Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib

1747

Xızı rayon Heydər Əliyev Mərkəzində Xızı rayon İcra Hakimiyyəti və Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Xızı rayon nümayəndəliyinin birgə təşkilatçılığı, mədəniyyət müəssisələrinin iştirakı ilə Mikayıl Müşfiqin anadan olmasının 109 -illiyinə həsr olunmuş tədbir keçirilib. İlk olaraq Heydər Əliyevin büstü və Mikayıl Müşfiq muzeyində yerləşən M.Müşfiqin büstü önünə gül dəstələri düzülüb, xatirə şəkilləri çəkilib. Sonra Xızı rayon Heydər Əliyev Mərkəzində şairin həyatına və yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbirdə respublikanin əməkdar incəsənət xadimləri, yazıçılar, şairlər geniş çıxışlar ediblər. Tədbirdə kompozisiyalar səsləndirilib, Mikayıl Müşfiq şeirlərinə bəstələnmiş mahnılar ifa olunub. Bundan başqa Cabir Novruz Mədəniyyət Fondu tərəfindən Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Xızı rayon nümayəndəliyinin baş məsləhətçisi Möhsün Bağırov və M.Müşfiq muzey əməkdaşları fəxri fərmanlarla təltif olunublar. Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 18 iyun İnsan hüquqları müdafiəsi günü ilə əlaqədar N.Nərimanov rayonunda yerləşən 193 saylı tam orta məktəblə birlikdə tədbir keçirib. Tədbirdə Mərkəzi kitabxananın kollektivi və daimi oxucuları, 193 saylı məktəbin şagird və müəllim kollektivi və Nərimanov RPİ-nin YYÇ PİTB-nin əməkdaşı, polis mayoru Rüstəm Rüstəmov iştirak ediblər. Tədbirdə MKS-nin direktoru Məhruzə Cəfərova “Azərbaycanda İnsan hüquq və azadlıqlarının təmin edilməsi”, 193 saylı məktəbin direktoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Rahim Hüseynov “Təhsil hüququ”, məktəbin tarix müəllimi Kəmalə Mustafayeva “Respublikamızda ombudsman təsisatının yaradılması”, Nərimanov rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların işi üzrə bölmənin rəisi, polis mayoru Rüstəm Rüstəmov “Uşaq hüquqlarının qorunması dövlətimizin əsas vəzifəsidir” mövzusunda çıxış ediblər. Tədbirin sonunda “Siz hüquqlarınızı bilirsinizmi?” mövzusunda video-çarx və “İnsan hüquqlarının müdafiəsi” başlıqlı kitab sərgisi nümayiş olunub. Abşeron rayon Tarix Diyarşünaslıq muzeyində isə məktəblilərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə rəsm dərsi və “Bacarıqlı əllər” mövzusunda uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə Abşeron rayon ictimaiyyəti, orta məktəb şagirdləri, uşaq incəsənət və musiqi məktəbinin kollektivləri iştirak ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər