət xəbərdarlıq edilərək birgə fəaliyyət təşkil edilmiş, yaranmış vəziyyət qiymətləndirilmiş, müvafiq hesabatlar və görüləcək işlər barəsində təkliflər hazırlanmış, əsas idarəetmə məntəqəsi, rabitə və xəbərdarlıq sistemi hazır vəziyyətə gətirilmişdir. İkinci mərhələdə isə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zamanı Sumqayıt Regional Mərkəzində idarəetmənin, qarşılıqlı fəaliyyətin təşkili, cəlb ediləcək qüvvə və vasitələrin hesabatı dəqiqləşdirilmişdir.
Saat 9:30-da daxil olmuş məlumata əsasən şərti olaraq Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazidə güclü leysan yağışları yağması nəticəsində Sumqayıt və Xırdalan şəhərlərində, Xızı rayonunda kanalizasiya xətləri tutulmuş, şəhərlərin, rayonun çökək küçə və yollarını su basmış, bəzi yollar bağlanmış, rayon mərkəzlərindən kənd və qəsəbələrə avtomobillərin gediş – gəlişi çətinləşmiş, bir sıra kəndlərlə əlaqə kəsilmişdir. Məlumat daxil olduqdan sonra Mərkəzin şəxsi heyəti dərhal təxirəsalınmaz tədbirlərə başlamış, ərazidə yerləşən orqanların qüvvə və vasitələri hadisənin fəsadlarının aradan qaldırılması işinə cəlb olunmuşdur.
Saat 11:30-da daxil olmuş məlumata əsasən episentri Xızı rayonunun şimal-qərbində – şərti olaraq Dübrar dağı yaxınlığında 7,5 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələnin gücü Sumqayıt şəhərində 6,5 bal, Xırdalan şəhərində 6,0 bal, Xızı şəhərində 7,0 bal qeydə alınmışdır. İlkin məlumata görə, köhnə kərpic evlərdə dağıntılar olmuş, yanğınlar baş vermiş, ölən və yaralananlar vardır. Hadisə haqqında məlumat aldıqdan dərhal sonra Mərkəz tərəfindən zəlzələ zonasına qüvvələr göndərilmiş, nazirliyin və digər orqanların qüvvə və vasitələri hadisə ərazisinə cəlb olunmuşdur.
Saat 14:00-da şərti olaraq zəlzələnin təsirindən Sumqayıt şəhərində yerləşən Səthi aktiv maddələr zavodunda ətrafa 30 ton, Ceyranbatan su kəməri idarəsində 10 ton maye xlor dağılmışdır. Sumqayıt şəhər və Ceyranbatan qəsəbəsinin əhalisi arasında zəhərlənənlər və ölənlər vardır. Mərkəz bu hadisənin də fəsadlarının aradan qaldırılması işinə çevik reaksiya vermişdir.
Yekunda Mərkəzin idarə və şöbələrinin fəaliyyəti və çatışmazlıqlar haqqında ətraflı müzakirələr aparılmışdır.
FHN Sumqayıt Regional Mərkəzinin İctimaiyyətlə əlaqə və təbliğat sektoru